Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

Xaçmazda taksi sürücülərinin giley-güzarı...


Xaçmazda müştəri gözləyən taksilər
Xaçmazda müştəri gözləyən taksilər
-

«Hər ay 16 manat verirdim. Elə oldu ki, uzun müddət işləmədim, fərqlənmə nişanının vaxtı fevralın 21-də bitdi. Ayın 24-də işə çıxan kimi müfəttişlər töküldülər üstümə ki, 16 manat ver, təzə fərqlənmə nişanı verək. Dedim işə indi çıxmışam, saat 2-yə kimi möhlət verin, işləyib ödəyərəm. Gözləmədilər, verdilər məhkəməyə, məhkəmədən kağız gəldi ki, gətir 101 manat cərimə ödə».

«1 SAAT MÖHLƏT İSTƏDİM, GÖZLƏMƏYİB MƏHKƏMƏYƏ VERDİLƏR»

Xaçmazda taksi fəaliyyəti ilə məşğul olan sürücülər Nəqliyyat Nazirliyinin 2 saylı Regional Nəqliyyat Departamentinin müfəttişlərinin əlindən cana yığıldıqlarını deyirlər. Ötən ay müfəttişlərin sürücü Nail Mahmudova yeni fərqlənmə nişanına görə 16 manat ödəmək üçün 1 saat möhlət verməməsi onu qeyzləndirib. Deyir, onun 16 manatı qazanmaqda çətinlik çəkdiyini görən müfəttişlər buna məhəl qoymayaraq, cərimə protokolu ilə məhkəməyə müraciət ediblər. Sürücü cəriməni ödəmək üçün borca-xərcə düşməli olub.

N. Mahmudov əlindən başqa iş gəlmədiyinə görə, 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olduğunu deyir. Əvvəllər qazancı da pis deyilmiş. Ancaq son vaxtlar rayon mərkəzində taksi xidməti göstərənlərin sayı artdıqca, necə deyərlər, onun da «ruzisi» azalmağa başlayıb:

Nail Mahmudov
Nail Mahmudov
«Son vaxtlar bura yığılan yad maşınların taksi fəaliyyətinə imkan verməsinlər ki, biz də pul qazanaq, onların 16 manatını ödəyək. Müştərilərimizi əlimizdən alırlar. Bu gün səhər saat 9-dan burda dayanmışam, günortadan keçib, ancaq hələ bir müştərim də olmayıb».

«10 MANAT QAZANANDA SEVİNİRƏM»

Başqa sürücü Vüsal Əhmədov da gündəlik qazancdan narazılıq edir:

- «Elə gün olur 5, elə gün də olur ki 1 manat qazanıram. 10 manat qazananda əməlli başlı sevinirəm. Ayda 16 manat fərqlənmə nişanı üçün ödəyirik».

Vüsal Əhmədov deyir ki, maşının benzin, təmir xərcləri var. Ailəni dolandırmaq da ki, öz yerində:

- «Yaxşı iş olsa, heç kim gəlib burda dayanmaz».

Başqa sürücü İmran Quliyev:

- «Bax, hər tərəf taksidir. Bir sərnişin göstər ki, birinin qapısını açsın otursun. Taksi sürücüləri bütün günü maşınlarına söykənib müştəri gözləyirlər, axşam da əliboş evə gedirlər. Günümüzə ağlayan yoxdur. Ayın axırı da gəlib deyirlər ki, departamentin pulu çatmalıdır».

«MÜFƏTTİŞLƏR SÜRÜCÜLƏRİ POLİSLƏ HƏDƏLƏYİRLƏR»

Faiq Camalov isə müfəttişlərlə tez-tez mübahisəsi düşən sürücülərdəndir:

- «6-7 ildir taksi fəaliyyəti ilə məşğul oluram, əlimdən başqa iş gəlmir, gözümü taksiyə dikmişəm, 2 aydır heç nə qazanmıram. Departamentin işçiləri gəlib deyirlər ki, işlədin-işləmədin, bu bizi maraqlandırmır. Pulu ödəməlisən. Deyirlər, iş yoxdur, get otur evdə. O gün mübahisəmiz də düşdü. Bir söz deyən kimi də, sürücüləri polislə hədələyirlər. Mənim özümü maşına mindirmişdilər ki, polis şöbəsinə aparsınlar. Yolda əllərindən çıxa bildim».

