Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Qəbula düşmək istəyənlərin qarşısına qoyulan şərt...


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şirvanda şikayətçiləri dinləyir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şirvanda şikayətçiləri dinləyir
-

Səhərin gözü açılan kimi Şirvan şəhərinin mərkəzi meydanında fəvvarələr işə düşür. Şəhərin G. Şıxbalaoğlu küçəsindəki ikimərtəbəli binada yaşayan məcburi köçkün ailələri isə mənzillərinə su verilməməsindən əziyyət çəkir. Amma Şirvan şəhərində və ona yaxın rayonlarda problem təkcə su ilə bağlı deyil.

«HEÇ ÖZÜMÜZ DƏ BİLMİRİK BİZİ BURA NİYƏ GƏTİRİBLƏR»

Aprelin 10-u şəhər mədəniyyət evinə toplaşanların əksəriyyəti yerli icra və məhkəmə orqanlarının fəaliyyətindən narazı vətəndaşlar idi. Əksəriyyəti də qadınlar. Şirvan şəhərində, Neftçala, Hacıqabul, Salyan və Sabirabad rayonlarında yaşayan bu insanlar neçə gün idi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın gəlişini gözləyirdilər. Aralarında büdcə təşkilatlarının rəhbərləri tərəfindən «qadınlara aid tədbir» üçün dəvət edilənlər də vardı. Ad-soyadlarını və yaşayış yerlərini deməkdən çəkinən belələri «heç özümüz də bilmirik bizi bura niyə gətiriblər» deyirdilər.

Hicran Hüseynova sakinlərlə görüşür
Hicran Hüseynova sakinlərlə görüşür
Qəbula düşmək istəyənlərin qarşısında belə bir şərt qoyulmuşdu ki, Komitə rəhbərinin adına ərizə yazılmalı və problemləri həmin müraciətdə əks olunmalıdır. «Bunu əvvəldən deyəydiniz», yaxud «ərizə yazacaqdıqsa, daha qəbula niyə gəlirdik, onu poçtla göndərərdik də» deyə, narazılıq edənlər oldu. Bəziləri latın qrafikalı əlifba ilə yazmağı bacarmadıqlarını dedilər. Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Adəm Hüseynov köhnə (kiril) əlifba ilə yazılan ərizələrə də baxılacağını dedikdən sonra narazılıq səngidi.

«BU, ÇOX VACİB BİR ƏMRDİR»

«Cənab prezidentin göstərişi var ki, bütün dövlət orqanları yerlərdə görüşlər təşkil etsin. Məqsəd odur ki, Bakı şəhərinə gəlməyə imkanı olmayanlar yaşadıqları bölgədə qəbul edilsin. Hesab edirəm ki, bu, çox vacib bir əmrdir».
Vətəndaşların qəbulu ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlər qarşısında belə bir açıqlama ilə çıxış etdi. Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma daha çox ailədaxili zorakılığa məruz qalma, işlə təmin olunmaqda kömək istənilməsi ilə bağlı müraciətlər daxil olur.

XALQ NƏ İSTƏYİR?

Hüsniyyə Həsənova
Hüsniyyə Həsənova
Şirvan şəhər sakini Hüsniyyə Həsənova ailəsinin acınacaqlı durumundan söz açdı:

«Nə özüm işləyirəm, nə də yoldaşım. Ərim ürək xəstəsidir, onu müalicə etdirməyə imkan yoxdur. Məşğulluq Mərkəzində işsiz kimi qeydə alınmışam. İş təklif edirlər, amma 3-4 min manat pul da istəyirlər. 3 uşağımız var. 2008-ci ildən bəri müraciət etməyimizə baxmayaraq, ailəmizə ünvanlı sosial yardım təyin edilmir».

Hacıqabul rayonundan gələn Ellada İsmayılova isə övladlarının talassemiyalı xəstə olduğunu dedi: «Qan Bankından nadir hallarda kömək edilir. Çox zaman bankda olmadığına görə qanı donordan pulla alırıq. Mən müəllim işləyirəm, ərim Qarabağ müharibəsi veteranıdır. Hər uşağa görə ödənilən 60 manat 50 qəpik yardım onların müalicəsi üçün yetərli deyil».

Şirvan şəhər sakini 73 yaşlı Xanım Qasımovanın da ürəyi dolu idi:

Xanım Qasımova
Xanım Qasımova
«Mən yaşadığım yerdə heç donuz da yaşamaz. Oğlum ailəsi ilə elektrik lampası belə yanmayan vaqonda yaşayır, əlində diplom olan gəlinimə iş vermirlər. 11 nəvəm var, hamısı ac, ayaqyalındır. Hökumət qabağında düyü boyda «oşibka»mız yoxdu. Kasıbıq, acıq, evsizik, heç olmasa bizə də bir kasa arpa, yaşamağa ev versinlər».

«BU DA GUYA BİZƏ KÖMƏK ETMƏYƏ GƏLİB...»

Sabirabad rayonundan gələn Hökümə Məmmədova ərindən ayrıldığını, himayəsində 2 uşaq olduğunu bildirərək, şikayətləndi ki, ona aliment ödəməli olan keçmiş həyat yoldaşı yoxa çıxıb. İllərdir ki, qanuni qüvvəyə minən məhkəmə qərarı icra olunmur. AzadlıqRadiosunun «məhkəmənin həll edə bilmədiyi məsələni komitə sədrinin yoluna qoyacağına inanırsınızmı?» sualını, Hökumə xanım belə cavablandırdı:

«Bəlkə Hicran xanım aidiyyatı orqanlara bildirəndən sonra onu eşidərlər və problem öz həllini tapar».

Səbiyyə Şahbazova
Səbiyyə Şahbazova
Qəbuldan narazı çıxanlar da oldu. Oğlu, gəlini və azyaşlı 3 nəvəsi ilə birgə Hicran Hüseynovanın qəbuluna gələn Şirvan şəhər sakini Səbiyyə Şahbazova bildirdi ki, ailələrinə dövlət hesabına tikilən ev yarımçıq saxlanılıb, bu məsələdə komitə sədri ona kömək edə bilməyəcəyini deyib: «Guya bizə kömək etməyə gəlmişdi. Daha nə danışım...».

YERLƏRDƏ QƏBUL İL BOYU DAVAM EDƏCƏK

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, Komitə sədrinin may-oktyabr aylarında Cəlilabad, Xaçmaz, Abşeron, Şamaxı, Qəbələ, Mingəçevir, Ağdam və Şəmkirdə analoji qəbullar keçirəcəyi gözlənilir.
XS
SM
MD
LG