Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:31

Biznesmen, sələmçi, vergidən yayınan... Shakespeare


William Shakespeare
William Shakespeare
-

Bütün bunları oxumaq Shakespeare-in yüksək sənətini sevənlər üçün ağırdır.

Lakin Uelsdəki Aberistvit Universitetinin (Aberystwyth University) tədqiqatçıları israr edirlər ki, sənətkarın şəxsiyyətini tam tanımadan onun sənətinə düzgün qiymət vermək mümkün deyildir.

Bu alimlər tarixi sənədlər əsasında William Shakespeare-in sələmçi, vergidən yayınan və sabotajçı bir biznesmen olduğunu aşkara çıxarıblar.

Onlar iddia edirlər ki, şair ölkəni bürüyən aclıq vaxtı taxılı gizlətməklə varlana bilib.

Tarixçlər bu qənaətdədirlər ki, şairin biznes həyatı onun rəsmi bioqrafiyasından məqsədli şəkildə çıxarılıb və məqsəd bu olub ki, məşhur bard (aşığın ingilis variantı) ədəbiyyat tarixində əlçatmaz zirvə olaraq qalsın.

Aberistvit Universitetində orta əsrlər və intibah dövrü ədəbiyyatından mühazirələr oxuyan Jayne Archer və onun həmkarları Howard Thomas, Richard Marggraf Turley qeyd edirlər ki, arxiv materialları Shakespeare-in öz dövrünün çox fəal taxıl taciri və mülkiyyətçisi olduğunu göstərir.

VERGİDƏN YAYINAN BİZNESMEN ŞAİR

Onlar yazırlar ki, şairin biznes fəaliyyəti onu dəfələrlə qanunla üz-üzə qoyub.

Arxiv sənədləri göstərir ki, William Shakespeare 15 il ərzində ayrı-ayrı şəxslərdən buğda və arpa alaraq anbarlamaqla məşğul olub.

Sonradan bu məhsul qonşulara və yerli tacirlərə şişirdilmiş qiymətlərlə satılırmış.

Bu da bildirilir ki, bir biznesmen kimi şair olduqca amansız imiş və ona borcu olanları təqiblərlə əldən salırmış.

Sənədlərdən bəlli olur ki, Shakespeare taxıl ticarətindən əldə etdiyi pulu sələmlə borc verirmiş.

Bununla belə,şair 1598-ci ildə vergidən yayındığına və taxıl qıtlığı zamanı sabotajçılıqla məşğul olduğuna görə mühakimə edilib.

QƏLƏM ÇÖRƏK VERMİR

Lakin alimlər dünya boyunca milyonlar tərəfindən sevilən şairin gözdən salınması məqsədini güdmədiklərini söyləyir və oxucuları hadisələrə zamanın gözü ilə baxmağa çağırırlar.

Onlar deyirlər ki, şair 16-17-ci əsrlərdə yaşayıb və bu vaxt Avropada “kiçik buz dövrü” kimi tarixə düşüb.

Bu elə bir vaxt idi ki, aramsız yağışlar məhsulu məhv edirdi.

Archer yazır ki, tarix boyu sənət adamları acından ölməmək barədə düşünüblər və bu mənada Shakespeare istisna deyildi.

Heç bir dövrdə şair şeirləri ilə dolana bilməyib.

SÜNBÜL VƏ QƏLƏM

Şair taxıl qıtlığından yalnız biznes fəaliyyəti üçün yox, həm də yaradıcılığı üçün faydalanırdı.

Onun“Coriolanus”əsərində aclığın məhv etdiyi Romanın konkret prototipi 1607-ci ildə ac-yalavac İngiltərə kəndlilərinin 1607-ci il üsyanı idi.

Aclıq mövzusu“Kral Lir”əsərində də yer alıb və burada aclığın səbəbi kimi kralın öz məmləkətini qızları arasında ədalətsiz bölüşdürməsi göstərilir.

Alimlər bu nəticəyə gəlirlər ki, Shakespeare-in tacir kimi ictimaiyyətə təqdim olunması onun barəsində daha realist təsəvvürün formalaşmasına imkan verəcək.

Jayne Archer yazır ki, Shakespeare yaxşı aktyor və şair olmaqla yanaşı, həm də yaxşı ər və ata olmalı idi.

Şairin Stratford şəhərindəki abidəsi də bunu sübut edir.

Müqəddəs Üçlük Kilsəsində 1616-cı ildə ucaldılmış başdaşı abidəsində şairin əlində çuvalı varimiş.

18-ci əsrdə abidəyə“düzəliş”edilib. Taxıl çuvalını qələmlə əvəzləyiblər.

Daha şairanə görünsün deyə.
XS
SM
MD
LG