Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:22

60 il əvvəl tikilən evin sənəd problemi


Foto: Arxiv
Foto: Arxiv
-
«Dəfələrlə prezidentə müraciət etmişik, ordan bizi göndəriblər Əmlak Komitəsinə, komitə də bizi göndərib Səbail rayon İcra Hakimiyyətinə. Oradan da gəlib deyiblər ki, evi elə mülk kağızı olmadan satın».

Birinci qrup görmə əngəlli Gülsabah Məsimovanın ailəsi Səbail rayonunun 20-ci sahəsində 53 il öncə tikilən evlərinə illərdir mülk kağızı ala bilmir. O deyir ki, evi sənədləşdirib satmaqda məqsəd – gözünün müalicəsidir:

«Başa düşənlər bilir ki, iki gözdən əlil olmaq nə deməkdir. 1-2 metr məsafəni görmək üçün Almaniyanın Hamburq şəhərindəki klinikada müalicə olunmalıyam. 2010-cu ildən məni o klinikada növbəyə götürüblər. İndi çağırmalıdırlar, amma maddi imkanımız yaxşı deyil. Gözümüzü evə dikmişik, ancaq ona da sənəd ala bilmirik. Müalicə də çox baha başa gəlir. Biz də evi sənədsiz satsaq, qalacağıq çöldə».

PREZİDENTİN TAPŞIRIĞI... EV PROBLEMİNİ ÇÖZMÜR

2011-ci il martında Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə evlərin sənədləşdirilməsi ilə bağlı prezidentin məmurlara göstərişi Məsimovlar ailəsini xeyli ürəkləndirib.

Bundan sonra Əlibala Məsimov xanımı Gülsabah Məsimovanın adına olan evə mülk kağızı verilməsi ilə bağlı uyğun ünvanlara üz tutmağa başlasa da, yenə bir şey alınmayıb:

«Artıq yorulmuşam. Nə qədər yazmaq olar, nə qədər mülk kağızı verən idarəyə getmək olar? Hamısına dəfələrlə gedib-gəlmişəm, amma heç bir nəticəsi yoxdur».

Bakı şəhər İcra Hakimiyyətindəki göstərişindən sonra prezident 2012-ci ilin iyunun 27-də icazəsiz ərazilərdə tikilən evlərlə bağlı məsələni araşdıracaq komissiyanın yaradılması barədə də sərəncam verib.

Ramiz Mehdiyevin sədri olduğu komissiyaya tapşırılıb ki, magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin keçdiyi yerlərdə, neft, qaz yataqlarına aid torpaqlarda tikilmiş yaşayış evlərinin siyahısını hazırlasın.

«O GÖZƏL-GÖYÇƏK VİLLALARIN... SƏNƏDİ YOXDUR»

Dəmiryol yaxınlığında evlər -- 2010
Dəmiryol yaxınlığında evlər -- 2010
Həmin komissiyada təmsil olunan Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin rəhbəri Eldar Sadıq müəyyən işlərin getdiyini və hazırlanan sənədlərin Nazirlər Kabinetinə təqdim olunduğunu deyir:

«Bizdən asılı olan sənədləri hazırlayıb yuxarılara təqdim etmişik. Amma bu sənədləri, yəqin ki, Milli Məclis təsdiqləməlidir. Əslində bizim o məsələdə elə bir rolumuz yoxdur. Torpağı bələdiyyə verib və bu məsələni icra hakimiyyəti ilə həll ediblər. Torpaqların sənədləşdirilməsində iştirak edirik, amma o torpaqlar qanunsuz verildiyi üçün o işə qatıla bilmərik. «20 Yanvar»dan Biləcəri istiqamətinə gedirik ha, o gözəl-göyçək villaların heç birinin sənədi yoxdur. Bunların birinə də Torpaq Komitəsi sənəd verməyib. Həmin evlər bələdiyyənin verdiyi sənədlər əsasında tikilib».

