Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:18

"M. Əmin Hitlerlə görüşür, bizə deyirdi ki, Azərbaycan müstəqil olacaq"


sağdan sola: İlham Tumas, Bəkir Məmmədov və Həzi Məmmədov
sağdan sola: İlham Tumas, Bəkir Məmmədov və Həzi Məmmədov
-

Alman ordusunda döyüşmüş Bəşir Əlizadə: "Ruslar davamlı “yoldaşı” deyə çağırırdılar bizi. Guya geri qalmış insanlarıq"

Sovet ordusunda döyüşmüş Bəkir Məmmədov: "Düzdür, ruslar belə söz demişdilər. Amma Bağırov buna görə cəbhəyə də getmişdi..."


Nəsiman Yaqublu: "“SSRİ bizim vətənimiz olmayıb”"

İlham Tumas: "Məncə, legionerliyi ideallaşdırmaq lazım deyil. Mən Nəsiman bəydə bunu hiss etdim".

Cəmil Həsənli: “Legionerlərdən qəhrəman düzəltməyin əleyhinəyəm”


Azərbaycan legionerləri: nasist nökərləri, yoxsa azadlıq mücahidləri?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda bu suala cavab verdilər: tarixçi alimlər Cəmil Həsənli, Nəsiman Yaqublu, araşdırmaçı jurnalist İlham Tumas, İkinci Dünya Müharibəsinin iştirakçıları, almanlara qarşı döyüşmüş Bəkir Məmmədov, Həzi Məmmədov və Almaniyada yaşayan, əsir düşəndən sonra Azərbaycan legionunda xidmət etmiş Bəşir Əlizadə.

“Alman faşistlərinə qarışıb ana vətəninə qarşı mübarizə aparıbsa, mən şəxsən buna müsbət qiymət vermərəm”.

Bəkir Məmmədov:

- Biz onda o cür əsir düşən adamlar varmı-yoxmu bilməmişik. Müharibə qurtarandan sonra bilmişik. Onların həqiqi fikirlərindən də xəbərimiz olmayıb. Amma ümumiyyətlə, biz bunu pis hesab edirik. Çünki hər kəsin öz vətəni var, o vətən uğrunda da müharibəyə gedib. Əgər vətənini, ölkəsini müdafiə etməyi bacarmırsa, özünü bu yolda ölümə vermirsə, öz ölkəsinə - ana vətəninə qarşı çıxırsa, bu adam haqqında mənim fikrim yaxşı ola bilməz. Ona söz yox. Bir də var məcburiyyət qarşısında əsir düşüb və Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi partizanlara qoşulub, qəhrəmanlıq edib, vətənimizin adını ucaldıb, alman faşistlərinə qarşı müharibə aparıb, əlbəttə, bu ayrı söhbətdir. Ancaq kimsə alman faşistlərinə qarışıb ana vətəninə qarşı mübarizə aparıbsa, mən şəxsən buna müsbət qiymət vermərəm.

Həzi Məmmədov:

- Biz hücuma keçəndə özümüz haqqında düşünməmişik, “mənə güllə dəyməsin” deməmişik. Qaldı sizin sualınıza, nə əsirlərlə, nə legionerlərlə işim olmayıb.

Ş.Bəylərqızı:

- Bəkir Məmmədov da, Həzi Məmmədov da vətən yolunda vuruşduqlarını vurğulayırlar. Amma həmin legionerlər də vətənin - Azərbaycanın azadlığı uğrunda vuruşduqlarını, kommunizm əleyhinə mübarizə apardıqlarını deyirlər. Bu gündən baxanda onlara haqq qazandıra bilirsiz?

B.Məmmədov:

- Sovet hökumətində kommunist sözü müqəddəs idi. Hər dövrün öz hökmü var. O dövrün quruluşu ilə indiki eyni ola bilməz. Biz indi də döyüşə hazırıq. Bu gün bizim müqəddəs ölkəmiz var. O vətənə qulluq etmək bizim borcumuzdur. O vaxt sovet hökuməti vardı, indisə həm ordumuz var, həm sərkərdəmiz.

