Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:47

Naxçıvan mediasında «hər şey gözəl və superdir»


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda medianın durumu ilə bağlı iki mövqe gözə çarpır. Bir mövqe odur ki, Muxtar Respublikada «hər şey gözəl və hər şey əladır». İkinci mövqe birincinin tam əksidir: «ağı ağ, qaranı qara yazmaq risklidir».

Naxçıvan Ali Məclisinin orqanı olan «Şərq Qapısı» qəzeti məsul katibinin iş telefonunu qaldıran və özünü tanıtmayan əməkdaş öncə bu sözləri deyir:

- Bizdə hər şey gözəl, hər şey əladır.

- Çətinlikləriniz olurmu heç?

- Heç bir çətinliyimiz yoxdur.

- Daha çox nədən yazırsınız?

- Hər şeydən yazırıq, hər şey əladır, gözəldir, superdir. Sağ olun! (Telefonu qapayır).

«HƏR GÜN EVDƏN ÇIXANDA, KƏLMEYİ-ŞƏHADƏTİMİ OXUYURAM»

Eyni bölgədə fəaliyyət göstərən jurnalist Həkimeldostu Mehdiyev «Şərq Qapısı» əməkdaşının mövqeyini bölüşmür. O, muxtar respublikada jurnalist işləməyin, ağı ağ, qaranı qara yazmağın riskli bir iş olduğunu söyləyir:

«Hər gün evdən çıxanda, kəlmeyi-şəhadətimi oxuyuram. Başqa həmkarlarım da mənim kimi. Hər gün, hər an özümüzə qarşı təxribat olacağını göz önünə almışıq. Naxçıvanda dörd müstəqil jurnalistik, hamımıza da basqılar var. Qorxudan qohumlarımın heç biri mənimlə danışmır. Məcbur olmuşam oğlumun toyunu Bakıda edəm. Bilirəm ki, Naxçıvanda eləsəm, toya gələnlərə təzyiq göstərəcək, onları incidəcəklər. Çox ağır vəziyyətdəyik, böhran həddindən də o tərəfədir vəziyyətimiz. Bilmirik nə edək. Hamımıza «satılmışlar» deyirlər.
Elman Abbasov
Elman Abbasov
Hərəmizi bir dövlətin agenti adlandırırlar. Məcbur edirlər ki, çıxıb Naxçıvandan gedək».

TÜRKİYƏYƏ SIĞINAN JURNALİST

Ay yarım əvvəl muxtar respublikanı tərk edən jurnalist Elman Abbasov hazırda Türkiyədə yaşayır. Dediyinə görə, dəvət aldığı tədbirdən sonra bir müddət Azərbaycana qayıtmamaq qərarına gəlib:

«Bu təqib və təzyiqlər məni təngə gətirdiyindən bir müddət Türkiyədə qalmaq qərarına gəlmişəm».

Elman Abbasov sonuncu dəfə ötən ilin dekabrında – Sədərək gömrüyündə problemlərlə üzləşən sahibkar haqqında reportaj hazırlayarkən təzyiqlərlə üzləşdiklərini xatırladır. Deyir ki, əllərindən alınan texniki avadanlıq hələ də qaytarılmayıb və sosial şəbəkələrdə onlara qarşı aparılan qaralama kampaniyasından da gileylənir:

«Sosial şəbəkələrdə bizi vətənə xəyanətdə ittiham edərək deyirlər ki, biz problemləri işıqlandırmaqla düşmənlərə xidmət edirik. Naxçıvanda jurnalistə olan münasibət budur».

TƏZYİQLƏRƏ SƏBƏB OLAN YAZILAR

Həkimeldostu Mehdiyevin fikrincə, təzyiqlərə səbəb günün problemlərini Naxçıvan sakinlərinə çatdırmalarıdır:
Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev

«Biz günün hadisələrindən, özbaşınalıqlardan yazırıq. Adamların şikayətini diqqətə yetiririk. Misal üçün, Azərbaycanın hər yerində torpağın bir hektarını 30-40 manata şumlayırlar, amma Naxçıvanda 300 manata. Biz bu kimi şeylərdən yazırıq və təzyiqlərlə üzləşirik. Yazan kimi də yaxınlarımıza, danışdırdığımız adamlara basqılar başlayır. Mənim qardaşlarımın hamısı Naxçıvandan didərgin salınıb, hamısı Bakıda kirayədə qalır. Bir şəhid ailəsini danışdırmışdıq. Xanımı məktəbdə süpürgəçi işləyirdi, işdən çıxardılar. Təzyiqlər üzündən Elman Abbasov artıq başqa ölkədədir» .

«YAZDIQLARI DA YALANDIR, TƏZYİQLƏ BAĞLI DEDİKLƏRİ DƏ»

Muxtar Respublikanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev Naxçıvanda jurnalistlərə təzyiqlər olması ilə bağlı deyilənləri yalanlayır:

«Qısa və konkret deyirəm: deyilənlər yalandır. O jurnalistlərin yazdıqları da yalandır, təzyiqlə bağlı dedikləri də».

«HƏR ZAMAN NARAHATEDİCİ VƏ BƏZƏN DƏ QORXULU»

Rəşid Hacılı
Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılıya görə, Naxçıvanda mətbuatla bağlı vəziyyət hər zaman narahatedici və bəzən də qorxulu olub:

«Elə adları çəkilən Həkimeldostu, Elman Abbasov, Məlahət Nəsibova Naxçıvanda daim fiziki təzyiq və təhqirlərlə üzləşirlər. Bu barədə heç bir şikayətimiz indiyədək araşdırılmayıb».

Rəşid Hacılının fikrincə, Naxçıvanda hətta vebsayt səviyyəsində müstəqil media vasitəsinin olmaması orada medianın hansı durumda olmasını açıq-aşkar göstərir.

2013-CÜ İL – HƏBS, MƏHKƏMƏ İDDİALARI VƏ YÜKSƏK CƏRİMƏLƏR İLİ

Bu günlərdə IREX-in «KİV-in sabitlik indeksi» adlanan hesabatında Azərbaycan mediasının ağır durumundan söz açılır. Hesabatda Naxçıvana ayrıca yer verilməsə də, 2013-cü ilin Azərbaycan jurnalistləri üçün həbs, məhkəmə iddiaları və yüksək cərimələr ili olduğu qeyd edilir. Sənəddə KİV-ə qarşı 35 iddia qaldırıldığı, ölkənin açıqlanmış məqsədlərə minimum şəkildə cavab verdiyi, yalnız bəsit hüquqi sistemə malik olduğu və hakimiyyətin azad KİV-lərə müqavimət göstərdiyi bildirilir.

Hesabata əsasən, Gürcüstan və Ermənistanda da oxşar problemlər yaşanır, ancaq həmin ölkələrdə KİV-nin vəziyyəti Azərbaycandakından yaxşıdır.
XS
SM
MD
LG