Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:33

Aksiyaçıların seçimi: ya həbs, ya da cərimə


Renat Nəcəfov
Renat Nəcəfov
-
Gənc fəallardan olan Renat Nəcəfovu polis martın 10-da Bakının mərkəzində keçirilmiş «Əsgər ölümlərinə son» aksiyasında saxlayıb. Bu gün məhkəmə onu 600 manat cərimələyib.

Renat deyir ki, aksiyada tutulan vaxt polis onu döyüb. O, Nəsimi rayonunun 22-ci polis bölməsində saxlanıb. Dediyinə görə, vəziyyəti pis olduğundan bölməyə iki dəfə həkim gətirilib. Həkim onun xəstəxanaya yerləşdirilməli olduğunu bildirib. Ancaq rəis və rəis müavini buna imkan verməyiblər:

«Məni maşına mindirəndə döydülər. Yumruqla vurdular. Sonra dəbilqəli polis mənə kəllə atdı. Başımı maşına da vurdular. Halım pisləşdiyindən polis bölməsinə həkim gəldi. Həkim dedi bu, təcili xəstəxanaya getməlidir. Ancaq xəstəxanaya buraxmadılar. Gecə bir də həkim çağırdılar. İynə vuruldu. Həkim yenə dedi ki, təcili xəstəxanaya aparılmalıdır. Yenə buraxmadılar. Heç bir tədbir görülmədi. İndi məhkəmədən çıxdım, xəstəxanaya gedəcəyəm».

Renat deyir ki, sağ çənə almacıq sümüyündə çatlama var, sağ qaşımın da üstü partlayıb. Söylədiyinə görə, zərbələrdən sağ gözü, üzü şişib:

«Baş nahiyəmdə ağrılar var. Çənəm hərəkət eləmir, yemək yeyə, su içə bilmirəm. Çətinliklə danışıram».

Nəsimi rayon 22-ci polis bölməsinin kimliyini açıqlamayan, amma özünü məsul şəxs kimi təqdim edən şəxs Renat Nəcəfovun dediklərini böhtan adlandırdı:

«Belə bir şey yoxdur. Şərdir, böhtandır. Bu gün məhkəmə ona cərimə kəsib. Onun aqressivliyini bilmir ki, necə çıxarsın. O, burda da bizi hədələyirdi. Deyirdi haqqınızda yazacağam.
İntiqam Əliyev
İntiqam Əliyev
Həkim gəlib bura, ancaq həkim onun xəstəxanaya aparılmasında etiraz yazıb. Həkim deyib ki, sağlamlığı bölmədə qalmasına imkan verir».

Renat Nəcəfov aksiyada daha bir neçə etirazçının möhkəm döyüldüyünü bildirir.

«HAKİMİYYƏT İSLAHATLARA HAZIR DEYİL»

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyir ki, 10 mart aksiyası hakimiyyətin islahatlara hazır olmadığını göstərdi:

«Bu hakimiyyət insanların təməl hüquqlarını təmin etmək istəmir. İnsanları qorxu altında saxlamaq siyasətini davam etdirmək, hakimiyyətin ömrünü bu yolla uzatmaq istəyir. Öz xalqına rezin güllələrin atılması, su şırnağından istifadə edilməsi, insanların döyülməsi, total izləmələr, repressiyalar insanların gözünü qorxutmağa xidmət edir. Dünənki hadisələr bir daha göstərdi ki, bu hakimiyyət fərqli sözü, etirazı kriminal kimi qəbul edir. Qanunları sərtləşdirməklə, cərimələri artırmaqla, insanları həbsxanalara doldurmaqla cəmiyyətin gözünü qorxutmaq və insanları fəallıqdan çəkindirmək istəyir».

Fazil Mustafa
Fazil Mustafa
«CƏRİMƏLƏNMƏ ƏN YÜNGÜL CƏZADIR»

Parlamentin insan haqları komissiyasının üzvü deputat Fazil Mustafa deyir ki, antidemokratik olsa da, cərimələnmə ən yüngül cəzadır:

«Ən yüngül variant cərimə variantıdır. Ondan başqa inzibati həbs və başqa məsələlər var ki, nisbətən yüngülü elə maddi məsuliyyətdir. Amma bütövlükdə bu cərimələrin səviyyəsi çox yüksəkdir. Bu, ədalətsizdir. İnsanların siyasi və sərbəst toplaşmaq azadlığını həyata keçirməyə görə bu qədər sərt formada cəza müəyyən eləmək yanlış bir addımdır, antidemokratikdir. Ancaq bütün hallarda bu, o biri cəzalardan daha yumşaq cəzadır».

Razılaşdırılmayan aksiyada iştiraka görə 600 manat cərimə olunan Renat Nəcəfov daha öncə – 12 yanvar aksiyasında da eyni məbləğdə cərimələnmişdi.

Renat deyir ki, «təzyiqlər, cərimələr, döyülmələr məni qorxutmur».

10 mart aksiyasına iştiraka görə 5 nəfərə 6 və 7 sutka həbs kəsilib, 19 nəfər 300-600 manat cərimələnib.
XS
SM
MD
LG