Ş.Bəylərqızı:

- Həmin adamlar da bu gün üçün çalışdıqlarını deyirdilər.

B.Məmmədov:

- O haqda onların fikrini oxuya bilmərik. Biz bunu bilmirik. (ardı aşağıda)

Bəkir Məmmədov və Həzi Məmmədov (sağda)
Bəkir Məmmədov və Həzi Məmmədov (sağda)


“Legionlara qoşulanları qamçılamaq və ya satqın adlandırmaq da düz deyil”

İlham Tumas:

- Legionerlər haqda keçmiş Sovetlər Birliyində iki fikir geniş yayılıb. Birinci fikir budur ki, onlar Azərbaycanın müstəqilliyi uğrunda çalışmış mücahidlərdir. İkinci fikir odur ki, onlar faşistlərin nökərləridir. Əslində, legionerlərə “faşist nökəri” demək yanlışlıqdır. Legionerlik bir tarixi olaydır. Təxminən 40 minə yaxın azərbaycanlı legioner olub. Legionerliyi doğuran o dövrün siyasi şərtləri idi. Birincisi, müharibə başlayanda Azərbaycanın müstəqilliyindən cəmi 20 il keçmişdi və Azərbaycan insanı o müstəqilliyin şirinliyini unutmamışdı. İkincisi, Avropada çox güclü Azərbaycan lobbisi var idi. Sovetlərdə aparılan repressiyalardan da çox az vaxt keçmişdi. İnsanlar repressiya aparatından, totalitar rejimdən bezmişdilər. Yəni o mənada o insanları qınamaq da olmur. Onların seçimləri də məhdud idi. Ya onlar məhv olmalı, ya da alman tərəfə işləməliydilər. Mən təbii ki, birinci növbədə o insanlara hörmət edirəm ki, Mixaylo – Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Həkim Cavadlı, Hollandiyalı Medo, Mirdaməd Seyidov kimi legioner olsalar da, fürsət düşən kimi partizanlar tərəfə keçərək qəhrəmanlıqlar ediblər. Ancaq legionlara qoşulanları qamçılamaq və ya satqın adlandırmaq da düz deyil.

Ş.Bəylərqızı:

- Almaniyada yaşayan keçmiş legioner Bəşir Əlizadəylə müsahibəmiz var, proqramdan əvvəl alınıb, onu da dinləyək. (ardı aşağıda)

Bəşir Əlizadə
Bəşir Əlizadə


“Əsir düşəndən sonra hürriyyətə qovuşmuş kimi olduq”

Bəşir Əlizadə:

- Mən 1942-ci ildə almanlara əsir düşdüm. Bizi Ukraynaya gətirdilər. Qızıl Orduda yemək yox idi, əynimiz-başımız pis idi, üstümüzdə bitlər yeriyirdi. Almanlar bizi təmizlədilər. Bizi Polşaya apardılar, Azərbaycan legionunda əsgəri təlim keçdik, alman əlbisəsi geyib, silahlandıq, hərbi and içdik, yəmin etdik. Dəmir yollarını mühafizə edirdik, partizanlarla vuruşurduq. 1945-ci ildə almanlar təslim oldular. Mən amerikan tərəfə keçdim, yoldaşlarımı itirdim, kim hara getdi bilmədim. Amerikanlar bizə yemək verdilər. Doğum yerimizi Türkiyə yazdırdıq. Qorxurduq ki, bizi birdən Rusiyaya təslim edərlər. Bir il bizə baxdılar, sonra dedilər ki, qüsura baxmayın, Türkiyə hərbə girmədiyi üçün buranı tərk etməlisiz...

- Siz legionerlər Azərbaycanın azadlığı uğrunda vuruşurduz, yoxsa əsirlikdən qurtarmaq, başınızı salamat saxlamaq üçün bunu edirdiz?

- Əslində bizim qayəmiz kommunizmə qarşı idi. O zaman Rəsulzadə Almaniyada idi və davamlı Hitlerlə görüşürdü. Onun sözlərinə görə, almanlar demiş ki, kommunizm çökdükdən sonra Azərbaycan müstəqil dövlət olacaq, Almaniya onlara istədiyi qədər yardım edəcək. Rəsulzadə hər zaman belə danışırdı, biz legionerlərlə görüşür, bizə bilgilər verirdi.

