Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:58

Venesiya Komissiyası iki dəfədən çox prezident olmağı demokratiyadan geri addım sayır


Prezident seçkisi, 15 oktyabr 2008
Prezident seçkisi, 15 oktyabr 2008
-

Dörd il əvvəl Azərbaycanda keçirilən referendum bir şəxsin prezident seçilməsinə qoyulan qadağanı aradan qaldırdı. Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndi ləğv olundu. Həmin bənd Azərbaycan Respublikasının prezidenti vəzifəsini ardıcıl olaraq iki müddət icra etmiş şəxsin növbəti seçkilərə qatılmasını yasaqlayırdı.

Prezident İlham Əliyevin ikinci prezidentlik dövründə qəbul olunmuş bu dəyişikliyin onun özünə şamil olunub-olunmamasına dair mübahisələr davam edir. Hələlik, İlham Əliyev prezidentliyə namizədliyini irəli sürməyib. Ancaq artıq bir neçə qurum onu bu postda kimi görmək istədiyini dilə gətirib. Bənzər fikirlər parlamentdə də səslənib.

Venesiya Komissiyasından AzadlıqRadiosuna bildirirlər ki, bu məsələdə qurumun mövqeyi dəyişməz qalır, belə ki, Komissiya 2009-cu il martın 16-da Konstitusiya dəyişikliklərinə dair rəyini açıqlayıb. Həmin rəyin 3-cü hissəsi Prezidentin 2 dəfə seçilmə müddətinə qoyulan qadağanın aradan qaldırılması barədədir.

Rəydə bildirilirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır».

Qurum xatırladırdı ki, bir qayda olaraq prezident respublikalarında hakimiyyətin parlament və məhkəmə sistemindən çox dövlət başçısının əlində cəmləşməsi meyli olur. Buna görə də prezident seçilməyə limit qoyulur ki, bütün güc bir nəfərin - prezidentin əlində cəmləşməsin.

Bundan başqa, Venesiya Komissiyası hesab edir ki, prezidentliklə bağlı limitin demokratiya strukturlarının tam bərqərar olmadığı ölkələrdə saxlanması xüsusilə vacibdir. Komissiyanın fikrincə, Azərbaycanda belə bir limitin ləğvi ölkədə demokratik strukturların tam bərqərar olması qarşısında ciddi maneədir.
XS
SM
MD
LG