Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:47

«Allaşükür Paşazadənin qardaşı ilə bir yerdə gəldilər, dedilər bu ərazilər bizimdir...»


Astarada sahil boyu ərazi
Astarada sahil boyu ərazi
-

Astara terminalı ilə yerli sakinlər arasında ərazi üstündə mübahisə yaranıb. Terminalın ərazisi 4 hektara yaxındır. Lakin terminalın rəsmiləri Xəzər dənizi boyunca uzanan, çimərliyi əhatə edən torpaqların da onlara məxsus olduğunu iddia edirlər. Bu da yerli əhali ilə onlar arasında narazılığa səbəb olub.

Dəniz sahilinin bir hissəsində sahilbərkitmə işləri aparılıb. Orda çimmək təhlükəli hesab olunur. Qalan yerlər də hasara alınıb. Çimərliyin ərazisi tamamilə daralıb. Adıgedən çimərliyin ərazisi zəbt olunsa sahil boyu yerlər keçilməz olacaq. Söhbət də həmin çimərlikdən gedir. Həmin əraziyə bir neçə evin həyətyanı sahəsi də daxildir. Təxminən bir ay əvvəl həmin ərazini əhatəyə almaq üçün hasar çəkmək istəyiblər. Lakin dənizə yaxın ərazidə yaşayanlar buna etiraz ediblər. Bu məsləyə rayon icra hakimiyyəti də müdaxilə etməli olub. Müvəqqəti olaraq işlər dayandırılıb. Sakinlər isə terminaldan öyrədilmiş adamların onları narahat etdiklərini deyirlər.

Astara şəhər sakini Şahin Məlikovun sözlərinə görə, əhalinin etirazları ilə bağlı terminalın rəhbərliyi onların yanında olub:

«ALLAŞÜKÜR PAŞAZADƏNİN QARDAŞI İLƏ BIR YERDƏ GƏLDİLƏR»

Astara sakinləri
Astara sakinləri
«Həyətimin qabağında qalmışdım, Terminalın rəisi Rafael müəllim Allaşükür Paşazadənin qardaşı ilə (deputat Hacı Qəzənfər Paşazadəni nəzərdə tutur - MM) bir yerdə gəldilər. Gördüm deyirlər ki, evimin tinindən bu ərazilər bizimdir. Hamısını almışıq. Lazım olarsa sizin evlərinizə traktor dayayıb sürdürərik. Mən dedim necə almısınız, heç bir Astara vətəndaşının xəbəri yoxdur. Bizim çimərliyimiz burdadır. Yəni yaşlılarımız da, cavanımız da bura gəlirik. Astaralıların cəmi yeri bu 200-300 metrdir».

Rayon sakinlərindən Asən Həşimli isə deyir ki, oliqarxlar Astaranı öz aralarında bölüblər.

«ÇİMƏRLİK ƏRAZİSİNİN BİR HİSSƏSİNİ MİLLİ MƏCLİSİN ÜZVLƏRİ ÖZ ARALARINDA BÖLÜBLƏR»

«Astaranın dəniz sahilindəki çimərlik ərazisinin bir hissəsini Milli Məclisin üzvləri öz aralarında bölüblər. Şəhər camaatının yay aylarında çimərlik kimi istifadə elədikləri 200-300 metr dəniz sahilli hal-hazırda şəxsi mülkiyyət kimi göstərilir. Onlar ərazini tutmaqda israrlıdırlar».

Asən Həşimli deyir ki, ərazi hasarlansa dəniz sahilində yaşayanlar etiraza qalxacaqlar.

Astara şəhər sakini Qəhrəman Gülhəsənov da bildirir ki, həmin ərazidə həyətyanı sahəsi var. Ev də inşa edib. Bütün sənədlər yerində olsa da terminalın rəsmiləri evi sökməyi və burdan köçməyi ondan tələb edirlər:

«Rafael Abdullayev ayın 12-də bizi Şirvan məhkəməsinə verib. Sənədim də var. Deyir ki, qır zavoduna kimi terminalındır. İndi biz də qalmışıq avara, nə edək, kimə müraciət edək. İcra Hakiminin yanına girmişəm iki dəfə. İcra hakimi başa düşüb bizi. Deyib sənədin düzdür. Prokurorluqda deyiblər sənədin düzdür, məhkəmə də dedi sənədin düzdü, rəsmi sənəddir. Gündə burda abır-həya gedir. Gündə bura gəlirlər, söyüş, daş atmaq. Biri dəryazla gəlir. Baş açmaq olmur».

