Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:23

Tolstoy Hacı Muradı yüksəltmək üçün öz millətini alçaltmır ("Daş yuxular" haqda)


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Təəssüf ki, Əkrəm Əylislinin əsəri haqqında bunları demək mümkün deyil.


Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı


HƏQİQƏT ETİRAFI, YOXSA ERMƏNİ XƏYALININ TƏBLİĞİ?


Əkrəm Əylislinin hazırda müzakirəyə çıxarılan «Daş yuxular» romanı («Drujba narodov» jurnalı, 2012, dekabr) haqqında ədəbi-tənqidi fikir bildirmək olduqca çətindir.

Bu çətinliyi aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Roman rus dilində dərc olunub, Əkrəm Əylisli isə mənsub olduğu dilin imkanlarından yararlanmağı bacaran və özünü Azərbaycan dilində ifadə edən yazıçıdır. Romanın Azərbaycan dilinə tərcümə olunan və elektron şəkildə yayılan variantı isə müəllifin yazı üslubuna uyğun gəlmədiyindən, Əkrəm Əylislini yazıçı olaraq sevdirən üslub və özünüifadəni əsərdə müəyyənləşdirmək olmur.

2. Müəllifin özünün də qeyd etdiyi kimi, «Daş yuxular» trilogiyaya («Yəmən» və «Möhtəşəmtıxac»la birlikdə) daxil olan romanlardan biridir. Dərc olunmayan və yayılmayan digər iki romanı oxumadan «Daş yuxular»ın ədəbi təhlili istər-istəməz birtərəfli xarakter daşıyır.

3. Roman həddən artıq siyasiləşib və ədəbi mühitin çərçivələrindən çıxıb. Hətta əsər haqqında məlumatı olmayan sıravi insanlarında «Daş yuxular» barədə münasibətinə rast gəlmək mümkündür. Ona görə də romanın təhlili zamanı istənilən ədəbi-intellektual yanaşma tənqidçini tərəfə çevirir ki, bu da yazı müəllifini çıxılmaz duruma salır və s.

Deyilənlər əsərə son dərəcə həssas yanaşma ilə bərabər, ciddi məsuliyyət doğurur və həmkarlarımız kimi, biz də ədəbi təhlilə cəhd edərək, bunları nəzərə almağa çalışacağıq.

«Daş yuxular»a necə yanaşmalı?

Qənaətimizə görə, əvvəlcə yarımsərlövhədə qoyulan suala cavab tapılmalıdır, çünki «Daş yuxular»ı ədəbi mühitin sərhədlərindən çıxarmasının səbəbi müəyyənləşməlidir.

Əkrəm Əylisli
Əkrəm Əylisli
«Drujba narodov» «Daş yuxular» romanını «vətənini sevən bir yazıçının öz xalqının şərəf və ləyaqəti naminə ən acı həqiqətləri fövqəladə cəsarətlə demək cəhdi» kimi təqdim edir, dərginin redaksiya heyətinin üzvü Lev Anninski də əsəri qiymətləndirərkən «kin və nifrətin yerində oturdulmasını», sevgini önə çəkir, «adamların bir yerdə yaşayış məhkumluğu»nu qabardır və «bunları bildiyinə görə susmağı bacarmayan, səsini içində boğmağa gücü çatmayan yazıçının həqiqəti deməkdən ayrı yolu olmadığını» bildirir.

Bu təqdimatların özü bir daha təsdiqləyir ki, «Daş yuxular» xüsusi missiyayla yazılıb, müəllif özü üçün siyasi-ictimai hədəf seçib: əsərin qayəsi, məqsədi var və bu «qayə» həqiqətin etiraflarından ibarətdir. Başqa sözlə desək, «Daş yuxular» yaxın, hətta uzaq «tarixin cəsarətli bədii ifadəsi» kimi oxucunun ixtiyarına verilib.

