Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49

Çernobıl veteranı: «...Nə pəncərə aça bilirəm, nə qapı»


Çernobıl zonası, 24 aprel 2012
Çernobıl zonası, 24 aprel 2012
-
«Gətirdilər məni kəndə, kərpicdən olan köhnə, dağılmış bir ev verdilər. Dedilər al, bu 1000 manat, bu da 800 ədəd daş. Əlin-ayağın yerindədir, tik-düzəlt özün üçün, yaşa. Mənim də yaşamağa yerim olmadığına görə qaldım çıxılmaz vəziyyətdə. Bankdan kreditə borc pul götürdüm, evin uçuq-sökük yerlərini düzəltdim. Hələ də əlillik pensiyasını bankomatdan çıxarıb birbaşa banka ödəyirəm» – Çernobıl əlili Namiq Ağayevin sözləridir.

Aprelin 26-da Çernobıl qəzasından 27 il ötür. O qorxunc olay zamanı Azərbaycandan köməyə göndərilən 7 min nəfərdən biri də Namiq Ağayev olub. Çernobıldan əlil statusu ilə qayıdan müsahibim deyir ki, o gündən bu günədək əlil kimi hələ bircə dəfə də dövlət qayğısı görməyib. Elə kirayənişin həyatı sürüb, ailəsinə gün yaşatmadığından üzülüb. İndi 5 nəfərlik ailəsi ilə Saatlının Nəzrəli kəndində sınıq-salxaq bir komaya sığınıb:

«Evin arxa tərəfi böyük çaladır. Bu iyrənc bir çala evdən iki metr aralıdadır. Üfunətdən nə pəncərə aça bilirəm, nə qapı. Yan-yörəmiz qurd-quşla, ilan-çayanla doludur deyə, uşaqları gözdən qoya bilmirik. Bəri tərəfimiz də yoldur. Gecə-gündüz ordan keçən ağır yük maşınlarının səsindən gözümə yuxu getmir. Özüm də əsəb xəstəsiyəm. Çernobıl hadisələrinin ora gedənlərin səhhətinə necə təsir etdiyini, yəqin ki, özünüz bilirsiniz».

EV VERDİLƏR, SONRA ALDILAR

Foto: Arxiv
Foto: Arxiv
Namiq Ağayevin dediyinə görə, uzun illər nazirliklərə, prezidentə yazıb-pozandan sonra 2008-ci ilin sentyabrında ev növbəsinə götürülüb. Saatlının icra hakimiyyəti ona ikiotaqlı evin orderini də təqdim edib. Amma:

«Həmin vaxt mənimlə nikahda olmuş həyat yoldaşım münasibətlərimiz pis olduğuna görə həmin evə getmək istəmədi. Bundan xəbər tutan icra hakimiyyəti də məndən xəbərsiz onu çağırıb mənzildən imtina ərizəsi aldı. Evə gedəndə gördüm ki, qapıda möhür var. Məlum oldu ki, evi əlimdən alıblar. Heç əşyalarımı da çıxara bilmədim. Çığır-bağır salsam da, səsimə səs verən tapmadım».

Namiq Ağayev deyir ki, min bir fitnə ilə ondan geri alınmış mənzili sonradan başqasına satdıqlarını öyrənib.

Saatlının icra hakimiyyətindən məsələni bir daha araşdıracaqlarına söz verdilər.

5000 ÇERNOBIL ƏLİLİ VAR

Qurumun vədinə əməl edib-etməyəcəyi həmin məsələnin bir başqa tərəfidir. Sadəcə, 27 il öncə bütün
Ukraynada Çernobıl qəzasının qurbanları
Ukraynada Çernobıl qəzasının qurbanları
dünyanı titrədən Çernobıl qəzasına məcburən göndərilən və doğmalarının yanına əlil qayıdan bir adamın həyat hekayətini anlatmağa çalışdıq.

Öhdəsində özündən başqa qoca valideynləri və azyaşlı uşaqları olan, hər ay aldığı əlillik təqaüdünü qəpiyinəcən götürdüyü kredit hesabına ödəyən, üfunətdən pəncərələrini günəş işığına aça bilməyən əlilin hekayətini.

Keçmiş post-sovet ölkələrində də Çernobıl əlillərinə qayğı, münasibət Azərbaycandakından ürəkaçan deyilmiş. İnternetdəki axtarışlarımız nəticəsində belə qənaətə gəldik. Məlum oldu ki, fərq bir şeydədir – qonşu ölkələrdə Çernobıl əlilləri güzəranlarının yaxşılaşdırılması üçün tez-tez hökumətə etirazlar edirlər.

1986-cı ildə Çernobılda baş vermiş qəzanı aradan qaldırmağa göndərilən 7 min Azərbaycan vətəndaşından artıq 2 mini həyatını itirib. Hazırda yaşayanların çoxu 1-ci və 2-ci qrup əlillərdir.
XS
SM
MD
LG