Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:37

"Yaşlı yazarların cavanların sırasında döyüşmək iddiası mənə gülünc gəlir"


Cavid Zeynallı və Fərid Hüseyn
Cavid Zeynallı və Fərid Hüseyn

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin onluğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. Fərid Hüseynlə söhbəti təqdim edirik.

-

40 yaşından sonra adamların təsdiq olunma iddiası, cavanların sırasında döyüşmək iddiası şəxsən mənə gülünc gəlir.

Sevinirəm ki, bu müsabiqənin münsifləri daha çox cavanlara üstünlük verirlər.

Aygül Qurbanova, Xatirə Nurgül, Aytən Nəsibbəylinin şeirləri bir-birindən seçilməyən, eyni nəfəsdə yazılan şeirlərdir.


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin onluğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. "İstanbul" şeiri ilə qısa siyahıya keçmiş Fərid Hüseynlə Cavid Zeynallı söhbətləşib.


- Fərid, “Ədəbi Azadlıq - 2103” müsabiqəsinin şeir onluğu açıqlandı. Siyahıdakı imzalar haqqında fikrin nədir?

- Mən bir nəfərin imzasının 10-luq siyahıda olmağını daha çox gözləyirdim və hesab edirəm ki, onun şeirləri bizim şeirlərimizdən daha güclüdür. Bu, İbrahimxəlilin şeirləridir. Onun yarımçıqlıqla bağlı şeiri çox uğurlu şeirdir. Sonra öyrəndim ki, o orta yaşlı insandır. Hesab edirəm, bu tip müsabiqələrdə daha çox gənclərə yer verilməlidir. Siyahıda Balayar Sadiqin şeirləri də var. Peşəkarlıq hiss olunur. Amma 10-luqda elə imzalar var, onların şeiri ilə Balayarın şeiri arasında düşüncə eyniliyi var, amma o peşəkarlıq yoxdur deyə, münsiflər Balayara üstünlük verib. Hesab edirəm, yaşı bir qədər keçmiş adamlar müsabiqəyə əsər təqdim etməsələr, daha yaxşı olar. Belə olanda, münsifləri də çətin vəziyyətdə qoyurlar.

- Müsabiqənin şərtlərində yaş qadağası yoxdur...

- Düzdür, bu belədir. Amma bunu həmin adamların özü fikirləşməlidirlər. Siyahıya baxanda görünür ki, gənc, özünü təsdiq etmək istəyən insanlar daha çoxdur. Məsələn, inanmıram ki, 40 yaşından sonra mən hansısa müsabiqəyə əsər göndərim. Çünki, o yaşdan sonra adam yaradıcı rahatlığı tapmaq istəyir. Bu yaşa qədər isə, tanınmaq, şöhrət ehtiyacı daha çox olur. Yəni 40 yaşından sonra adamların təsdiq olunma iddiası, cavanların sırasında döyüşmək iddiası şəxsən mənə gülünc gəlir. Yetmiş yaşında xalq yazıçısı Milli Kitab Mükafatına əsər verib özünün milli yazıçı olduğunu sübut etməyə çalışırsa, bu gülməlidir.
Fərid Hüseyn
Fərid Hüseyn

- 20-lik siyahıda Balayar Sadiqin şeirləri səviyyəsində olub, yaşın gətirdiyi peşəkarlığa görə ondan geri qalan imzalar kimlərdir ki, qısa siyahıya düşə bilmədilər?

- Məsələn, Kürçaylı Məmmədovun şeiri... Düzdür, peşəkarlıq baxımından şübhəsiz ki, müqayisə aparmaq düzgün olmaz. Yenə deyirəm, yaşı 40 olan bir adamın yazı təcrübəsi Aygül Qurbanovanın, Nigar Anın, Aytən Nəsibbəylinin yaşı qədərdir. Ümumiyyətlə, sevinirəm ki, bu müsabiqənin münsifləri daha çox cavanlara üstünlük verirlər. Düzdür, qaliblərin arasında istisnalar olub, məsələn, Eyvaz Zeynalov, amma ümumən götürəndə gənclərin adının qabağa çıxması çox yaxşıdır.

- 10-luq siyahıda şeirini daha çox bəyəndiyin üç imza adı çəkə bilərsən?

- İki nəfərin adını daha əminliklə çəkə bilərəm:
Məmməd Əbülfəzoğlu və Balayar Sadiq... Digər şeirlərdə fikir, intonasiya oxşarlıqları gördüm. Məsələn, Nigar Anın şeirində bir yer var:

Gedənlər qalanlardan daha vəfalıdırlar.
O qədər vəfalıdırlar ki,
getdikləri yerə sadiq qalıb heç vaxt qayıtmadılar....


Yəhya Kamal Bayatlının məşhur şeiri var:

Bir çok gidenin her biri memnun ki yerinden.
Bir çok seneler geçti; dönen yok seferinden.


İdeya oxşardır, bənzərlik göz qabağındadır. Başqa bir müşahidəmi də deyim: eyni nəfəsdə, intonasiyada yazılan şeirlər çoxdur. Məsələn, Aygül Qurbanova, Xatirə Nurgül, Aytən Nəsibbəylinin şeirləri bir-birindən seçilməyən, eyni nəfəsdə yazılan şeirlərdir. Xanımların şeirlərində vulqarlıq hiss etdim. Bu, cəsarət yox, məhz vulqarlıqdır. Xüsusən Aygül Qurbanovanın şeirlərində… Könül Həsənqulunun şeiri mənə maraqlı gəldi, digərləri ilə müqayisədə kübar şeir təsiri bağışladı.
Fərid Hüseynin son kitablarından
Fərid Hüseynin son kitablarından

- Ötən müsabiqənin qalibləri açıqlananda sən həbsdə idin. Nəticələr necə idi?