Nəzərə alsaq ki, ermənilərin azərbaycanlılara qarşı torpaq iddialarının kökündə «yaxın və uzaq tarixi əsaslar» dayanır, onda «Daş yuxular»ın siyasi çalar daşıdığını etiraf etməliyik.

«Daş yuxular»ı anoloji missiyalı (düşmənə sevgi və etiraf) əsərlərlə - məsələn, Lev Tolstoyun «Hacı Murad»ı ilə - müqayisə etmək cəhdlərini də qiymətləndirmək və müəllifin ədəbi-siyasi məqsədinə bu kontekstdə yanaşmaq mümkündür. Ancaq bundan ötrü əvvəlcə «Daş yuxular»ın süjeti, müəllif müdaxilələri, obrazları ilə tanışlıq lazımdır.

«Daş yuxular»ın qısa məzmunu

Roman Parapet bağında vəhşicəsinə döyülmüş dostunu xəstəxanaya çatdıran və gördüklərindən dəhşətə gələn şəxsin həkimə dediyi həyəcanlı sözlərlə başlayır. Döyülən tanınmış aktyor Saday Sadıqlı, onu xəstəxanaya gətirən komik obrazlar ifaçısı Nüvariş Qarabağlı, həkim isə Fərid Fərzanidir.

Məşhur psixiator Zülfü Abasəliyevin kürəkəni Saday Sadıqlı qürurludur, heç kimə əyilmir, düşüncə etibarilə də «bütün həmvətənlərindən» fərqlənir. O, yeganə adamdır ki, Parapetdə Qərbi Azərbaycandan qovulan soydaşlarımızın (əsərdə onlar «yeraz» adıyla verilir) fəvvarənin içinə atıb boğduqları erməniyə qahmar çıxır, ona görə, Sadıqlını da erməni bilib, ölümünə döyürlər.

Roman işıqlı yuxular, xatırlamalarla davam edir: Saday Sadıqlının reanimasiya palatasında reallıqla xəyal arasında keçib gəldiyi ömür yolu canlanır.

Ölüm ayağında ömrün yaddaş koduna yığılan əsas xatirələrin işıqlanması (kino lenti kimi) sınaqdan keçmiş ədəbi vasitədir: Əkrəm Əylisli vərdiş etdiyimiz üslubuna uyğun qəhrəmanını uşaqlıq dövrünə qaytarır və əsərin missiyasına uyğun istiqamət başlayır; Əylis kəndində 12 kilsənin mövcudluğu, Əylisin əslində Aqulis olması, bu kəndin vaxtilə ermənilər üçün Eçmiədzindən daha müqəddəs bir yer sayılmasını təsdiqləyən məqamlar, həmçinin erməni əhali və obrazlar əks olunur.

S.Sadıqlının erməni humanizmi və etiqadı sayəsində xaç çəkməsi, uşaq yaddaşına yazılan bu mənzərənin sonradan düşüncələrini formalaşdırması, Abasəliyevin Əylisdə erməni izini axtarması və s. təsvirlər üzərində qurulan süjet qəhrəmanın ölümü ilə tamamlanır…

Müəllif etirafları

Roman Əkrəm Əylisli yaradıcılığından publisistik müdaxilələri ilə kəskin şəkildə seçilir: burda Buzbulaq yoxdur, Əylis var, real tarixi şəxslər (məsələn, Hacı Allahşükür Paşazadə, Böyük Bəy) öz adları ilə iştirak edirlər, lokal hadisə – Parapetdə erməninin döyülərək öldürülməsi – ümumiləşdirilir və həqiqət kimi bədii ifadəsini tapır.

