Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:15

Hələ ki nəğmələr var, şərqilər var


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Sara Selcan


Hələ ki nəğmələr var, şərqilər var


Hələ ki nəğmələr var,şərqilər var
Səninçün oxumağa.
Oxuyuram,
Məzlumların çox,
zalımların bol olduğu ölkədə.
Oxuduqca
Sənə doğru yürüyür ayaqlarım,
əllərim sənə sarı dartınır,
Ürəyim yaxamı cırıb
Səni axtarır
əllərində qəlbimin qırıqları.
“Saçqıranlar” yapışıb saçımdan
Geri sürüyür.
Qanadlarım çırpınır,
Dodaqlarım susayır
Sənsizliyin təsəvvürümdəki
Atəşli nəfəsinə
Toxunmağa ,
Sənə yaxından baxmağa.
Hələ ki nəğmələr var,şərqilər var
Səninçün oxumağa.
Küçələrdə veyil-veyil gəzən
Səni axtarıb
Özlərini də itirən adamları ,
Sənə gedən yolu tapmadan,
Səni tanımayanları,
Adını bilmədən səni axtaranları
Inandırmağa yalnız sənin
Qurtara biləcəyinə
sahibsizlikdən itləri,
Adamları kimsəsizlikdən,
Yalandan dilləri.
Payız damcılayan ürəyimizə
Sənin bahar şəkli gətirəcəyinə,
Xoşbəxt edəcəyinə ölkəni.
Sənə çatmaq üçün
Qırmızı qanlı yollarla keçib gəldik
Bir neçə dəfə
Amma hər dəfə qəlp çıxmısan.
Sənə çatıb
Ağuşuna atılanda cildini dəyişmisən,
Azadlıq,
sən saxta puldan da saxtasan.
Hər dəfə
sevinə-sevinə üstünə qaçanları
Ya səfil etdin,ya dəli.
Doğrumu, ya yalan?
Azadlıq,biz səni aradıq ,sevdik
Həyat uzunu.
Səndəmi bizləri?
Hələ ki nəğmələr var,şərqilər var
Səninçün oxumağa,
Adamları inandırmağa sənin varlığına,
Bizlə olub,bizim olacağına.


Bu dəfə aldatmayacaqsan ki?!


Sənə qələbədən danışacam, oğlum

Sənə qələbədən danışacam,oğlum,
Müharibəni dəlicəsinə oynayıb,
Ağılsızcasına uduzmağımızdan
Danışmayacam.
Məğlubiyyətdən deyil,
Şəhid olub qapı-qapı paylanmaqdan,
Qaçqın olub ev-ev səpələnməyimizdən,
26 fevralda donan ahımızdan,
Xocalının yayın istisində də
canımızdan çıxmayacaq soyuğundan
Danışmayacam.
Sənə qələbədən danışacam,oğlum
Ora necə yüyürməyimizdən
Aparmağımızdan bayrağı Şuşaya
ürəyimizdə.
O torpağa sancandan sonra bayrağı
Alçaq boyumuzun
Necə böyüməyindən,
Ordakı qanların yerində açan al lalərdən
Danışacam ,oğlum.
Mən danışdıqca
Sənin gözlərin böyüyər
-Qan necə laləyə dönər
Ana,- soruşarsan.
Mən:
-axı,iksi də qırmızıdır, deyərəm.
Sənin təsəvvüründə rənglər sayrışar,
O qırmızıyla qaçdı-tutdu oynayarsan.
Axı uşaqlar rəngləri və işığı çox sevir,
Rəngsizliyi deyil.
Sənə qələbədən danışacam,oğlum.


Səni qələbədən sonra doğacam.
XS
SM
MD
LG