Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:58

Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirinə


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


Kürçaylı Məmmədov


Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirinə

Qadınlar bir olmur atam balası,
Ayağının altında cənnəti saxlayan var,
belində yad kişi əli.
Dodağında özgə öpüş,
gözlərində əri.

Qadınlar bir olmur atam balası,
Uşaq evi deyilən dərd ocağı var,
ana istisinə həsrət.
Neçə-neçə bığıburma,
boynubükük kişilər var,
qadın bədəninə toxuna bilməyən...

Qadınlar bir olmur atam balası,
Bazarda göyərti də satarlar,
Kabinetdə vəzifə də.
Amma hamısı qadın olmağa hazır,
amma hamısı ana çağrıla bilən...

Qadınlar bir olmur atam balası,
Kişinin boş cibinə əl soxan da var,
Tənha qalıb göz yaşını sıxan da.
Qadın məkri kişiləri yıxanda
Ağrayır sol qabırğanın yeri,
Ağrayır bomboş ciblərdə qurdalanan
Kişi əlləri.

Qadınlar bir olmur atam balası,
Ya ata evinə sadiq olar,
ya da ər evinə.
Ömur boyu qulaq asar qaynana-baldız neyinə...

Qadınlar bir olmur atam balası,
İki olur, üç olur qadınlar,
çox olur bəzən də,
lap çox.
O qədər başını götürüb qaçan kişi görmüşəm ki,
biri elə qonşum.
Elə qaçdı,
qadını ciblərınə girməyə vaxt tapmadı,
ürəyinə də...
Qaçanda ayağına yapışmadı yollar,
niyə qaçdın sualına,
başına at təpib dedi,
sevmə,
hələ bir şeir də yazırsan arsız-arsız,
bir olmur qadınlar...


***



Kirayə qaldığımız mənzillər
daha isti öz evlərimizdən.
Nələr yaşatmadıq
kirayə qaldığımız mənzillərə...
Tənhalığımızı,
sevgimizi,
acılarımızı doldurduq ağzına qədər.
Paltar şkafı,
soyuducu dolu olmadı bu müddət ərzində...
Yediyimiz "sən" adlı xatirələr,
İçdiyimiz göz yaşı,
Geydiyimizsə uzaqlıq anlayışı.
Nə doyduq yediyimizdən,
nə də soyuna bildik geyimimizi...
Yad şəhərlərdə doğmalaşmağa
bir adam axtardıq,
Hamısı qaçdı bizdən
üstümüzdən dərd töküldüyünə görə...
İndi dərdlərin də ağır çəkisi var,
Bahalı dərdlər var, məsələn.
Ucuz dərdlərə kimdir tapınan...
XS
SM
MD
LG