Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:05

ABŞ Suriyanın kimyəvi silaha əl atdığını iddia edir


Chuck Hagel
Chuck Hagel
-
Hərçənd ABŞ-ın müdafiə naziri Chuck Hagel daha ehtiyatlı diplomatik dildə danışıb.
O deyib ki, Amerika kəşfiyyatı Suriyanın kimyəvi silahdan istifadə etdiyinə dair «müəyyən əminliyə»malikdir.
ABŞ kəşfiyyatı güman edir ki, Dəməşq sinir sisteminə təsir edən sarin qazından istifadə edib.
Cənab Hagel deyib ki, kimyəvi qazlardan istifadə «kiçik miqyasda» baş verib.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, kimyəvi silahlardan istifadə edilməsi Suriyaya hərbi müdaxilə üçün «qırmızı xətdir», lakin hazırkı kəşfiyyat məlumatı 100 faizli dəlil təqdim etmir.
Abu Dabidə çıxış edən Pentaqon başçısı bildirib ki, «kimyəvi silahlardan istifadə bütün hərbi konvensiyaların pozulması deməkdir».
ABŞ dövlət katibi John Kerry bəyan edib ki, Suriyada kimyəvi silahdan iki epizodda istifadə olunub.
Böyük Britaniya Xarici İşlər Nazirliyi də bəyan edib ki, Suriyada kimyəvi silahdan istifadəyə dair «müxtəlif mənbələrdən alınan, lakin israrlı informasiyalara» malikdir.
Britaniya mətbuatı xəbər verir ki, Londonun gizli yollarla Suriyadan gətirdiyi torpaq nümunələri Porton Daun məntəqəsində yerləşən Müdafiə Elmi və Texnologiyaları Laboratoriyasında (Defence Science and Technology Laboratory) analiz edilib.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, analizin nəticələri torpaq nümunələrində sarin qazının olduğunu göstərib.
EHTİYATLI İGİDİN ANASI AĞLAMAZ
Bununla belə, Suriyada iki ildir ki, davam edən münaqişədə kimyəvi silahdan istifadə olunduğu rəsmən təsdiq edilməyib.
Azad Suriya Ordusunun əsgəri
Azad Suriya Ordusunun əsgəri
Ötən dekabrda ABŞ prezidenti Barac Obama Suriya lideri Bashar al-Assad-ı «kimyəvi silahlardan istifadənin mümkün nəticələrini göz önünə almağa» çağırmışdı.
Konqresə və Senata məktubunda Ağ Evin qanunvericilik məsələləri ofisinin rəhbəri Miguel Rodriguez yazır ki, bundan əvvəlki təcrübə belə məsələlərdə yalnız kəşfiyyat orqanlarının məlumatlarına etibar etməyin kifayət olmadığını göstərib.
Məktub nüfuzlu senatorlar John McCain-ə və Carl Levin-ə ünvanlanıb.
Məktuba cavabında senator McCain jurnalistlərə bildirib ki, Suriyanın «qırmızı xətti» keçdiyi göz qabağındadı.
O, Ağ Evi təcili qaydada müxalifəti silahlandırmağa çağırıb.
Senatın Kəşfiyyat Komitəsinin sədri, demokrat Dianne Feinstein Suriyanın kimyəvi silah cəbbəxanasının neytrallaşdırılması üçün beynəlxalq hərəkətə çağırıb.
Başqa bir demokrat, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirib ki, beynəlxalq müdaxiləyə «uçuşlarsız zonanın» tətbiq edilməsi də daxil olmalıdır.
Ağ Ev bildirib ki, kəşfiyyat məlumatının dəqiqləşdirilməsi üçün bütün müttəfiqlərlə məsləhətləşmələr keçirəcək.
Bu həftə İsrail hərbiyyəsi də Suriya qüvvələrinin üsyançılara qarşı sarin qazından istifadə etdiyini bildirib.
Bu arada Suriya hökuməti və müxalifəti bir-birini kimyəvi silahlardan istifadədə ittiham edir.
BMT-nin silah müfəttişləri Suriyaya daxil olmaq üçün səy göstərirlər.
XS
SM
MD
LG