«AZƏRSU» ASC-NİN SİYAHISI ÜNVANA ÇATIB

Komissiyada təmsil olunan «Azərsu» Açıq Səhmdar Cəmiyyəti də ərazisində yerləşən sənədsiz evlərlə bağlı siyahını yekunlaşdıraraq Komissiyaya və Nazirlər Kabinetinə təqdim edib. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllının AzadlıqRadiosuna söylədiyinə görə, araşdırmalar nəticəsində ölkə üzrə təxminən 3200 sənədsiz fərdi yaşayış evi və kommersiya tikililəri aşkarlanıb:

«Bizim qurumlar hər gün nəzarət edirlər. Bircə gün nəzarətsiz qalsa, dərhal haradasa nə isə tikirlər».

İŞLƏR LƏNG GEDİR

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev sənədsiz evlərlə bağlı işin istənildiyindən ləng getdiyini bildirir:
Tahir Rzayev
Tahir Rzayev

«Düzdür, sənədsiz evlərin siyahısının hazırlanması ilə bağlı icra hakimiyyətlərinə, bələdiyyələrə göstəriş verilib. Müsbət həll olunan, sənədləşdirilən evlər də var. Amma açığı, işlər bir az ləng gedir».

Deputat işin ləng getməsini süründürməçilik yox, prosesin bir neçə əldən keçməsi ilə əlaqələndirir:

«Bu məsələ bir əldə olsaydı, çoxdan həll edilərdi. Burda torpaq məsələsi var, mülkiyyət məsələsi var. Araşdırmalar gedir ki, icra strukturları tikiliyə necə sənəd verib, nə əsas tapılıb və s. və i.a.».

«BİR GÜNAH MƏMURUNDURSA , İKİ GÜNAH VƏTƏNDAŞINDIR»

Tahir Rzayev sənədsiz evlərlə bağlı məmurlardan çox vətəndaşları qınayır:

«Bilirsiniz, bu məsələdə bir səhv məmurundursa, iki səhv vətəndaşındır. Çünki mən hüququmu bilən vətəndaşamsa, ailəmi təhlükəyə atıb elektrik xətti altında və digər təhlükəli yerdə ev tikməməliyəm. Yanıma xeyli adam gəlir, deyir bilirik ki, olmaz, amma siz yardım edin, mənə sərəncam versinlər. Bakı və ətrafında 500 min belə tikili olduğu deyilir. İndi görün rayonlarda nə qədər belə tikililər var».

Məsimovlar ailəsinin ötən əsrin 60-cı illərində tikilən evlərinə mülk kağızı ala bilməmələrinə gəlincə, deputat bunun da günahını yarım əsrdən çox müddətdə sənədsiz evdə yaşayanlarda görür.

ÇIXIŞ YOLU SƏNƏDSİZ EVLƏRƏ AMNİSTİYA VERİLMƏSİDİR

Deputat sənədsiz evlərlə bağlı müəyyən müddətə amnistiya tətbiqinin də bu məsələnin çözülməsinə yardım edəcəyini düşünür:
Natiq Cəfərli
Natiq Cəfərli

«Su, elektrik və qazla bağlı əhalinin ötən illərdən qalma borcları vardı. Bu, heç cür həllini tapmırdı. Həmin borcların ləğvi barədə prezident sərəncamı borc məsələsini çözdü. Ola bilər, prezident bütün tikililərin qeydiyyata alınması barədə də tapşırıq versin və beləcə, sakinlər hüquqi sənədləri olsun. Bu, mümkündür».

SƏNƏDSİZ EVLƏR MƏSƏLƏSİNDƏ İQTİSADİ MARAQLAR

İqtisadçı Natiq Cəfərli məsələnin indiyədək çözülməməsinin səbəblərini iqtisadi maraqların olması ilə izah edir. Onun fikrincə, əslində, sənədləşmə normal qaydada həyata keçirilərsə, bu, bir çox məmurların maraqlarına toxuna bilər:

«Bəzi sahələrə məmurların gözü düşübsə, onlara sənədsiz evlərdə yaşayanları ərazidən çıxarmaq daha asandır. Qanunsuz tikililər adı ilə öz niyyətlərini gerçəkləşdirmək daha asandır».

Natiq Cəfərli də düşünür ki, məsələ ciddi narazılıq yaradarsa, prezidentin bu məsələyə yenidən diqqət yetirə bilər.

Prezident sərəncamı ilə bağlı yaradılan dövlət komissiyasından və Nazirlər Kabinetindən indiyədək görülən işlərlə bağlı yekun məlumat almaq mümkün olmadı.
XS
SM
MD
LG