Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:24

Yol hərəkəti cəzaları sərtləşdirildi


Arxiv foto
Arxiv foto
-
Milli Məclis sürücülük vəsiqəsinin verilməsi şərtlərini sadələşdirdi, amma əvəzində bəzi pozuntulara görə cəzaları ağırlaşdırdı.

Bundan sonra pəncərəsinə qara plyonka vuran sürücülər 50 manat yox, 150 manat məbləğində cərimə ediləcək. Bu haqda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib.
Milli Məclisdə qəbul edilən digər dəyişikliklər sürücülük vəsiqəsinin alınmasında tələb edilən tibbi arayışın ləğvi ilə bağlı idi. Belə ki, daha sürücülük vəsiqəsi almaq üçün tibbi arayış tələb edilməyəcək. Yalnız yaşı 60-dan yuxarı olan şəxslər sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcək.
TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ QAYDALARINA DA DƏYİŞİKLİK EDİLİB

Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçəndən sonra hər il Texniki baxışın 11 regionda həyata keçiriləcək.

Əli Hüseynli
Əli Hüseynli
Milli Məclis hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, bu qaydaların tətbiqi texniki baxış prosesinin sadələşdirilməsinə, daha da şəffaf olmasına gətirib çıxaracaq. Hazırda mövcud olan əsassız bir sıra hallar aradan qalxacaq.
Dəyişikliklərə görə, nəqliyyat vasitələrin idarə etmək hüququ olmayan şəxslər yol hərəkəti qaydalarını pozarsa, yaxud sərxoş ikən bu hallara yol verərsə, onda həmin pozuntuya görə sanksiyalar da gücləndirilir. Belə ki, bir şəxsin ölümü ilə nəticələnən qəzala zamanı 8 ilədək, 2 və ya da ha 12 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək.

MİLLİ MƏCLİSDƏ QARA PLYONKA MƏSƏLƏSİ
Qüdrət Həsənquliyev hesab edir ki, bəzi sürücüləri incitmək lazım deyil. Çünki bəzi hallarda şüşələrin tünd rənglə rənglənməsi isti havada günəş şüalarının qarşısını alır. Hətta Dubayda belə metodlardan istifadə olunur:

“Ötən yay Bakıda temperatur 44 dərəcəyə çatırdı, maşında kondinsioner də soyutmurdu. Biz böyük institutların işləyib hazırladığı üsullara qarşı çıxmayaq. Standartlardan kənar olan cihazların maşına yerləşdirilməsi qadağan edilə bilər”.
”70 yaşından sonra niyə hər 2 ildən bir sürücülük vəsiqəsini dəyişmək tələbinin qoyulması həm onlara qarşı hörmətsizlikdir, həm də ayrıseçkilikdir. Sanki deyirik ki, sən həyatını başa vurmusan. İnsanlarla bu cür davranmaq olmaz. 80 yaşında adamlar var ki, cavanlardan da gümrahdır”.

Sonda Qüdrət Həsənquliyev texniki baxışın ümumiyyətlə ləğvini tələb etdi.

Onun fikrincə, onsuz da sürücülər texniki vəziyyətinin nasaz olmasına görə məsuliyyət daşıyır.

DYP RƏSMİSİ DEYİR Kİ...

Milli Məclis iclasından iştirak edən Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynov bildirdi ki, 2012-ci ildə sərxoş sürücülər tərəfindən törədilmiş 96 hadisə nəticəsində 42 nəfər həlak olub, 105 nəfər yaralanıb. 2011-də ildə isə 88 belə hadisə baş vermişdi. Yol polisi əməkdaşları tərəfindən yollarda 17-18 mindən artıq sərxoş sürücü saxlanılır:

“Tündləşdirilmiş şüşə olanda sürücünün ətrafdan ala biləcəyi informasiya məhdudlaşır. Odur ki, bu qaydalara əməl edilməlidir, onlara görə cəzaların sərtləşdirilməsi bəlkə də lazımdır”.

ZAVOD İSTEHSALI OLAN MAŞINLARIN PƏRDƏSİ NİYƏ SÖKÜLÜR?

Vahid Əhmədov zavod istehsalı olan maşınlarda da pərdələrin sökülməsinin səbəbi ilə maraqlandı: «Səbəb nədir? Yol polisi belə istəyirsə, belə də olmalıdır? Özümüzdən qanun niyə çıxarırıq?»

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
DYP təmsilçisi Ramiz Hüseynov bu məsələdə qanunun tələblərinə əməl olunduğunu dedi.
Sabir Rüstəmxanlı Azərbaycanda istehsal olmadığına görə maşınların hazır pərdəli şəkildə gəldiyini dedi: «Bu, hazır maşındır. Sürücü neyləsin? Gərək onda pəncərəni dəyişəsən. Bu da əlavə xərcdir. Ya maşınları özümüz uyğunlaşdırmalıyıq, ya da qanunlarımızı maşınlara».

S.Rüstəmxanlı piyadaların gəzməyə səkidə yer tapmadıqlarından şikayətləndi:

«Səkilərdə maşın əlindən tərpənmək olmur. Buna çarə tapılmalıdır. Azneft meydanında 5 dənə polis maşını dayanıb, DYP işçiləri öz aralarında zarafatlaşırlar, 1 km aralıda isə tıxacdır. Maşın dayandırılma yerləri inşa edilməlidir. «Maşın oğruları» kimə gücləri çatırsa, götürüb maşınları aparırlar. Ona qalsa, gərək Bakının mərkəzindən bütün maşınlar aparılmalıdır».
Oqtay Əsədov
Oqtay Əsədov

OKTAY ƏSƏDOV: «MAŞIN DAYANACAQLARI TİKİLİR»
Oqtay Əsədov şəhərdə dayanacaq yerlərinin az olduğunu dedi:

«Amma indi belə yerlər tikilir. Bunlar olandan sonra gərək qanun qəbul edək ki, şəhərdə dayanacaq yerləri müəyyən olunsun. İnsan maşınla gəlir, ya evidir, ya iş yeridir. Maşını hara qoysun? Gərək dayanacaq yerlərini müəyyənləşdirək, sonra tələb edək ki, yerinə qoysun».
Aytən Mustafayeva isə başına gələn hadisədən danışıb.

Şəhərin mərkəzində avtobusun gənc sürücüsü onun maşınının güzgüsünü sındırıb.

«Heç nə də eləmək mümkün deyil. Bu cür sürücülər insanların təhlükəsizliyinə görə cavabdeh daşıyır. Avtobusu sürətlə sürürlər, deyirlər ki, probkadır, tez çataq. Şikayətlənəndə, deyirlər ki, istəmirsənsə, düş get».

Oqtay Əsədov isə bütün bunların qanunla qadağan olunduğunu dedi. Onun fikrincə, Yol Polisi tərəfindən reydlərin sayı çox olsa, sürücülər də qanuna daha çox riayət edərlər.
XS
SM
MD
LG