Bütün bunların hamısı böyük bədiyyatla yaradılıb: «beş-altı yeraz köpəyuşağı»
Əkrəm Əylisli Əylisdə
Əkrəm Əylisli Əylisdə
adisələrin əvvəli haqqında heç nə deyilməyən, «ortadan» başlayan münaqişənin mahiyyətini təsəvvür etməyə yardım edir. Yurd-yuvasından qovulan və Bakıya yerləşdirilən yüz minlərlə qaçqının qisas hissi ilə bu hadisəni törətməsi və qaçqınlıq həyatının nə olduğunu bilməyən, hadisələrdən kənarda, insanlıq duyğusu ilə yaşayan Nüvariş Qarabağlının gördüklərindən dəhşətə gəlməsi müəllifin missiyasına tam uyğun olmaqla bərabər, bədii mənzərədir.

Ancaq müəllifin - Saday Sadıqlı və Nüvariş Qarabağlını Don Kixot və Sanço Pansa ilə müqayisə ilə kifayətlənməməsi, bütün əsər boyu bu insanların (Zülfü Abasəliyev də daxil olmaqla) istisna olduğunu isbatlaması bədiilikdən siyasi publisistikaya, həm də məqsədli şəkildə keçiddir.

«Daş yuxular»da erməninin Bakıda döyülməsinə, öldürülməsinə etiraz edən şəxslər Saday Sadıqlının, Zülfü Abasəliyevin, Nüvariş Qarabağlının timsalında ümumiləşdirilmir, əksinə, bütün vasitələrlə onların milyonlar qarşısında tək olduqları – Donkixoluqları - israrla göstərilir. (Məsələn, N.Qarabağlının dilindən deyilən, «Bu şəhərin adamları elə bil əvvəlcədən sözləşib əlbir olublar ki, insanlıq deyilən o «idbarı» yaxına buraxmasınlar» - xətti əsərdə sona qədər müdafiə edilir).

Halbuki dostluq missiyası və sevgi tərənnümü ilə yazıldığı bildirilən bu «ədəbi-siyasi roman»da ermənilərin Bakıda döyülməsinə aid lokal hadisə kimi, buna etiraz edən ziyalıların mövcudluğu da Saday Sadıqlının timsalında ümumiləşdirilə bilərdi. Müəllif isə əksinə, Saday Sadıqlını (düşmən olmasına baxmayaraq, «özümüzün pis olduğumuzu» deyən hümanist insanı) xəstəxanada, Nüvariş Qarabağlını intiharla öldürür, Zülfü Abasəliyevi isə cəmiyyətdən təcrid edir.

Romanın bədii-ictimai mesajı bununla da kifayətlənmir: əsərdə cidd-cəhdlə bu insanlıq duyğusu ilə yaşayan azərbaycanlı obrazların bu və ya digər formada ermənilərlə bağlı olduqları haqqında rəy yaradılır. Başqa sözlə desək, «Zülfü-Saday-Nüvariş» ona görə insanpərvərdirlər ki, erməni kilsəsinin mözücəsini görüblər, erməni tarixinə bələddirlər və yaxud ermənilərlə qan qohumluqları var.

Belə milli yanaşmanın, ədəbi ümumiləşdirmənin və birtərəfli sevginin olmadığını Əkrəm Əylisli hamıdan yaxşı bilir.

Bədii həqiqətlər və publisistik yalanlar

Roman sanki iki hissəyə ayrılır: 1) mükəmməl yaradılan obrazlar, təsvirlər və hadisələr; 2) heç bir əsası olmayan, erməni təbliğatının bariz nümunəsi sayılan publisistik qeydlər və anti-islam ritorikası.