Astarada sahil zolağı
Astarada sahil zolağı
Qəhrəman Gülhəsənov deyir ki, ailəsi də qonşunun evində qalır.

Şəhər sakini Əflatun Nəzərov da narazılığını gizlətmir. O deyir ki, özbaşınalıq baş alıb gedir:

«Kim gəlir bura nə istəyir edir. Yolu düzəltdilər, toz basıb buranı. Bu yerlərin hamısını da tutublar».

Milli Məclisin deputatı Hacı Cavanşir Paşazadəyə yaxın olduğu deyilən, Astara terminalının nümayəndəsi Rafael Abdullayev isə bu ərazilərin onlara məxsus olduğunu deyir. Onun deməsinə görə, bu torpaqlar alınanda Hacı Cavanşir Paşazadə deputat deyildi:

«ONLAR O TORPAĞI ALANDA BƏYƏM DEPUTAT İDİLƏR?»

«Mətbuatda deyirlər ki, iki deputat Astaranın bütün torpaqlarını zəbt edib. Sual olunur, bunlar bu torpağı nə vaxt alıblar, onlar o torpağı alanda bəyəm deputat idilər? Sahibsiz yer idi qalmışdı, gəldilər burda iş adamı kimi öz işini gördülər. 2002-ci ildə. İndi bəzi adamlar çıxıb meydana, onları qızışdırırlar. Kimlərsə onların arxasında durur. Deyir get yaz, belə de. Nəticəsi də budur. Gəlib gördünüz. Kim istəyir danışır. Heç olmasa həqiqəti danışsın. Mən bir söz demirəm. Olan şeyi deyil, olmayan şeyi deyirlər. O torpaqları qanunsuz veriblər, bizim torpaqdır. Orda bina tikiblər, onu demirlər. Amma deyirlər ki, hasar tikirlər. Harada var hasar. Sahil boyu bərkitmə işi aparıblar, elə də qalıb. Kim onların qabağını alır ki, getməsinlər çimərliyə. İndiyə kimi gediblər, yenə gedəcəklər».

XƏZƏR SAHİLİNDƏ CAVANŞİR PAŞAZADƏNİN ADINA 30 HEKTAR TORPAQ VAR...

Astara icra bölməsi
Astara icra bölməsi
Astara şəhər bələdiyyəsinin sədri Məmməd Məmmədov dəniz sahili boyu Cavanşir Paşazadənin adına 30,6 hektar torpağı olduğunu təsdiq etdi. Bələdiyyə sədrinin deməsinə görə, bu torpaq kənd təsərrüfatı məhsullarının əkilməsi məqsədi ilə 2002-ci ildə alınıb. Bunun 3,7 hektarı terminalın ərazisi hesab olunur. Terminal hər il bu məqsədlə bələdiyyənin hesabına 3440 manat icarə haqqı ödəyir. Sədr deyir ki, 11 il ərzində dəniz sahili ilə bağlı qanun 3 dəfə dəyişdirilib. Yeni dəyişiklikdə dəniz sahilindən 50 metr dövlət əhəmiyyətli torpaq hesab olunur və buna rayon icra hakimiyyəti baxır. Bu baxımdan da sahil dövlətindir, onu heç kim özəlləşdirə bilməz. Sədrin dediyinə görə, dəniz sahilində digər deputatların da yerləri var.

BƏS İCRA HAKİMİYYƏTİ BUNA NECƏ BAXIR?

Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da terminalın dəniz sahilini tutmasını qanunsuz hesab edir. Onun deməsinə görə, Astara terminalının sahibində olan sənəd mülkiyyəti təsdiq edən sənəd deyil. O deyir ki, çimərliyi zəbt etməyi heç kimə imkan verməzlər.
XS
SM
MD
LG