Müsabiqənin məni sevindirən tərəfi bilirsiniz nədir? Adamlar bu müsabiqəni gözləyir, obyektivliyinə inanırlar. Nəzərə alaq ki, digər müsabiqələrlə müqayisədə Azadlıq Radiosu böyük məbləğli mükafat vəd etmir. Hərçənd, ötən müsabiqənin şeir nəticələrindən narazı qalmışdım. Özüm şeir göndərməmişdim, hekayəmi güclü hesab etmirdim, bilirəm ki, daha güclü hekayələr vardı. Məsələn, Sevda Sultanovanın “Tarkovski” hekayəsi. Ötən müsabiqənin şeir qalibi məncə, Şəhriyar del Gerani olmalıydı. Onun anasına yazdığı şeir çox yaxşı şeir idi. Elmar Şahmarın şeirləri isə qələm məşqləri idi. İnanıram ki, bu il şeirdə bu məsələlər nəzərə alınacaq. Müsabiqəyə qatıldığım “İstanbul” şeirini “Facebook”da yayanda xeyli yaxşı reaksiyalar gördüm. Ona görə qərara gəldim ki, şeiri çapa verməyim, müsabiqə üçün saxlayım. Özümə rəqib bildiyim bircə imza var idi – İbrahimxəlil. Onun şeirini oxuyanda başa düşdüm ki, mənim şeirim çox zəifdir. Təəssüf ki, İbrahimxəlil kənarda qaldı.

- Gəl, bu naqolay sualıma da səndən cavab alım. 10-luq siyahıda özünü neçənci görürsən?

- Ən pis halda özümü ikinci yerdə görürəm. Seçilmədiyim halda bunun üçün dalaşmağa müəyyən arqumentlərim də olacaq. Ümumiyyətlə, müsabiqədə özümdən güclü heç kimi görmürəm.

- Siyahıda özündən güclü heç kimi görməmək və ikincilik istəyi. Bu, necə olur?

- Yaş məsələsi nəzərə alınmasa... Belə deyim, Balayar Sadiqə peşəkarlığına görə birincilik verilə bilər. Şeiri analiz edənlər iki prinsipi nəzərə alırlar. Birinci, peşəkarlıq, ikinci şeirdəki fikir. Hesab edirəm ki, bu prinsiplərlə yalnız Balayar mənə rəqib ola bilər.
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri

- Azərbaycanda ədəbi müsabiqələr necə keçirilir?

- Müsabiqəni təşkilat keçirirsə, deməli, münsiflər və kənar münsiflər olur. Münsif qruplaşmaları yaranır və kənarda razılaşırlar ki, bir yerdə səs verək. Həmin münsiflər öz namizədlərinə rəqib ola biləcək adamları bəri başdan kənarlaşdırırlar ki, meydan geniş olsun. Çünki pislərin arasından seçim aparmaq daha rahatdır. Və bu işə qol qoyan adamların hamısı da istedadsız adamlardır. Ümumiyyətlə, niyyət saf olmayanda, müsabiqə ədalətli ola bilməz. “Ədəbi Azadlıq” müsabiqəsinə qədər mən Azərbaycanda gizli səsvermə ilə keçirilən müsabiqəyə rast gəlməmişdim. Münsifin müsabiqəyə qatılan şəxsin mətnini tanıması biabırçılıqdır. Münsiflər seçiləndə, mətnləri oxumaq imkanı olan, orta yaşlı insanlara üstünlük verilməlidir. Məsələn, ötən müsabiqələrdə Seyfəddin Hüseynli, Pərviz Cəbrayıl, Rafiq Tağı münsif idilər. Bu adamların məişət şəraiti hətta yaxşı olmasa belə, gələn bütün mətnləri harda olsa oxuyurdular. Özü də axıra qədər... Gənclərin seçimində onlardan yüksək peşəkarlıq gözləmək olmaz. Milli Kitab Mükafatının biabırçılığı ordadır ki, gənclərdən Markes olmağı tələb edirlər. Sonda kimlərin siyahıya düşməyi də bizə məlumdur, uğursuz seçimləri göz qabağındadır. MKM-də olan münsiflərin çoxu kitab oxuyan adamlar deyil.

- Niyazi Mehdi, Sabir Rüstəmxanlı, Əkrəm Əylisli... Səncə, bu adamlar kitab oxumurlar?

- Niyazi Mehdi mənim müəllimim olub və onun iş rejiminin necə ağır olduğunu mən yaxşı bilirəm. İnanmıram ki, Niyazi müəllim siyahıdakı kitabların hamısını oxuya bilsin. Bu adamların həm də yaşları imkan vermir ki, 20-25 yaşlı gəncin kitabını rahatlıqla oxuya bilsinlər. Yaxud, bir axmaq cümlə ilə rastlaşanda kitabı qoyurlar kənara ki, yox, bu keçmədi. Bizim müsabiqələr adların qurbanı olurlar.

- Müsabiqəyə hekayə göndərmisən?

- Yox, mən iki nominasiyada iştirak etməyi xoşlamıram.
XS
SM
MD
LG