Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Nazirlər Kabineti buraxıldı - yeni hökumtədə kimlər olacaq?


.

Oktyabrın 9-da keçirilmiş prezident seçkisinin rəsmi elan olunan nəticələri Konstitusiya Məhkəməsində də təsdiqlədi və İlham Əliyev oktyabrın 19-da 3-cü dəfə prezident kimi and içərək səlahiyyətlərinin icrasına başladı.

Ölkə Konstitusiyasının 116-cı maddəsinə görə yeni seçilmiş prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Prezident bir qayda olaraq yeni hökumətin tərkibi formalaşana qədər əvvəlki nazirlər və komitə rəhbərlərinə səlahiyyətlərinin icrasını həvalə edir.

Sonra dövlət başçısı Milli Məclisin razılığı ilə yeni Baş naziri təyin edir, Nazirlər Kabinetini yeni tərkibdə formalaşdırır.

Beləliklə, hazırda nəzəri olaraq Azərbaycan hökuməti üçün bir yenilənmə dövrüdür. Amma indiki prezident İlham Əliyev 2003-cü ildə hakimiyyət başına gələndən bəri Nazirlər Kabinetinin öz atasından qalma tərkibini demək olar çox az dəyişib.

AzadlıqRadiosu bir neçə ay əvvəl Azərbaycan hökumətinin tərkibi və onların neçə il öz kreslolarında qalma müddətləri barədə bir qrafik hazırlamışdı.

Hökumətin formalaşması dövrü olduğunu nəzərə alıb həmin qrafiki yenidən təqdim edirik: görəsən, aşağıdakı vəzifə sahiblərindən kimlər yenə də öz kreslosunu qoruya biləcək?

KRESLODA QOCALDILAR...

Azərbaycanda yaşına və vəzifə kreslosunda oturduğu illərin sayına görə rekordçu elə Baş nazir Artur Rasizadənin özü sayıla bilər. 78 yaşlı Artur Rasizadə artıq 17 ildir ki, hökumətə rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin 70 yaşlı sədri Arif Vəliyev isə eyni vəzifədə ən çox qalma rekorduna sahibdir. O, 20 ildir dövlətin hesablama işlərinə rəhbərlik edir.

Yaş və kresloda oturma rekordçuları arasında daha bir məşhur sima Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. 75 yaşlı Ramiz Mehdiyev artıq 18 ildir bu vəzifədə çalışır.

52 yaşlı president İlham Əliyevin özü də artıq 10 ildir dövlət başçısıdır.
Daxili İşlər naziri də kresloda qocalanlardandır. 65 yaşlı Ramil Usubov duz 18 ildir ölkənin birinci polisi vəzifəsindədir.

AzadlıqRadiosu Azərbaycanda ali dövlət vəzifələri tutan 44 nəfərin yaşları və vəzifədə olduqları illərlə bağlı hesablama aparıb. Araşdırmaya bütün nazirlər, komitə sədrləri, Prezident Administrasiyasının və Milli Məclisin rəhbərləri daxi edilib.

11 NƏFƏR 15 İLDƏN ÇOXDUR NAZİRDİR


Bu 44 nəfərdən 21-nin vəzifədə olduqları müddət 10 ildən çoxdur. Kreslosunu ən uzun müddətə qoruya bilən Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyevdir. O, düz 20 ildir ki, bu vəzifədə çalışır.

11 nəfər isə 15 ildən çoxdur nazir imtiyazlarından faydalanır. Arif Vəliyevdən sonra ən çox kresloda qalan Daxili İşlər naziri Ramil Usubov (19 il), Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov (Gömrük Komitəsinə sədrlik etdiyi illərlə birgə 19 il), Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevdir (Gənclər və İdman naziri olduğu illərlə birlikdə 19 il).

Təhsil naziri Misir Mərdanov, Qaçqınların və Məcburi Köçkünlkərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov 15 il, Müdafiə naziri Səfər Əbiyev isə 18 ildən çoxdur nazir kreslosunda əyləşib.

Hökumət üzvlərindən cəmi 2 nəfərin bu komandadakı stajı 5 ildən azdır – Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev cəmi 1 ildir bu vəzifədə çalışır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Direktoru Akim Bədəlovun isə bu vəzifədə 3 illik təcrübəsi var.

HÖKUMƏT VƏTƏNDAŞDAN 2 DƏFƏ QOCADIR...


Araşdırma nəticəsində məlum olub ki, ümumilikdə Azərbaycan rəhbərlərinin orta yaşı 58.1-dir. Statistika Komitəsi isə ölkədə ortastatistik vətəndaşın 31 yaşı olduğunu yazır. Yəni, hökumət vətəndaşdan iki dəfə qocadır.

Hökumətdə 30-lu yaşlarda bir nəfər də yoxdur. 44 ali vəzifəli məmurdan cəmi 8 nəfərinin yaşı 40-50 arasındadır. Gənclər və İdman naziri Azad Rəhimovun özünün artıq 49 yaşı var.

44 yüksək vəzifəli məmurun arasında 18 nəfərinin yaşı 60-dan, 4 nəfərinin yaşı isə 70-dən yuxarıdır.

Ölkəni idarə edənlər arasında ən cavanı isə Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovdur. Onun 41 yaşı var.


Bəs, sənin fikrin nədir,
yaşlı, təcrübəli hökumət daha yaxşıdır,
yoxsa, gənc və enerjili?
Fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.

XS
SM
MD
LG