- Sovet dövründə almanlara əsir düşənləri qınayırdılar və düşmən, dönük kimi baxırdılar.

- Əsir düşəndən sonra hürriyyətə qovuşmuş kimi olduq. Almanlar bizə yaxşı baxdılar. Qayəmiz də Azərbaycanı kommunizmdən xilas etmək idi. Bu yolda çox vuruşduq, çox çalışdıq. Rus ordusunda olarkən ruslara nifrət etdim, bizə ikinci növ insan kimi baxırdılar. Davamlı “yoldaşı” deyə çağırırdılar bizi. Guya geri qalmış insanlarıq. Almanlar elə deyildilər, bizə heç fərq qoymadılar.

“Biz müharibədə bir vətən uğrunda vuruşurduq”

B.Məmmədov:

- O zaman alman faşistləri bizə kommunist ölkəsi olaraq vəhşi kimi baxırdı. Orda bir söz işlətdi: “yoldaşı”. Düzdür, ruslar belə söz demişdilər. Amma Mir Cəfər Bağırov buna görə cəbhəyə də getmişdi. O zaman kommunist ölkəsində fikirləşmirdik ki, bu saat sovetlərdən ayrılıb öz dövlətimizi yaradacağıq. Ya da almanlar bu şəraiti yaradacaqlar. Soldatın vəzifəsi döyüşdür. Bir də ölməkdir. O, doğulduğu torpağı müdafiə etməlidir. Sonradan sovet hökuməti Berlinə qədər çıxdı, yaşadı, amma hazırda ayrı, müstəqil dövlətik.

Həzi Məmmədov:

- Biz müharibədə bir vətən uğrunda vuruşurduq. Hitler heç də Rusiya ilə kifayətlənmirdi, Azərbaycanı da alacaqdı. Azərbaycan oğulları da buna razı olmazdı. Biz də buna görə vuruşmuşuq. Qaldı ki, əsir düşənlərə, onların dediyindən xəbərimiz yoxdur, əsir adam nə desən onu edəcək, başqa çarəsi yoxdur. Biz Azərbaycanı qorumuşuq. Hitler Azərbaycan neftinin arzusunda idi. Bizim məqsədimiz aydın idi. Biz vətəni müdafiə etdik. (ardı aşağıda)

Nəsiman Yaqublu
Nəsiman Yaqublu


“SSRİ bizim vətənimiz olmayıb”

Nəsiman Yaqublu:

Bəşir bəy bizim sonuncu legionerlərdən biridir, onu şəxsən tanıyıram. Allah ona uzun ömürlər versin. Mən söhbətə studiyadakı bəyin sözündən başlamaq istəyirəm. Bəy, bizim ağsaqqalımız bayaqdan “vətən-vətən” deyir. O hansı vətəndən danışır, mən onu bilmirəm. Əvvəla, SSRİ bizim vətənimiz olmayıb. SSRİ 1922-ci ildə yaranıb. Buna qədərsə Azərbaycanda Xalq Cümhuriyyəti olub, 23-dək dövlət onun müstəqilliyini tanıyıb. 1920-ci ildə ağsaqqalın “vətən-vətən” dediyi ölkənin sahibləri - XI Qızıl Ordu Azərbaycanı işğal edib. Ona görə də vətən anlayışına ehtiyatlı yanaşmaq lazımdır. Azərbaycan da SSRİ-nin mövcudluğu dövründə müstəmləkə kimi yaşayıb. Ona görə də Hitlerin gəlib Rusiyanı, ya Azərbaycanı alması ilə 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı alması arasında heç bir fərq yoxdur. Hər ikisi də işğalçı idi. Mən başlıca mövzuya qayıtmaq istəyirəm. Həqiqətən də 1941-ci ildə müharibə başlayandan sonra çox sayda azərbaycanlı (bəzi mənbələrdə onların sayı 35, bəzilərində 70 min göstərilir) əsir düşdü və alman tərəfində yaşamaq məcburiyyətində qaldılar. Amma əsirlikdə olduqları müddətdə Azərbaycan adı uğrunda mübarizə apardılar, müxtəlif cəmiyyətlər, təşkilatlar qurdular, “Azərbaycan” adlı qəzet buraxdılar. Bura onu da əlavə edim ki, 1945-ci ilin martında Almaniya Azərbaycanın, Gürcüstanın müstəqilliyini tanıdı, deməli, bu mübarizə elə-belə mübarizə olmayıb. İkinci tərəfdən Stalinin əsirlərlə bağlı 271 sayı əmri vardı deyə, əsir düşənlər geri qayıda bilmirdilər, onlar “vətən xaini” adını alırdılar. “Vətən xaini” isə güllələnirdi. Bu obyektiv səbəblər. Ancaq subyektiv səbəblər də vardı. Bunlar nisbətən yaşlı insanlarıydılar, müstəqil Azərbaycan dövlətini görmüşdülər, sovetlərdən ciddi şəkildə narazıydılar. Ona görə də imkan düşən kimi alman tərəfə keçirdilər, mübarizə aparırdılar. Azərbaycanlı legionerlərin mübarizəsi Azərbaycanın müstəqilliyi uğrundakı mübarizənin bir hissəsi idi.

