Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:12

«Binə» və İsmayıllı aksiyalarında tutulanlardan nə xəbər var?..


İsmayıllıda tutulanlardan biri, 25 yanvar 2013
İsmayıllıda tutulanlardan biri, 25 yanvar 2013
-
Üstündən 3 aya yaxın vaxt keçsə də, İsmayıllı və «Binə» Ticarət Mərkəzində baş verən etiraz aksiyalarına görə tutulanların işində yenilik yoxdur. Həbs olunanların yaxınları və vəkilləri belə deyirlər. Vəkillər, ara-sıra, müttəhimlərin həbsinin ləğvi, ya da ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verir, hər dəfə rədd cavabı alır və beləcə, daha bir vəsatət yazanadək... gözləyirlər.

«DEYİRLƏR, GÖZLƏYİN»

Tutulanların yaxınları da olub-bitənlərin axarına düşərək gözləməkdədir. İsmayıllı olaylarında suçlandırılan Vasif İbrahimovun qardaşı Vaqif İbrahimov deyir ki, istintaqda yenilik olmadığından başqa çarələri yoxdur:

«Heç bir dindirilmə-filan yoxdur. Kimsə, nəsə, bir söz demir. Neçə aydır oturublar orda. Günahsız adamları bu qədər vaxt niyə oturtmusunuz?».

Heydər Ağamalıyevin iki qardaşı – Səftər və Qəmbər Ağamalıyevlər də həbs olunanlar arasındadır. İsmayıllı hadisələrindən sonra yeni icra başçısı gələndə bəzilərinin gözündə ümid işığı parladı. Yeni başçıdan dəyişiklik umur, düşünürdülər ki, o, tutulanların buraxılmasına çalışacaq. Başçının görüşündə olan Heydər Ağamalıyev deyir:

«İcra başçısı gəzir, adamlarla görüşür. Mən də görüşdüm. Elə gələndən bəri icra başçısı deyir ki, tutulanların heç bir günahı yoxdur, istintaq araşdırır. Başqa bir söz deməyib».

İsmayıllıda etiraz aksiyası - 25 yanvar 2013
İsmayıllıda etiraz aksiyası - 25 yanvar 2013
«HEÇ BİR İSTİNTAQ HƏRƏKƏTİ KEÇİRİLMİR»

Elşən İsmayılovun vəkili İslam İsmayılovun dediyinə görə, ittiham olunanlar elə tutulanda dindiriliblər, vəssalam. Vəkillərə də gözləmək qalıb:

«Tutulandan sonra heç bir istintaq hərəkəti keçirilmir. Ancaq iş üzrə müəyyən ekspertizalar aparılır. O ekspertizaların şəxsən mənim müdafiə etdiyim şəxsə heç bir aidiyyəti yoxdur. Nə gözləyirlər, özləri bilər. Hər hansı üzləşmə, dindirmə və ya hər hansı əlavə hərəkət olmayıb».

Vəkil Nizami Abbasov Binə hadisələrində ittiham olunanların müdafiəçisidir. O da eyni sözləri təkrarlayır:

«İstintaqda yenilik yoxdur».

«SİYASİ İŞLƏRDİR, ONA GÖRƏ»

Əlayif Həsənov
Əlayif Həsənov
Hüquqşünas Əlayif Həsənovun fikrincə, istər İsmayıllı, istərsə Binə hadisələrinə görə həbs olunanların işini bu qədər uzatmağa ehtiyac yox idi. O, məhkəmə müddəti və istintaqın səmərəliliyi ilə bağlı dövlətin öhdəliyini xatırladır:

«İstintaqın heç bir əsas olmadan uzadılması, əslində, insan hüquqlarının pozulmasıdır. Bu işlərdə müşahidə olunan odur ki, 1993-cü ildən bəri dövlət bu cür həbslərdən, adətən, siyasi məqsədlər üçün istifadə edir. Hakimiyyətin həmişə belə məsələlərdə bəlli bir məqsədi olur. Siyasi məqsəd güdüləndə həmişə belədir. Bu adamların biri və ya ikisi ilə bağlı problem ola bilər, amma hamısının istintaq müddətinin uzadılması, belə görünür ki, bir ssenaridir».

BAŞ PROKURORLUQ: «ZƏRURİ İSTİNTAQ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR»

Baş Prokurorluq
Baş Prokurorluq
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov müdafiə tərəfinin fikirlərini əsassız sayır:

«Hər iki cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. İstintaqın dayandırılması ilə bağlı səslənən fikrilər tamamilə əsassızdır. Həmin işlər üzrə istintaqın nəticələri barədə ictimaiyyətə əlavə informasiyalar veriləcək».

Bu il yanvarın 23-24-də icra hakimiyyəti başçısının istefası tələbi ilə İsmayıllıda etiraz aksiyası keçirilmişdi. Etirazçılardan 18 nəfəri həbs olunub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhvetmə), 233 (kütləvi iğtişaşlar təşkiletmə və iştiraketmə) və 315.2 (polisə müqavimət) maddələri ilə edilirlər.

Yanvarın 19-da Binə Ticarət Mərkəzində keçirilən etiraz aksiyasına görə 10 nəfər həbs olunub. Onlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ilə ittiham edilirlər.

Hər iki iş üzrə ittiham olunanların həbs müddəti martda 2 ay uzadılıb.
XS
SM
MD
LG