Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:16

Mo Yan: “Nobel yalnız hökumətə qarşı çıxanlara verilməlidir?”


Mo Yan
Mo Yan
-

Ötən il aldığı Nobel mükafatı ilə bir çoxlarını təəccübləndirən, hiddətləndirən, hətta dəhşətə gətirən Çin yazıçısı Mo Yan nəhayət ki tənqidlərə cavab verdi.

Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində yazıçı deyib ki, onu Çin Kommunist Partiyasına çox yaxın olmaqda qınayanlar əslində ona paxıllıq edir, üstəlik də əsərlərinin mahiyyətini təhrif edirlər.

Xatırladaq ki, Çinli dissident, rəssam Ai Weiwei onu “partiyanın xəttinə tam sadiq olmaqda və bəzi hallarda ziyalıların müstəqilliyinə hörmətsizlik göstərməkdə” suçlamış, onun Çini təmsil etmədiyini demişdi.

Nobel mükafatlı alman yazarı Herta Müller isə Mo Yana Nobel verilməsini “insan haqları və demokratiya uğrunda mübarizə aparanların sifətinə çəkilmiş şillə” adlandırmışdı.

“Hansı ziyalı Çini təmsil etdiyini iddia edə bilər? Mən iddia edə bilmərəm. Ai Weiwei edə bilər? Çini doğrudan da təmsil edə biləcək adamlar - palçığa batıb yalın əllə yol salanlardır” – deyə Mo Yan tənqidləri rədd edib.

Mo Yan onu “dövlət yazarı” adlandırmış həmkarı Liao Yiwu-ya da cavab verib:

“Bilirəm ki, bu mükafatı aldığıma görə o mənə paxıllıq edir və bunu anlayışla qarşılayıram. Amma bu tənqid əsassızdır”.

Yazıçı deyib ki, mükafatı alandan bəri bəziləri onun əsərlərini böyüdücü şüşə ilə oxuyub qüsur axtarmağa başlayıblar və hətta şeirlərinin mahiyyətini təhrif etməyə çalışıblar.

Mo Yan deyib ki, Liao-nun tənqid etdiyi şeirdə heç də onun iddia etdiyi kimi rüsvay olmuş məmura simpatiya yoxdur, bu bir satiradır.

Nobel mükafatçısı deyib ki, o, həbsdə olan dissident yazar Liu Xiaobo-nun azadlığa çıxacağına ümid etdiyini açıq şəkildə desə də, bu onu tənqid edənləri razı salmayıb:

Mo Yan deyib ki, öz hökumətlərini tənqid edən Günter Grass kimi yazıçılara hörməti olsa da, belə yazarların sırasına qoşulmaq fikri yoxdur: “Siyasi bəyanatlar verməyi xoşlamıram. Mən sürətlə yazıram. Amma dərindən düşünürəm. Mən cəmiyyət içində
Herta Müller
Herta Müller
üəyyən bir məsələ haqda fikrimi deyəndə dərhal özümə sual verirəm: mövqeyimi aydın ifadə edə bildimmi? Baxmayaraq ki, mənim siyasi mövqeyim çox aydındır. Bundan ötrü əsərlərimi oxumaq kifayətdir”.

Çin Kommunist Partiyasına 1979-cu ildə orduda xidmət edərkən qoşulduğunu xatırladan Mo Yan deyib ki, “Mədəni İnqilabın* partiyanın yox, ayrı-ayrı liderlərin səhvi olduğunu anlayıb”.

Mo Yan bildirib ki, partiya rəsmilərini kitablarında sərt tənqid etməsi onun siyasi görüşləri ilə ziddiyyət təşkil etmir: “Mən dəfələrlə vurğulamışam ki, xalqın adından yazıram, partiyanın yox. Mən korrupsiyaya bulaşmış məmurlara nifrət edirəm”.

Mo Yanı həm də ona görə tənqid edirlər ki, o, Çin Kommunist Partiyasının avtoritar lideri Mao Zedonqun 1942-ci il tarixli çıxışının üzünü əllə köçürmüş 100 ədibdən biri olub.

Yazıçının “Der Spiegel”ə dediyinə görə, həmin layihəyə ona görə qoşulub ki, bunu öz gözəl xəttini nümayiş etdirmək üçün fürsət sayıb, həm də bu bir kommersiya proyekti olub. Yazıçı onun həmin dövrdəki düşüncə və baxışlarını öyrənmək üçün o zaman yazdığı kitabları oxumağı tövsiyə edib və orada yetərincə tənqidlərin yer aldığını qeyd edib.

Mo Yan deyib ki, Nobel alanacan kimsə onu tənqid etməyib, məsələn, Çin Yazıçılar Assosiasiyası prezidentinin müavini olmasından şikayətlənməyib:

“Bəzi adamlar düşünürlər ki, Nobel yalnız hökumətə qarşı çıxanlara verilməlidir. Doğrudanmı? Ədəbiyyat üzrə Nobel mükafatı bədii əsərə görə, kiminsə nəsə yazmasına görə verilməməlidirmi?” – deyə Mo Yan sual edir.

______

*1960-70-ci illərdə Çin lideri Ma Zedonqun təşəbbüsü ilə başlanan və guya kapitalizmin və burjua mədəniyyətinin Çin cəmiyyətini yolundan döndərmək cəhdlərinə qarşı sinfi mübarizə kampaniyası. Bu kampaniya Çin cəmiyyətində parçalanma yaratmış, xeyli sayda insan satqınlıqda suçlanmışdı.
XS
SM
MD
LG