Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:44

Günel Mövlud. Hüllenbaycan


"Yaşlı qadının gəlişi"ndən bir səhnə, ANN.az
"Yaşlı qadının gəlişi"ndən bir səhnə, ANN.az
-

Tamaşa başlar-başlamaz süjet də, səhnə tərtibatı da, obrazlar da tamaşaçını paralellər aparmağa məcbur edir.

Böyük Qayıdış, Qisas yanğısı, Yarınmaq cəhdləri...


Hətta gözü bir az açıq olan tamaşaçı biri dolubədənli, biri şümal müxalifət liderlərini görəndə məhz İsa Qəmbər və Əli Kərimli tandemini gözünün qarşısına gətirir.


Günel Mövlud


HÜLLENBAYCAN

Və ya «Yaşlı xanımın gəlişi»



(Rövşən Almuradlının eyniadlı tamaşasından təəssüratlar)


Bu tamaşanın sorağını dostların çoxundan eşitmişdim. Amma tələsmirdim.

Bir tamaşaçı kimi Akademik Milli Dram Teatrı çoxdan ürəyimi vurmuşdu. Tamaşalardakı pafos, bəsit və gec yenilənən repertuar, repertuarda yüksək çinli məmurların əsərləri, aktyor oyunu və nəhayət, tamaşaçıların mədəni səviyyəsi – hər şey sanki səfərbər olmuşdu ki, adıçəkilən teatra ayaq basmayasan.

Amma dostlar başqa şey deyirdi.

Zövqünə inandığım adamlar əsərdəki hadisələrin günümüzə ustaca uğunlaşdırılmasından, səhnə tərtibatında çox şeyin siyasi-sosial mesajlar ötürməyindən həvəslə danışırdılar.

Axır ki, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır kimi müdrik prinsipə riayət edərək, tamaşaya baxdım.

Fridrix Dürrenmattın «Yaşlı xanımın gəlişi» (ruscası daha intriqalı səslənir «Vizit staroy damı») əsərini oxumayanlar və Rövşən Almuradlının quruluş verdiyi tamaşaya baxmayanlar üçün məsələni qısaca aydınlaşdırım.

Bir vaxtlar doğma şəhəri Hüllendən rüsvayçılıqla qovulmuş Klara Veşer (əsərdə Saxanasyandır, Veşer onun qızlıq soyadıdır) indi milyardlar sahibidir.

O uşaq evləri, dul, kimsəsiz qadınlar üçün sığınacaqlar, qocalar evləri açır, pullarını səxavətlə xeyriyyə, abadlıq işlərinə xərcləyir.

Günlərin birində yaşı 70-i ötmüş Klara Veşer doğma şəhərinə səfər etmək qərarına gəlir.

Yaşlı xanım gəlməmişdən bu xəbər şəhərə çatır.

Hüllenlilər - şəhərin burqomistrindən keşişinə, müəllimindən həkiminə, müxalifətdən sadə dəmiryolçusuna qədər hamı yaşlı xanımın gəlişini gözləyir.

Hamı əmindi ki, xeyriyyəçiliyi ilə ad çıxarmış yaşlı xanım doğma şəhəri Hüllenə də milyonlar xərcləyəcək.

Amma yaşlı xanım qisas almağa gəlirmiş. O şəhərə bir milyard pul təklif edir və əvəzində gənclik illərində onu rüsvay etmiş adamın ölümünü istəyir.

Fərqi yoxdur, onu kim qətlə yetirəcək. Klara Veşer şəhərdən bir milyardın qarşılığında bir ölü istəyir, vəssalam.

Tamaşa başlar-başlamaz süjet də, səhnə tərtibatı da, obrazlar da tamaşaçını paralellər aparmağa məcbur edir.

Böyük Qayıdış, Qisas yanğısı, Yarınmaq cəhdləri, Mədhiyyələr, Pafoslu çıxışlar, Üzrxahlıq, Bağışlanma cəhdləri – bütün bunlar bizə nə qədər tanışdır?!