Ş.Bəylərqızı:

- Əks tərəfin arqumenti budur ki, almanlar da Azərbaycana tam müstəqillik verməyəcəkdilər, Azərbaycan beləcə SSRİ müstəmləkəsi olmaqdan qurtulub Almaniyanın boyunduruğuna düşə bilərdi.

N.Yaqublu:

- Təsdiqedici fakt budur ki, almanlar Azərbaycanın müstəqilliyini tanıdılar. İkincisi, insan qul kimi yaşayırsa, o, köləlikdən azad olmaq uğrunda mübarizə aparmalıdır. Legionerlər də müstəmləkədən qurtulmağa çalışırdılar. Sonrasını zaman göstərəcəkdi. XX əsrdə iki qorxulu ideologiya olub: bolşevizm-kommunizm və faşizm. Sübut edirlər ki, bolşevizm bəşəriyyət üçün faşizmdən də qorxulu olub. Legionerlər də faşizmi müdafiə etmirdilər. Onlar azad, sülhsevər alman xalqı ilə birgə mübarizə aparırdılar. (ardı aşağıda)

Proqramdan sonra
Proqramdan sonra


“Legionerlər alman xalqı ilə yox, məhz Hitlerin generalları ilə bir yerdəydilər”

İ.Tumas:

- Məncə, legionerliyi ideallaşdırmaq lazım deyil. Mən Nəsiman bəydə bunu hiss etdim. Nəsiman bəy deyir ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıdı. Əslində, o zaman 1945-ci ilin martında Almaniya artıq darmadağın olmuşdu və onun Azərbaycanın müstəqilliyini tanımasının adı yox idi. Almaniya Azərbaycanın və ya başqa ölkənin müstəqilliyini tanımaq belə istəməzdi. Nəsiman bəy bilir, 1943-cü ildə milli komitələrin yaradılması ilə bağlı Rəsulzadə ilə Düdəngiski arasında mübahisə yaranmışdı və ayrılmışdılar. Bundan sonra Rəsulzadə əsirlərin azad olunması ilə, sülhpərvər missiya ilə məşğul idi. Nəsiman bəy deyir ki, legionerlər alman xalqı ilə bir yerdəydi, üzr istəyirəm, bu həddən artıq qeyri-ciddi fikirdir. Alman xalqı ilə yox, məhz Hitlerin generalları ilə bir yerdəydilər. Nəsiman bəy necə ki SSRİ-nin vətən olmadığını deyir və onu qamçılayır, o cür də legionerləri ideallaşdırmamalıdır, guya onlar məhz Azərbaycanın müstəqilliyi uğrunda vuruşurdular. Onda niyə bəzi legionerlər imkan düşən kimi partizanlara qoşuldular?

