Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:47

«Heydər Əliyev dilimizin adı məsələsində səhv etdi» (Professorların debatı)


Firidun Cəlilov və Fəxrəddin Veysəlli (sağda)
Firidun Cəlilov və Fəxrəddin Veysəlli (sağda)
-

"Azərbaycan xalqı dilinin adını dəyişəndə xoşbəxt olacaq?"


Dilin adı nədir? Azərbaycan dili, Azəri dili, Azərbaycan türkcəsi, yoxsa Türk dili?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata studiyada keçmiş təhsil naziri, professor Firidun Cəlilov ilə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli və telefonla professorlar Kamil Vəli Nərimanoğlu, Rəhman Bədəlov və İsmayıl Məmmədov qatıldılar..

“AZƏRİ DEYİMİ HƏM ELMİ, HƏM SİYASİ BAXIMDAN SƏHVDİR”

Şahnaz Bəylərqızı:

- Dövlət dili necə adlanmalıdır? Azərbaycan dili, Azəri dili, yoxsa Türk dili?

Firudin Cəlilov:

- Mən əlimə qələm alandan Azəri sözünün əleyhinə olmuşam. Çünki Azəri deyimi farscadır. Bizə nə düşüb ki, dilimizin adını farsların dediyi şəkildə adlandıraq? İkincisi də, Azəri ilə bağlı ötən əsrin 20-ci illərində Kəsrəvi İran rejiminin əliylə bir kampaniya başladı. Guya İranda bir tayfa var, adı Azəridir, onlar da fars kökənlidir. Bütün Azərbaycan xalqına da Azəri deməklə onların fars kökənli olduğunu söyləmək istəyirdilər. Azəri deyimi həm elmi, həm siyasi baxımdan səhvdir. Mən bununla bağlı bir kitab da yazmışam ki, azərlərin farsa aidiyyatı yoxdur, onlar türklərdir. Azər Azərbaycan sözünün köküdür.

Ş.B:

- O zaman hansı variant məqbuldur?

F.C:

- Konstitusiyada xalqın adı azərbaycanlı yazılırsa, xalqın dili də Azərbaycan dili olur avtomatik. Yəni bu da milli kimliyin səhv olmasından irəli gəlir. Bu məsələlər biz parlamentdə olanda, yeni müstəqillik qazanılanda qalxmışdı. Biz onda millətimizin adını türk qoyduq. Avtomatik dil də türk adlandı.

Ş.B:

- O zaman türk dili adlandırılmalıdır?

F.C:

- Bunu iki dəqiqənin içində həll etmək olmur. Onu ancaq uzmanlar yığışır, müzakirə edirlər. Türk dili adlanarsa, çətinliklər yarana bilər. Məsəl üçün türk dilində danışanların hərəsinin öz adı var: özbək, tatar, qırğız, türkmən, azər... Bunlardan birini ayırıb türk adı qoyanda elmi prinsip pozulur. Necə ki vaxtilə Türkiyədə pozulub, bu günədək də çözə bilmirlər.

“AZƏR DİLİ DESƏK ANLAŞILMAZLIQ OLMAZ”

Fəxrəddin Veysəlli:

- Burda bir anlaşılmazlıq var. Dilimiz türk dili adlandırılarsa, Türkiyə türkcəsi ilə bizim dil arasındakı fərqi müəyyənləşdirmək çətin olacaq. Mən hesab edirəm ki, tarix keçdikcə, hər hansı söz yeni mənalar, kontekst kəsb edir. O baxımdan Azəri dili deyə bilərik, bu o demək deyil ki, dilimizi fars kökənli terminə bağlayacağıq. Bu gün biz dilin adını Azər dili kimi qəbul etsək anlaşılmazlıq olmaz. Ancaq hər halda, geniş müzakirə olunmalıdır, dilin adı elmi şəkildə əsaslandırılmalıdır və konsensusa gəlinməlidir. Razıyam ki, indiki şəraitdə azərbaycanlı, ya da Azərbaycan dili sözü işlətmək düz deyil. (ardı aşağıda)

Firidun Cəlilov
Firidun Cəlilov


“HEYDƏR ƏİYEV NƏ QƏDƏR BÖYÜK SİYASƏTÇİ OLSA DA, BU MƏSƏLƏDƏ YANLIŞLIĞA YOL VERDİ”

Ş.B:

- 1995-ci ildə Konstitusiya qəbul olunanda Heydər Əliyev bir müşavirə keçirdi. Orda dövlət dilinin türk, yoxsa Azərbaycan dili adlandırılması müzakirə edildi. O, çıxışında dedi: “İndi dilin adını dəyişdirib, başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm dövlətçilik nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil”. Bu əsaslandırma ilə razılaşırsızmı?