Hələ üstəgəl bir vaxtlar şəhərdə xidmətləri olmuş ATA, hamının ATA-nın xidmətlərini xatırlamağa cəhd etməsi, təmir-quruculuq işləri və «müvəqqəti narahatlğa görə üzr istəyirik» lövhələri.

Günel Mövlud
Günel Mövlud
Yox, bunların təsadüf olmasına inanmaq olmaz, hələ reallığı, müəllifin kimliyini unutsaq, düşünərik ki, süjet elə günümüzü yaxşı bilən rejissorun özü tərəfindən hazırlanıb.

Rövşən Almuradlı Klara Veşerin doğulub böyüdüyü, sonra rüsvayçılıqla qovulduğu, daha sonra Böyük Qayıdış elədiyi Hüllen şəhərini məharətlə Hüllenbaycana çevirib.

Aktyorun guya dili çaşır və o «Xalq qasidi» qəzetinin adını «Xalq» qəzeti kimi tələffüz edir, burqomistr çıxışında hər şeyin «dəqiq, qərəzsiz və vicdansız» (təbii ki, səhvini tez düzəldir, axı o guya «vicdanlı» emək istəyirdi) olmasını tələb edir.

Rövşən Almuradlının tamaşasında da müxalifət hərdən şəhər iqtidarı ilə razılaşır (bu yerdə Ramil Səfərovun baltası ətrafındakı iqtidar-müxalifət birləşməsini xatırlamamaq əldə deyil).

Hətta gözü bir az açıq olan tamaşaçı biri dolubədənli, biri şümal müxalifət liderlərini görəndə məhz İsa Qəmbər və Əli Kərimli tandemini gözünün qarşısına gətirir.

Bir sözlə Hüllenbaycanda günümüzün az qala bütün gerçəklikləri var: ANS, «Xalq» qəzeti, iqtidar-müxalifət razılaşması, təmir-quruculuq işləri, pulun hər şeyə qadir olması.

Əsərdə Klara Veşerin meşələri satın almaq və özününküləşdirmək məqamı da yadımızda bizim meşələrin hərəsinin bir oliqarxa məxsus olmasını salırsa, bunu da əsərin uğurla seçilməsinin deyil, rejissorun məqamı yerində vurğulamasının ayağına yazmaq lazımdı.

Bir maraqlı məqamı da qeyd etmək istəyirəm.

Müasir teatrda tamaşanın yükünü adətən aktyor çəkir. Bəzən aktyorun oyunu deyil, məşhurluğu tamaşanı baxımlı edir.

Yeniliyə açıq olmayan, fantaziyaları ölgün rejissorlarımız məşhur aktyorların sifəti, oyunu bahasına tamaşalarına seyrçi yığmağa çalışırlar.

Bu baxımdan R. Almuradlının işi olduqca fərqlidir. Tamaşa elə uğurla qurulub, əsərdəki qıcıqlandırıcı məqamlar günümüzə elə uyğunlaşdırılıb, səhnə tərtibatı ictimai-siyasi mesajların ötürülməsinə elə uğurla yönəlib ki, aktyor oyunu kölgədə qalır.

Və sonda bir xatırlatma.

Bizim rejissorların əksəryyəti yaradıcı azadlıqlarının olmamasından, maddi vəsaitə, imkanlara görə Mədəniyyət Nazirliyindən, digər dövlət qurumlarından, məmurlardan asılı olduqlarını bildirirlər.

Yaradıcılıqlarında siyasi-ictimai məsələlərə toxunmamalarının səbəbini bununla əlaqələndirirlər. Sovet dövrünü misal gətirib, o vaxt olduğu kimi, indi də azad ola bilməmələrini deyirlər. Amma necə ki, Sovet dövründə quruluşu, rejimi ələ salan, ifşa edən Kozakov, Zaxarov, Ryazanov kimi rejissorlar var idisə, indi də R. Almuradlı var.

Nəzərə alaq ki, R.Almuradlı sözügedən tamaşanı rejimin, mövcud diktaturanın mədhiyyə yuvasına çevrilmiş, Elçin Əfəndiyevin az qala şəxsi teatrı olan Akademik Milli Dram Teatrında səhnələşdirib.

Bu, bir ironiyadırmı?

Bilmirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG