Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:17

«Filmdə Axundova böyük nifrətin səbəbi açılmır» (Debat)


Solmaz Rüstəmova Tohidi və Kənan Məmmədov
Solmaz Rüstəmova Tohidi və Kənan Məmmədov
-

Elmir Mirzoyev: "Texniki parametrlər baxımından buna film demək olmaz. Ramiz Həsənoğlu yaxşı teletamaşalar çəkib, bu işlərdə istedadlı insandır. Filmsə başqa məsələdir"

Rasim Balayev: "Niyə, siz özünüzü savadlı sayırsınız, amma başqalarını çox aşağı səviyyəli?"


Anarın ssenari müəllifliyi, Ramiz Həsənoğlunun rejissorluğu ilə dövlət sifarişi əsasında çəkilmiş “Sübhün səfiri” filmi tamaşaçılara təqdim olunandan sonra film haqında bir sıra tənqidlər səsləndi. Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata filmdə Axundovu canlandırmış xalq artisti Rasim Balayev, filmi sərt tənqid etmiş tarixçi Solmaz Rüstəmova Tohidi, filmin quruluşçu operatoru Kənan Məmmədov və kulturoloq Elmir Mirzoyev qatılıblar.


“GÜRCÜLƏRİN KİNO KLASSİKİ ŞƏXSƏN MƏNƏ DEDİ Kİ..."

Kənan Məmmədov:

- “Sübhün səfiri” Şəkidə və Tiflisdə nümayiş olundu. Filmi çox yaxşı qarşıladılar və müzakirədən mənə aydın oldu ki, film haqqında rəy müsbətdir. Tiflisdə daha böyük auditoriya qarşısında nümayiş olundu və gürcülərin kino klassiki Rezo Çxeidze şəxsən mənə dedi ki, çox böyük iş görmüsünüz, böyük zəhmət tələb edən filmdir. Aydın məsələdir, kino çəkilirsə, bunu bəyənənlər də olur, bəyənməyənlər də! “Sübhün səfiri”ni tənqid edənlərin fikrini təbii qarşılayıram.

Cavid Zeynallı:

- Kino cameəsində, yaxud böyük ictimaiyyət arasında elə tənqidi fikirlər səsləndimi ki, siz haqlı bilib o fikirlərlə razılaşasınız?

K.Məmmədov:

- Açığı, kəskin tənqidi fikrə rast gəlmədim. Solmaz xanım Hamlet İsaxanlının adını çəkdi və bildirdi ki, Hamlet müəllim filmi birmənalı qəbul eləməyib. Amma mən şəxsən onun evində oldum, film haqqında söhbət etdik və mən başa düşdüm ki, fikri müsbətdir. Hətta o, rəhbərlik etdiyi universitetdə də filmin nümayişini keçirmək istəyirdi.

Solmaz Tohidi:

- Hamlet İsaxanlının fikri birmənalı deyil, mən bunu tam məsuliyyətlə sizə deyirəm. Evinə yığışmısınız, çay içmisiniz, o sizə nə deməliydi ki?

Rasim Balayev
Rasim Balayev


"AKTYORUN SSENARİYƏ DƏYİŞİKLİK ETMƏK İMKANI YOXDUR"

Müzakirəyə telefon xətti ilə Rasim Balayev də qoşulur:

C.Zeynallı:

- Rasim bəy, təqdimatdan sonra film haqqında tənqidi fikirlər də səsləndi. Bu tənqidlərdə haqlı məqamların olduğunu düşünürsünüzmü?

Rasim Balayev:

- Vallah, əvvəla, mən öz çəkildiyim filmlər haqqında danışmağa çətinlik çəkirəm. Filmin ssenarisi bu cür yazılmışdı və rejissordan tutmuş fəhləsinə qədər çalışdıq, o fikirləri çatdıraq. Ola bilər, kiminsə xoşuna gəlməsin. Hərənin öz fikri, öz zövqü var. Amma bütövlükdə düşünürəm ki, film Axundovun yaradıcılığı haqqında tamaşaçılara gözəl bilgidir. Çox adam bilmir ki, Axundov nə ilə məşğul olub, kimdir. Bircə ədəbiyyatçılar bilir, amma geniş ictimaiyyət xəbərdar deyil. Hər halda ssenarist də, rejissor da çalışıb ki, Axundovun hərtərəfli fəaliyyətini işıqlandırsın. Nə dərəcədə nail ola bilmişik, artıq bu, başqa məsələdir. Təəssüf ki, tamaşaçı fikri yoxdur.

C. Zeynallı:

- Axundov haqqında çoxseriyalı bədii filmin çəkilməsini istəyərdinizmi?

R.Balayev:

- Ümumiyyətlə, arzu edərdim, bizim klassiklər haqqında çoxseriyalı bədii filmlər çəkilsin. İndi televiziyalara şərait yaradıblar ki, seriallar çəksinlər. Tam mənasız, çox primitiv işlər ortalığa çıxır. İstərdim, bu seriallar professionalların əlinə düşsün, yaxşı filmlər çəksinlər. Kino ilə əlaqəsi olmayan adamlar serial çəkir və bunun da nəticəsi göz qabağındadır. Hətta professionallıq, ustalıq bir yana qalsın, adicə adam danışığı yoxdur.Yəni insan kimi danışmırlar, elə bil... nə bilim, bunlar hardan gəliblər?

C.Zeynallı:

- Demisiniz ki, mənim ssenariyə müdaxilə etmək imkanım yoxdur. Necə bilirsiniz, bu cavan aktyorlar üçün, sizin tələbələriniz üçün pis nümunə deyilmi?

R.Balayev:

- Yox, niyə pis nümunə olur? Ssenarini böyük kollektiv müzakirə edir, təsdiq edir, möhür vurulur. Nə kinoda, nə də teatrda aktyorun ssenariyə dəyişiklik etmək imkanı yoxdur. Nə isə təklif edə bilər, amma ssenariyə dəyişklik çətindir. Ümumiyyətlə, gərək filmdən tamaşaçı ibrət dərsi götürə bilsin.

Solmaz Tohidi:

- Rasim müəllim, bu filmdən tamaşaçı hansı ibrəti götürdü? Belə çıxır ki, ya filmin ideyası olmayıb, ya da siz...

R.Balayev:

- Niyə, siz özünüzü savadlı sayırsınız, amma başqaları çox aşağı səviyyəlidir?

Solmaz. T:

- Allah eləməsin, mənim sizə böyük hörmətin var.

Rasim. B:

- Bu nə sözdür, deməli mənim ideyadan da xəbərim yoxdur? İdeya odur ki, Axundovun yaradıcılığı, həyatı haqqında tamaşaçıya məlumat verilsin.

Elmir Mirzoyev
Elmir Mirzoyev


“HAZIRLIQLI TAMAŞAÇI ÜÇÜN BU FİLM SON DƏRƏCƏ SƏTHİ VƏ BƏSİTDİR”

S. Tohidi:

- “Sübhün səfiri” filmi ilk növbədə hazırlıqlı tamaşaçı üçün nəzərdə tutulub. Ssenaridən belə görünür ki, Axundova xalq arasında böyük nifrət, pis münasibət var. Nəyə görə? Bax, bu açılmır, qaranlıq qalır. Hamı bilir ki, bu, Axundovun dinə olan münasibətinə görə idi. Hazırlıqlı tamaşaçı üçün bu film son dərəcə səthi və bəsitdir. Axundovun ateizmi son dərəcədə döyüşkən, mübariz idi və Azərbaycan ictimai fikrinin sonrakı inkişafında rol oynayıb. Biz Azərbaycanı indi dünyaya tanıtmaq istəyirik. Bunun üçün ən yaxşı model Axundov modeli idi. Bizim əlimizə imkan düşmüşdü, Axundovu bu film vasitəsilə düzgün təqdim edə bilərdik. Şərait yaradıldı, pul ayrıldı, təəssüf ki, bundan istifadə edə bilmədik.

Kənan Məmmədov:

- Mənim üçün Axundov böyük maarifçi olub. Amma mənə elə gəlir, Axundov daxildən bölünmüş insan olub, o, çarizmin qulluğunda olub. Filmdə biz onu böyük patriot kimi, eyni zamanda daxilindəki ikilikləri göstərmək istəmişik. Filmdə buna nail olmuşuq. Filmi biz telekanallarda serial kimi nümayiş edəcəyik və tamaşaçı çox sevinclə qəbul edəcək.