F.C:

- Qətiyyən razılaşmıram. Bu, siyasi məqsədlə atılmış addımdır. Necə olur ki, Məhəmməd Əmin dövründə dilimizin adı, xalqın adı türk olur. Və 1936-cı ilə kimi mənim atamın-anamın pasportlarında türk yazılır? Stalinin göstərişi ilə sonradan türk sözünü silib azərbaycanlı yazıblar. Bu, imperiyanın türkçülüyə qarşı səlib müharibəsi idi. Ona görə Heydər Əliyev nə qədər böyük siyasətçi olsa da, bu məsələdə yanlışlığa yol verdi. Sizin ondan gətirdiyiniz sitat da elmi baxımdan savadsız və qüsurludur. Niyə məni o toplantıya çağırmadılar? Çünki bu sözləri orda deyəcəkdim. İqrar Əliyevi çağırdılar. O da deyirdi ki, mən türk sözü eşidəndə elə bil anama söyürlər.

“ANAYASADA DİLİN ADININ DƏYİŞDİRİLMƏSİ AĞIR TƏXRİBATDIR"

Kamil Vəli Nərimanoğlu:

- Bu müzakirə on ildir ki, davam edir. Yaxın tariximizin ağır mübahisələrindən biridir. Elmi, tarixi tərəfi olsa da, mahiyyətcə siyasi mübahisədir. Mən o müşavirələrdə olmuşam. İnsaf dinin yarısıdır, orda Anar, Elçin, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Vaqif Cəbrayılzadə (məşhur “yaşıl köynəkli oğlan” ifadəsiylə Heydər Əliyev onu təhqiramiz şəkildə susdurdu) dilimizin adını müdafiə etdilər. Müzakirə hamar keçmədi. Heydər Əliyevin bu hərəkəti Rusiya ilə ABŞ-ın sifarişi idi. Bu da bölücülüklə bağlı qədim siyasətin davamıdır. Ancaq Anayasada dilin adının dəyişdirilməsi ağır təxribatdır. Biz Demokratik Cümhuriyyətin atributlarını - bayrağını, gerbini, himnini saxlamışıq. Belədirsə, onun dövlət dilinin də adını saxlamalıydıq. Mən inanıram ki, gec-tez Konstitusiyada dilin adı türkcə yazılacaq. Məncə, 1995-ci ildəki müzakirələrdə atılan addım bizim yaxın tariximizin faciəli dövrünü əks etdirir. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


DİLİN ADININ DƏYİŞDİRİLMƏSİ FACİƏDİR, YA YOX?

F.V:

- Mən burda faciəli bir şey görmürəm. O dövrdə imperiya təzə-təzə dağılırdı, o mübarizələrdə torpaqlarımızın xeyli hissəsini itirdik. Ancaq yenə də mən faciəli heç nə görmürəm. Biz deyək ki, Azərbaycan xalqı dilinin adını dəyişəndə xoşbəxt olacaq? Elə deyil axı.

Kamil V.N:

- Bunun müharibə ilə əlaqəsi yoxdur, daxili siyasətlə bağlıdır. Bir xalqın özünün və dilinin adının dəyişdirilməyindən böyük faciə yoxdur. Biz bölünmüş xalqıq, qardaş. Bununla da, tarixi vətən anlayışına, dilimizin düzgün adlandırılmasına böyük zərbə dəyib. Bunun da mücadiləsini nə qədər ölməmişik aparacağıq. Dost-düşmən də bizə türk deyir. Bu adı dəyişmək yanlışdır.

F.C:

- Bizim Gürcüstanda yarım milyon soydaşımız yaşayır, onlara azərbaycanlı deyilir, bunun arxasında nə durur, bilirsizmi? Yəni bunlar yerli türk deyil, gəlmədir.

F.V:

- Biz onsuz da yazılarımızda Azərbaycan türkcəsi, türk xalqı işlədirik. Elmi cəhətdən elə böyük problem görmürəm ki, bunu dərhal həll etməli olaq. (ardı aşağıda)

Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu


“DİLİMİZİN ADI AZƏRBAYCAN DİLİ KİMİ QALMALIDIR”

İsmayıl Məmmədov:

- Bizim dil Azərbaycan dili adlanır, elə də qalmalıdır. Baxmayaraq ki, türk millətinin bir parçasıyıq. Azərbaycan dili çox şirindir və köhnə sözlər bizim dildə daha çox qalıb, nəinki Türkiyə türkcəsində. Dilimizin adı Azərbaycan dili kimi qalmalıdır. Çünki türkmən, qazax, özbək də bizi kimi türkdür, ancaq dilimiz fərqlənir. O fərqlənmə qalmalıdır.