Birinci məqamda biz vərdiş etdiyimiz, sevdiyimiz Əkrəm Əylislini görürük: Saday Sadıqlının döyülməsi səhnəsi, «Baksovetdə işləyən» məmur obrazı, o cümlədən Əylisdə ermənilərin evinə yiyələnən ailələrin nəslində fiziki-psixoloji qüsurların olması barədə Abasəliyevin söylədikləri - yad evini zor gücünə mənimsəyən, insanı öz ocağında qətlə yetirməyin ilahi cəzasını özündə ehtiva edən parça kimi - mükəmməldir, azərbaycanlıların timsalında olsa belə…

Həmçinin, Aniko barədə publisistik təyinetmələrdən fərqli olaraq, Əylisdəki digər erməninin - Haykanuş qarının tam obrazı yaradılıb: müəllif erməni qarısının insanlığını bir ildir başından papağını çıxarmayan Camalı kilsənin həyətində yuyundurması ilə canlandırıb, bədii sözün qüdrətindən istifadə edərək, insan sevgisini böyük ustalıqla qələmə alıb.

Bu istiqamətlə bərabər (ikinci) isə suallarla dolu olan tarixi təhriflər də addımlayır:

a) Əski adı Aqulis kimi təqdim edilən Əylisdə 12 kilsənin olduğu söylənilir. Ən qədimi İstazındır; müəllif sözün ermənicə «Astvasazun»dan (Allah evi) yarandığını, Vuraqırd kilsəsinin adının «Vardakert»dən biçimləndiyini söyləyir. Vəng kilsəsi haqqında da Abasəliyevin eşitdiyini müəllif dərhal oxucusuna çatdırır: «Vəng - ermənicə «müqəddəs» deməkdir».

Dil tarixi haqqında azacıq bilgiyə sahib olanlar bilirlər ki, «vardakert» sözünün «vuraqırd» biçiminə düşməsi mümkün deyil. O cümlədən, «vəng» sözü haqqında olduqca təhrifedici bir təqdimatla müəllif erməni tarixçilərinin söz oyunlarını niyə təbliğ edir? Ümumiyyətlə, bədii əsərdəki obrazın dilindən erməni tarixçilərinin uydurduqları yalançı təbliğatı aparmaq Əkrəm Əylislinin nəyinə lazımdır? Bununla iki xalq arasında sevgi necə yarana bilər?

Əvəzində isə «nə vaxt dağıldığı bilinməyən» «Ağ kilsə, Yetim kilsə, Meydan kilsə» kimi kilsə adlarının «erməni etimologiyası» barədə müəllif nədənsə hökm irəli sürmür.
Əylis kəndində kilsə
Əylis kəndində kilsə
əm də kilsələrin erməni mənşəyinə diqqət çəkən müəllif niyə «Vəng», «İstazın» kilsəsinin qaldığına, türk adlıların dağıdıldığına da aydınlıq gətirmir. Əgər türklər kilsələrin qədim adlarını «Ağ», «Yetim» şəklində tam dəyişirdilərsə, hətta «Osip kilsəsini» «Daş kilsə» adıyla əvəzləmişdilərsə, onda Astvasazunun, Vardakertin adını təhrif olunmuş formada hansı məntiqlə yaşadırdılar? Qardaşlıq və birgəyaşayış məhkumluğu naminə, bu kilsələrin xristian türklər tərəfindən (və yaxud albanlar) inşasını qabartmaq və dini-tarixi müştərəkliyi göstərmək müəllifin ideyasına daha dolğun xidmət etməzdimi?

b) 1919-cu ildə (hətta tarixinə qədər göstərilir) türk sərkərdəsi Ədif bəyin erməniləri - «gözləmədikləri halda» - bir evə yığması, onları gülləbaran etdirməsi və diri-diri yandırması ilə «erməni soyqırımını» təsdiqləmək bu əsərin qayəsinə uyğundurmu? 1918-ci ilin martında Bakı qırğınları haqqında ermənilərin özlərinin yazdığı mənqəbələri bir cümlə ilə xatırlatmayan Əkrəm Əylisli kimi peşəkar yazıçı öz publisistik qeydləri ilə «həqiqətlərin etirafı» olan və tarixi şəxsiyyətlərin iştirak etdiyi «bədii-tarixi» əsərində nəyə xidmət etdiyini bilmirmi?

v) Fərid Fərzaninin ailəsindən ayrılmasının səbəbi kimi sünnət məsələsi qabardılır və məşhur «Allah insanı mükəmməl yaradıb, sənin peyğəmbərin Allahdan çoxmu bilir ki, Onun yaratdığında artıqlıq tapır» ritorik sualını ortaya qoyur. Ancaq bunun qarşılığında nə dini, nə də tibbi səbəblərin heç biri göstərilmir.

