Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:03

Elif Şafak azərbaycanlılar haqda


Elif Şafak
Elif Şafak
-

“Bizim yeni Konstitusiyaya ehtiyacımız var. Elə bir Konstitusiya ki, daha çox xalqı əhatə etsin. Yalnız türkləri və kürdləri yox, həm də özünü rahatsız hiss edən başqa azlıqları: Erməniləri, Yəhudiləri, Azəriləri, Romaları və başqalarını”.

Türkiyənin populyar yazarı Elif Şafak bu fikirləri Britaniyanın “İndependent” qəzetinə deyib.

O, Türkiyə hökumətinin kürdlərlə barışıq siyasətini alqışlayır, amma ölkədə etnik azlıqlara yanaşmada bir addım da irəlini, bu sahədə daha ciddi dəyişikliyə ehtiyac olduğunu düşünür:

“Bizim 600 illik imperiyamız çoxmillətli, çoxdilli, çoxdinli, inanılmaz dərəcədə kosmopolit olub. 1923-cü ildə respublika quruldu və yürüdülən siyasət bu idi ki, bizim cəmiyyətdəki insanlar - bir-birindən fərqləndirilməyən fərdlərdir. Nə siniflər var, nə də millətlər. Daxildə belə bir fərqi aramağa təhlükə mənbəyi kimi baxmaq və düşmən axtarmaq Türkiyədə qorxu mühiti yaratdı. Qorxu isə təhlükəli bir şeydir, çünki avtoritar tərzdə reaksiya doğurur. Mən demirəm ki, Atatürkün Türkiyəsindən imtina etməliyik. Mən deyirəm ki, biz irəliyə doğru addım atmalı və indikindən daha bərabərhüquqlu və demokratik cəmiyyət qurmalıyıq. Mənim qorxduğum - ucdantutma yeknəsəqlikdir”. – deyə yazıçı bildirib.

E.Şafak hazırda London Kitab Sərgisində iştirak edir. Sərginin xüsusi qonaq dövləti - Türkiyədir.

“İndependent”dəki məqalədə Elif Şafakın yaradıcılığına yanaşma da diqqət çəkir.

Məqalə müəllifi bir tərəfdən Şafakın qadın haqları, kimlik, fikir azadlığı haqda “böyük ideyalar”ının olduğunu, həmin ideyalarla oxucuları öz baxış və mövqelərinə yenidən qiymət verməyə sövq etdiyini, cəmiyyətdə səsi eşidilməyən qruplara ciddi-cəhdlə öz romanlarında meydan verməyindən yazır.

Amma digər tərəfdən məqalədə qeyd edilir ki, onun yaradıcılığı Nobel mükafatlı Orhan Pamukun əsərləri ilə müqayisədə ən yüksək sənət nümunəsi sayıla bilməz: yəni nəsri mürəkkəb deyil, səhifələr asanlıqla çevrilir, süjetlər bəzən çox sadə xətt üzrə inkişaf edir, “Eşq” isə (əsərin adı ingiliscəyə “Sevginin 40 qaydası” kimi çevrilib) Paulo Coelho-nu xatırladır.
XS
SM
MD
LG