Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:26

İlham Əliyev: «Bizə kənardan məsləhətlər lazım deyil»


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası
-

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

İQTİSADİ GÖSTƏRİCİLƏR, SOSİAL MƏSƏLƏLƏR

Prezident qeyd edib ki, bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artıb və bu, çox yaxşı göstəricidir. Bu artım qeyri-neft sektorunun hesabına əldə edilib, belə ki, bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olub. İnflyasiya 1,2 faiz təşkil edib.

İlham Əliyevin sözlərinə görə, əhalinin pul gəlirləri təxminən 6 faiz artıb. Kənd təsərrüfatında 4 faizdən çox artım olub:

«İki regional inkişaf proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verib. Əgər 2004-cü ildə birinci proqram qəbul olunmasaydı, indi hazırda şaxələndirilmiş iqtisadiyyatdan söhbət belə gedə bilməzdi.

«Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir».
«Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir.

Prezident son 10 il ərzində yoxsulluğun 50 faizdən 6 faizə düşdüyünü vurğulayıb. «Bu da neft-qazla zəngin olan ölkələr üçün, deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır».

İlham Əliyev bu il maaşlar və pensiyaların artırılacağını bildirib.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ XARİCİ SİYASƏT

«Bununla bərabər, biz bundan sonra da öz gücümüzü – siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.

«Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır».

Prezident Əliyev ipoteka mexanizmlərinə yenidən baxmağa çağırıb. İpotekaya ayrılan vəsaitin artırılmalı olduğunu vurğulayıb. «Baxmaq lazımdır, əgər büdcədə imkan olarsa bu il, olmasa gələn ildən ipotekaya ayrılan kreditlər artırılmalıdır ki, gənclərin mənzil problemi daha da sürətlə təmin edilsin».

«Ərzaq təhlükəsizliyi ilə bağlı daim biz öz işlərimizi aparırıq və sahibkarlarla müşavirədə bu məsələ əsas məsələlərdən biri idi. Yenə də demək istəyirəm, bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq».

MƏMUR-VƏTƏNDAŞ ÜNSİYYƏTİ

Prezident İlham Əliyev məmur-vətəndaş ünsiyyətini minimuma endirməyin vacibliyini vurğulayıb. O, «ASAN xidmət»inin fəaliyyətini qeyd edib. Prezidentin sözlərinə görə, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcək. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcək.

«Dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir.

«Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz».

BAKI-TBİLİSİ-QARS GƏLƏN İLƏ QALA BİLƏR

Prezident bu ilin sonuna qədər ikinci regional Dövlət Proqramı yekunlaşdırılacağını bildirib.

«İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək».

«Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Biz hesab edirdik ki, 2013-cü ildə bu layihəni icra edəcəyik. Ola bilər ki, gələn ilə qalsın. Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur. Əsas işlər bu ilin sonuna qədər görüləcəkdir. Bu layihə, yenə də deyirəm, Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıbdır. Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər. Yaxşı xatırlayıram ki, biz Bakı-Tbilisi-Qars layihəsini tərəfdaşlarımızla ciddi şəkildə müzakirə etdikdə «Ermənistan niyə bu layihənin üzvü deyildir» sualları ilə üz –üzə qalmışdıq. «Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcəkdir» məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilibdir. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz.
XS
SM
MD
LG