Xatırladaq ki, sünnət məsələsi Ə.Əylislinin tapıntısı deyil, tarixən dini müzakirələr mövzusu olan bu məsələ bədii ədəbiyyatın da (hətta təpədən-dırnağa xristian olan Lev Tolstoyun məktub və gündəliklərində) mövzusuna çevrilib. Ancaq «Daş yuxular»dakı kimi qarşı tərəfin cavabı olmadan «həqiqət etirafı» heç vaxt olmayıb.

Ümumiyyətlə, «Daş yuxular» romanında düşüncə toqquşmaları yoxdur, obrazların məntiq mübahisəsinə rast gəlmək olmur və yaxud, «fikir toqquşması» düşünülmüş surətdə qarşı tərəfə əlavə əsas vermək üstündə qurulur.

Məsələn: «Babaxan Ziyadxanlıya görə Əylis sözünün mənası adamların gəlib-gəlib dayandıqları yer – «Əylənmək» deməkdir. Guya Əylisdə heç vaxt erməni yaşamayıb. Oradakı kilsələr, məzarlar «OdƏrlərə» məxsusdur. «OdƏr» sözünün də mənası «Gurod» deməkdir. Alov saçan bu torpaqlar nə səbəbdənsə «Alban» adlandırılan türklərə məxsusdur. Müəllif dəridən-qabıqdan çıxıb sübut eləyirki, «namərd qonşular» tədricən bütün tarixi həqiqətləri təhrif edib, Azərbaycan ərazisindəki bütün toponimləri dəyişərək erməniləşdirmişlər. Məsələn, onlar «OdƏrMən»i Girdiman, «Gursu»yu Gorus, «Qurbağ»ı Qarabağ, «Əlvənd»i Erevan eləməklə tarixi özlərinə sərf edən şəklə salmışlar. Guya OdƏrlərin dilindəki «Qapıağzı» kəlməsi nankor qonşuların səyi nəticəsində «Qafqaz» olub. Vaxtı ilə yenilməz türk kişilərinin adını bildirən «Ərmən» sözü Qafqaza heç bir aidiyyatı olmayan bir xalqın - ermənilərin adına çıxılıb».

Əslində bu əsassız qeydlər düşüncə və baxış mübahisəsi yaratmaq naminə deyil, Abasəliyevin məntiqini gücləndirmək üçün müəllifin istifadə etdiyi primitiv ədəbi priyomdur. «Qarabağ»ı «Qurbağ», «Qafqaz»ı «Qapıağzı» sözləri ilə əvəzləyib «türkləşdirməyə» nə ehtiyac vardır?

Həmçinin Abasəliyevə yüngülcə etiraz etməkdə, onun həyəcanla Zakari Aqulisin (Zəkəriyyə Əylisli) «tarixi əlyazmasını» oxuyarkən obrazlardan birinin dili ilə «alban» sözünü xatırlatmaqda da məqsəd «əgər kimsə özünü erməni hesab edirsə, mən ona necə deyə bilərəm ki, sən erməni deyilsən» məntiqini təsdiqləməkdən ibarətdir.

Digər tərəfdən, Əkrəm Əylislinin dəmir məntiqli, «tarixi gündəliklə meydana çıxan» Zakari Aqulis obrazının əks tərəfində niyə süni, bəsit, heç bir obrazı və faktı əhatə etməyən Babaxan Ziyadxanlının məntiqsiz cızmaqarası dayanmalıdır?