Tofiq Bayramov
Tofiq Bayramov
Sürücü Tofiq Bayramov isə deyir ki, bilmir maşınını hansı küçədə saxlasın ki, Nəqliyyat Departamentinin müfəttişlərinin əlinə keçməsin:

- «Gəlib dayanır maşınımın yanında, deyir bu maşının yiyəsi kimdir, deyirəm mən. Deyir sənədləri ver. Soruşuram niyə? Deyir taksi fəaliyyəti göstərirsən. Deyirəm əlinizdə sübut var ki, mən taksi fəaliyyəti göstərirəm? Maşınımın üstündə taksi işarəsi yox, maşınımda sərnişin görməmisən».

T. Bayramovun deməsinə görə, bir dəfə məhkəmədən ona qərar gəlib ki, qanunsuz taksi fəaliyyəti göstərdiyinə görə 101 manat cərimələnib:

- «Bilmirəm kimə necə sübut edim ki, mən taksi fəaliyyəti ilə məşğul olmuram».

«QAZANCI VAR Kİ, TAKSİ FƏALİYYƏTİ GÖSTƏRİR»

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, müfəttişlər əsasən taksi fəaliyyəti ilə qanunsuz məşğul olanları saxlayıb cərimələyir:

- Ümumiyyətlə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 200 manat ödəyib, 5 il müddətinə lisenziya almaq lazımdır. 5 il müddətində həmin sürücü hər ay fərqlənmə nişanına görə müəyyən ödənişlər etməklə, taksi fəaliyyəti ilə məşğul ola bilər. Yoxsa onların hər hansı bir formada sərnişin daşımaqla məşğul olmaları qeyri-qanuni hərəkət sayılır. Ona görə də müfəttişlər onları saxlayıb sənəd tələb edirlər. Əgər onlar taksi fəaliyyəti ilə məşğul olmurlarsa, o halda arayış təqdim etməlidirlər. Həmin arayışda yazılmalıdır ki, mən taksi fəaliyyəti göstərmirəm. Arayışı təqdim edəndən sonra müfəttişlər tərəfindən aşkarlansa ki, bu sürücü sərnişin daşıyıb, pul qazanır, bu artıq qeyri-qanuni daşımaçılıq sayılır.

- Sürücülər deyirlər ki, müfəttişlər əksər hallarda onlardan aldıqları 16 manata görə qəbz vermirlər.

Namiq Həsənov
Namiq Həsənov
- Mütləq qəbz verilməlidir. Sürücülər əgər belə bir hallarla üzləşirlərsə, həm Nəqliyyat Nazirliyinin, həm də Dövlət Avtomobil Nəqliyyat Xidmətinin «qaynar xətt»inə müraciət edə bilərlər.

- Sürücülər bəzi günlər ümumiyyətlə, taksi fəaliyyətindən qazanc əldə etmədiklərini bildirirlər. Bu, onları qazancları olmayan aylarda fərqlənmə nişanına görə 16 manatı ödəməkdən azad edə bilər?

- O taksi sürücüsünün aylıq gəliri olmasa da, fərqlənmə nişanına görə ödəməni mütləq etməlidir. Heç bir taksi sürücüsü sübut edə bilməz ki, mənim gəlirim yoxdur. Faktiki fəaliyyət göstərirsə, deməli gəliri var ki, işləyir. İşləməyibsə, Dövlət Avtomobil Nəqliyyat Xidmətinə arayış təqdim etməlidir ki, mən bu ay işləməmişəm. O zaman fərqlənmə nişanına görə ödəmədən azad ola bilər.

- Sürücülər müfəttişlərin qeyri-etik davranışından da şikayət edirlər.

- Sürücü müfəttişlərin qeyri-etik davranışından şikayət edirlər, müfəttişlər də sürücülərin. O sürücünün ki, taksi fəaliyyətinə görə lisenziyası varsa, fərqlənmə nişanına görə aylıq ödənişləri edirsə, müfəttiş niyə onunla mübahisə etməlidir? Sürücülər necə ki, yol polisi saxlayanda sənəd təqdim edirlər, bizim müfəttişlər saxlayanda da bunu etməlidirlər. Sürücülər isə müfəttişlərə az qala düşmən gözü ilə baxırlar. Müfəttiş sənəd tələb edir, sürücü sənəd təqdim etməmək üçün özündən çıxır. Belə məsələlər də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdıranda da məlum olur ki, sürücü haqsız imiş.
XS
SM
MD
LG