N.Yaqublu:

- Burda heç kim legionerləri ideallaşdırmır. Mən əsirlərin legionlara düşməsini bir neçə səbəblə bağladım. Əsir düşənin azadlığı nə qədər ola bilər - hamımız bilirik. İkincisi, Stalinin əmri buna imkan vermirdi. Mən İlham bəyə legionerlərin buraxdığı “Azərbaycan” qəzetini oxumağı məsləhət görürəm, bu qəzetin komplektini mən Almaniyadan gətirib arxivə vermişəm. Bu qəzeti oxuyanda görəcək ki, bu insanlar müstəqil Azərbaycan uğrunda necə mübarizə aparıblar. O ki qaldı, legionerlərin bəzilərinin partizanlara qoşulmasına, bu, məsələnin başqa tərəfidir. Fətəli bəy Düdənginski kitabında yazırdı ki, Azərbaycan oğulları faşizmi ürəkdən qəbul etməyiblər. Sadəcə, onlara qoşulmağa məcbur olublar, amma bu zaman da Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Onlara faşistlərə qoşulub demək düz deyil. Rəsulzadə ilə Düdənginskinin münasibətlərinə gəlincə, yetərincə səmimi münasibətləri olub, biri siyasətçi, o biri hərbçi idi. Hər biri müxtəlif formada müstəqil Azərbaycan uğrunda mübarizə aparırdı və hər iki mübarizəni məqbul sayıram.

İ.Tumas:

- Mən legionerlərə xain demirəm. Amma bir şey var, Almaniya SRRİ ilə bağlı plan hazırlayanda respublikalar arasında milli məsələləri qabartmağı da nəzərdə tutmuşdu. Qəzet buraxmağa da onların karına gəldiyi üçün imkan verirdilər. Yəni legionerləri ideallaşdırıb, SSRİ üçün çalışan əsgərləri yerə vurmaq düz deyil. O adamlar sizin dediyiniz faşizm kimi böyük təhlükəyə qarşı vuruşublar. (ardı aşağıda)

Cəmil Həsənli
Cəmil Həsənli


“Legionerlərdən qəhrəman düzəltməyin əleyhinəyəm”

Cəmil Həsənli:

- Legionerlik spesifik sahədir, yanaşma da bu cür olmalıdır. Legionerlərin sovet dövründə olduğu kimi vətən xaini sayılması səhvdir. Amma eyni zamanda, legionerlərdən simvol düzəltmək də onun qədər səhvdir. İkinci Dünya Müharibəsinə baxışımızı formalaşdıranda düşünməliyik ki, Azərbaycan həmin savaşda hardaydı? Faşist koalisiyasında, yoxsa digərində? Sovet İttifaqı anti-faşist koalisyasında olduğundan Azərbaycan da bu cəbhədə yer almışdı. Həmin müharibə zamanı Azərbaycandan 640 min adam səfərbər olunmuşdu. Onların da təxminən yarıdan çoxu müharibədə həlak oldu, şikəst qaldı. Bu adamlar faşizmə qarşı mübarizədə həyatlarını, sağlamlıqlarını itirmişdilər. Ona görə də Azərbaycanın yerini anti-faşist koalisİyada axtarmaq lazım idi. Legionerlərə gəlincə, onların çoxu könüllü əsir düşməmişdi. Onların da seçim imkanı geniş deyildi, ya legioner olmalı, ya da ölməliydilər. Guya legionerlər Azərbaycanın müstəqilliyi uğrunda vuruşublar. Amma bu yanaşma bir o qədər də real deyil. Hələ 1930-cu illərdə bu mübahisə gedəndə Qafqaz Mühacir Dövlətləri faşizmlə bağlı qərar vermişdilər ki, xalqları işğal edən dövlət başqalarına azadlıq verə bilməz. Bu doğru münasibət idi, tarix də bunu sübut etdi. Ancaq yenə də legionerlərə münasibətdə etik qaydaları gözləmək lazımdır. Şübhəsiz, onlar Azərbaycana biganə deyildilər. Bunu elə bu qədər də qəbul etmək lazImdır. Onlardan qəhrəman düzəltməyin əleyhinəyəm.

DİNLƏ

BAX
XS
SM
MD
LG