Kamil V.N:

- İsmayıl müəllim gözəl rəssamdır. Amma bu məsələdə hiss olunur ki, qarışdırır. Biz demirik ki, dilimiz gözəl deyil, dilimizi ləğv edək, onun üslubunu, abidələrini ləğv edək. Amma yalnız XIX əsrdə rus və rusyanlı alimlər Azərbaycan dili sözünü işlədiblər. Buna qədər bütün mənbələrdə, sənədlərdə türk dili sözü işlənib. Azərbaycan dövlətin adıdır, dilin adı isə türkcədir, Azərbaycan türkcəsi.

İ.M:

- Çox gözəl səsləndi: Azərbaycan türkcəsi. Azərbaycan sözü qalmalıdır, nə qədər qardaş da, ata, bacı da olsaq...

F.C:

- İsmayıl bəy, əndişənizi başa düşürəm. Bizim günahımızdır ki, millətimizə bu məsələni izah etməmişik. Biz deyəndə ki, dilimizin adı türkcədir, o saat düşünürlər ki, Azərbaycan dilini dəyişib Türkiyə türkcəsində danışacağıq. Bu tamam absurddur.

İ.M:

- Azərbaycan dili işlədəndə bizə, dilimizə hörmət azalır?

F.V:

- Biz milli mənsubiyyətimizi müəyyənləşdiririk. Bir var özümüz adımızı deyirik, bir də var qıraqdakılar. Hazırda dünyada biz hər yerdə dövlət dili kimi Azərbaycan dilini yazdırmışıq. Adımızı dəyişsək bunun axırı nə olar? Bu təhlükəli işdir.

Kamil V.N:

- Vallah tarixi gerçəyi, ədaləti bərpa etməkdə təhlükəli heç nə yoxdur. (ardı aşağıda)

Rəhman Bədəlov
Rəhman Bədəlov


“BİR TƏRƏFDƏN TÜRK OLMAQ İSTƏYİRİK, O BİRİ TƏRƏFDƏN....”

Ş.B:

- Rəhman müəllim, dövlət dili necə adlanmalıdır? Azərbaycan dili, azəri dili, yoxsa türk dili?

Rəhman Bədəlov:

- Mən dilçi deyiləm. Ancaq heç kəs fikirləşməsin ki, bu sadə sualdır. Ola bilər, tarix boyu biz türk dili demişik. Amma müəyyən dövrdə Azərbaycan dili də deyə bilərik. Bu o demək deyil ki, türk mənşəyimizdən qaçırıq. Biz bir tərəfdən türk olmaq istəyirik, o biri tərəfdən özümüzü osmanlıdan fərqləndirmək istəyirik. Bu çətin prosesdir. Biz türk deməklə məsələ dərhal həll olunmayacaq. Bəlkə azəri türklər işlətməliyik?.. Amma bunu da etmədik. Mən qəti cavab verə bilmərəm, amma razılaşmıram ki, tarixi həqiqət olduğu üçün dilin adını dəyişməliyik.

Kamil V.N:

- Rəhman müəllim, bəs Dərbənddə yaşayan Azərbaycan türkləri, Təbrizdə, Azərbaycanın güneyində olanlar, Borçalıda yaşayanlar özlərinə nə desinlər? Yəni 9 milyonluq respublikanın səhəsi ilə bu məsələni çərçivələmək doğru deyil. Bu xalq, vətən 3-4 yerə parçalanıb. Onun dilinin adına türk deməklə biz tarixi faktı bərpa edirik. Bunu etməmək gələcəkdə əngəl yarada bilər.

R.B:

- Problem var və düşünüb-daşınıb qərar vermək lazımdır.

F.C:

- Rəhman bəy, söhbətə yaxşı başladın ki, bəsit sual deyil. Amma axırda bəsitləşdirdin. “Azərbaycan xalqı” sözü elmi baxımdan yanlışdır. Məsələn, Rusiya dili yoxdur, slav dilləri var.

“BUNUNLA MİLLİ AZLIQLARIN HÜQUQUNU KİM POZUR?”

Ş.B:

- Dinləyici yazır ki, Azərbaycanda azərbaycanlılardan başqa azsaylı xalqlar yaşayır. “Dağıstanda 14 dövlət dili var, Azərbaycanda isə bir. Bunu milli azlıqların hüquqlarının pozulması kimi qiymətləndirirsizmi?”

F.V:

- Dağıstanda birinci növbədə dövlət dili rus dilidir. Ancaq Dağıstanda onlarla xalq yaşayır və hər bölgənin öz dili var deyə danışmaq, yazmaq mümkündür. Azərbaycanda da dövlət dili bir olmalıdır, Azərbaycan dili. Bununla milli azlıqların hüquqlarını kim inkar edir?

F.C:

- Qanun var ki, milli azlıqlar ölkənin tam hüquqlu vətəndaşlarıdır. Kim öz dilində kitab yazdı, nəşriyyat qadağan etdi? İkincisi də Dağıstanda 1935-ci ilədək dövlət dili Azərbaycan diliydi...


PROQRAMI TAM ŞƏKİLDƏ İZLƏ
XS
SM
MD
LG