Cavid Zeynallı
Cavid Zeynallı


“TEXNİKİ PARAMETRLƏR BAXIMINDAN BUN FİLM DEMƏK OLMAZ”

Söhbətə telefon xətti ilə kulturoloq Elmir Mirzoyev qoşulur:

Elmir Mirzoyev:

- Mən bu yaradıcılıq nümunəsini film adlandıra bilmirəm. Ən düzgün qiymət teletamaşa kimi təqdim etməkdir. Nə ssenariyə, nə aktyor oyununa toxunmuram, sadəcə, texniki parametrlər baxımından buna film demək olmaz. Ramiz Həsənoğlu yaxşı teletamaşalar çəkib, bu işlərdə istedadlı insandır. Film başqa məsələdir və “Sübhün səfiri”nin estetikası da film estetikası deyil. Axundov haqqında “Səbuhi” filmi çəkilib, bax o, film estetikası ilə çəkilib. Bu film isə sanki televiziya verilişidir. İkincisi, filmdə pafos var, bundan qurtulmaq mümkün olmayıb. Qadınlar mənə çox süni təsir bağışladı. Evin içində öz ailə üzvlərinin yanında milli geyimdədirlər, çərkəzi arxalıq taxıblar, üstəgəl, az qala hicabda gəzsinlər.

Kənan Məmmədov:

- Elmir bəy, filmin geyim üzrə rəssamı Şahin Həsənlidir və bizim onun işinə, zövqünə, peşəkarlığına heç bir şübhəmiz yoxdur. O ki qaldı, estetikaya, film rəqamsal formatda çəkilib. Ona görə də filmin estetikası haqqında danışmaq bekara söhbətdir. Mənə elə gəlir, bizim tamaşaçılar da, kulturoloqlar da məsələlərə bir az hörmətlə yanaşmalıdırlar. Belə bir zamanda biz Axundov haqqında film ərsəyə gətirmişiksə, bunu qiymətləndirmək lazımdır. Bu gün Fəvvarələr meydanına çıxıb soruşsaq ki, Axundov kimdir, sizi inandırıram, çoxu deyəcək, hansısa futbolçudur.

Solmaz Tohidi:

- Bu, səhv fikirdir, kökündən yanlışdır, hamı Axundovu tanıyır. Özü də niyə çətin zaman olur? Sizə pul ayrılıb, film çəkmisiniz və tənqidi fikirləri də kəskin qarşılamalı deyilsiniz. Mən filmi, ssenarini tənqid edəndə elə bilirlər ki, ayrı məqsədim var, marağım olub. Mənim Anara böyük hörmətim var, amma tarixi şəxsiyyətlərlə özü istəyən kimi davranmağını qəbul edə bilmərəm. Bu, dövlət sifarişi ilə çəkilən filmdir və arxasında ideya olmalıydı. Filmdə ikrah doğuran bir səhnə var – Axundovun İran konsulu ilə görüşü səhnəsi. Əgər ümumiləşmiş obraz yaratsaydılar, hardasa başa düşmək olardı. Amma o, qəhrəmana tarixi şəxsiyyət olan Mirzə Hüseyn xanın adını qoyub. Mirzə Hüseyn xan görkəmli tarixi şəxsiyyətdir, İranın ədliyyə naziri, sonra baş vəziri vəzifələrində çalışıb, Axundovla da yaxşı münasibətləri olub. İstanbulda konsul olanda, Əlifba məsələsində Axundova kömək etmək istəyib. Filmdə üç dəqiqəlik göstəriblər ki, Axundov əlifba islahatının nümunəsi olan qovluğu gətirir Mirzə Hüseyn xana, özü çay içir, Mirzə Hüseyn xan “borjomi” butulkasında araq içir, sərxoş olur. Bayırdan kimsə gəlib deyir ki, səni erməni əxlaqsız qadın gözləyir. Mirzə Hüseyn xan Axundovun sözünü ağzında qoyub qaçıq həmin qadının yanına. Axundov da əsəbiləşir, qovluğunu götürüb gedir. Bu nə deməkdir? Böyük tarixi şəxsiyyət haqqında belə təhrif olar? Sabah İran bu filmə baxsa, nə deyər?..

PROQRAMA TAM ŞƏKİLDƏ BURDA BAX
XS
SM
MD
LG