Abasəliyevin, «Cavan oğlan, heç başqa yerdə görmüsənmi müsəlman öz uşağına Zəkəriyyə adı qoysun» sözü ilə Zakari Aqulisə olan sevgi naminə Əylisdə uşaqlara Zəkəriyyə adının qoyulduğunu isbatlamağa çalışması isə daha ciddi təəssürat doğurur: əvəzində isə Babaxan Ziyadxanlının yalançı patriotluğuna dərhal verilən reaksiyanı burada müşahidə etmirik, halbuki Zəkəriyyə adının müsəlmanlar arasında çox məşhur olduğunu müəllif bilməmiş deyil.

Tülkü obrazı

«Daş yuxular»da bir tülkü obrazı da var: bu «gözəl, qara tülkü balasını» Cingöz Şaban Daş kilsənin divarı dibində güllələyir.

Bir neçə dəfə işıq içində Saday Sadıqlının xatirələrində canlanan, «haradansa təzib Əylisə gəlmiş» bu tülkü balası nəyin simvoludur?

S.Sadıqlı - yuxularında Daş kilsəyə can atan tülkü balasına heyrandır, ömründə heç vaxt bu qədər gözəl heyvan görməyib və s. Erməniləri müdafiə edən «üç azərbaycanlıdan biri» Sadıqlının gözəl tülkü balasının izi ilə məbədi görməsi, onun al-qana boyanmasından sonra gözü önündə xəyalın çəkilməsi və nurdan hörülmüş o kilsə hasarının yerində adi Əylis hasarlarından birinin daş hörgüsünün dayanması qəribə asosiasiya yaradır. Sanki S.Sadıqlı sehirlənmişdi və onu sehirləyən «qara, gözəl tülkü balası» idi. Tülkü obrazı demək olar ki, bütün xalqların təfəkküründə eyni çalardadır: yalançı, hiyləgər, yaltaq. Buna görə də Əkrəm Əylislinin bu bənzətməsini həqiqətin heyrətamiz bədii təqdimatı saya bilərik.

Müqayisə uğursuzluğu

Bir daha yuxarıda qeyd olunan suala qayıdaq: «Daş yuxular»ın anoloji əsərlərlə, məsələn, «Hacı Murad»la müqayisəsi mümkündürmü?

«Hacı Murad» Dağıstanın rus ordusu tərəfindən işğalına qarşı mərdliklə vuruşan və məğlub olan övladlarından birinin portretidir, Tolstoy bu obrazın qəzəbini, kinini və cəsarətini böyük bir sevgi ilə yaradıb. Bu obraz yaradılanda Dağıstan Rusiya tərəfindən işğal olunmuşdu və burada yaşayan xalqlar artıq rus təbəələri sayılırdı.

«Daş yuxular»la «Hacı Murad»ı bir-birindən həm tarixi-ictimai şərait, həm də əsərlərin ümumi ruhu kəskin şəkildə fərqləndirir. Tolstoy Hacı Muraddan istifadə etmək istəyən rus zabiti, bunu başa düşüb qaçmağa cəhd göstərəndə onu zəminin içində mühasirəyə alıb qıran rus əsgərləri haqqında aşağılayıcı və təhqiredici sözlər işlətmir, yəni Hacı Muradı yüksəltmək üçün müəllif öz millətini alçaltmır.

Təəssüf ki, Əkrəm Əylislinin əsəri haqqında bunları demək mümkün deyil.

Son əvəzi

Çoxsaylı suallar yaradan «Daş yuxular» daha geniş təhlil üçün əsas versə də, hesab edirik ki, quruluşundan və yazı üslubundan əlavə «Drujba narodov» dərgisində çap olunmaqla daha bir siyasi çalar qazanan rus dilindəki bu əsər barədə Azərbaycan oxucusu yetərincə siyasi-ədəbi münasibətlərin şahididir. Ona görə də qeydlərimizi burada yekunlaşdırmaq qərarına gəldik...
XS
SM
MD
LG