Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:26

Ziya Bünyadov cərimə rotasında Qəhrəman adını necə aldı?


Ziya Bünyadov iş zamanı
Ziya Bünyadov iş zamanı

-

"OxuZalı"nda ən çox oxunan



Ziya Bünyadovun hərbçi olmaq istəyi yox yerdən yaranmamışdı.

Sonralar Azərbaycanın görkəmli şərqşünas alimi olacaq Ziya 1923-cü ildə Astarada hərbçi ailəsində dünyaya gəlmişdi.

Onun atası Musa Bünyadov Oktyabr çevrilişindən xeyli əvvəl ataman Lyaxovun rəhbərlik etdiyi kazak diviziyasında hərbi tərcüməçi olmuşdu.

Musa Bünyadov Bibiheybətin nüfuzlu üləmalarının nəslindəndi və bir neçə xarici dil bilirdi. Buna görə Ziya uşaqlıqdan ərəb dilində danışa bilir, Quran oxuyurdu.

Yəqin onilliklər sonra Quranı Azərbaycan dilinə çevirərkən bu da karına gəlmişdi.

Sənədlərə görə, Ziya Bünyadov öz şəcərəsində 13-cü nəsli təmsil edirdi. Şəcərə isə Şeyx Bünyaddan başlanır.

Ziya Bünyadovun tam adı belədir: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Əli Məhəmməd bin Şeyx Məhəmməd Əmin bin Şeyx Əli Əsğər bin Şeyx Məhəmməd Müqim bin Şeyx Əsğər Əli bin Şeyx Qulam Əli bin Şeyx Bünyad əl-Bakuvi.

Ziya Bünyadovun anası Raisa Maksimovna Qusakova Lənkəranda yaşayan (çar dövründə Qafqaza kömürülmüş) ruslardan idi və Azərbaycan dilində sərbəst danışırdı.

Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi.

Orta məktəbi bitirəndən sonra 16 yaşlı Ziya aviasiya məktəbinə daxil olmaq arzusu ilə Bakıya gəlir.

Amma tibbi komissiyadan keçmədiyi üçün sənədlərdə yaşını artırıb (2 yaş) Orconikidze adına Hərbi Piyadalar Məktəbinə daxil olur. 1941-ci ilin mayında həmin məktəbi leytenant rütbəsində əla qiymətlərlə bitirir. Bundan sonra onu Bessarabiyaya hərbi xidmətə göndərirlər - alman-sovet müharibəsi başlananda da o, ilk döyüşə orda girir.

Qospitalda keçirdiyi müddəti (iki dəfə yaralanıb və 1 dəfə kontuziya alıb) nəzərə almasaq bütün müharibə boyu Ziya Bünyadov ön cəbhədə olub.

Ukrayna, Moldova, Belorus, Polşa, eləcə də Mosdok uğrunda döyüşlərdə iştirak edib.

Onun şücaətlərindən biri də döyuşə-döyüşə mühasirəni yararaq polkun bayrağını xilas etmək, bununla da polkun hərbi şərəfinin alçaldılmasına imkan verməmək olub.

Haqlı olduğunu sübut etmək üçün komandirlə mübahisə etdiyinə görə onu cərimə rotasına salıblar və 1 ilə yaxın orada xidmət edib.

Gənc leytenant rotadakıların hörmətini qazana bilib və tezliklə rota komandiri təyin edilib.

O zaman cərimə batalyonlarında xidmət edənləri cəbhənin ən ağır döyüşlər gedən hissələrinə göndərirdilər.

Visla-Oder əməliyyatı zamanı kapitan Ziya Bünyadovun cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirir və əsas qüvvələr gələnəcən onu bir neçə saat əldə saxlaya bilir. Əsas qüvvələr gələndə 670 döyüşçüdən yalnız 47-si sağ qalmışdı...

Təltif sənədlərində deyilir ki:

Ziya Bünyadov müharibə illərində
Ziya Bünyadov müharibə illərində

“1945-ci il yanvarın 14-16-da düşmənin Manquş platsdarmındakı müdafiəsinin yarılmasında iştirak edərkən kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə rotası dəqiq komandanlıq nəticəsində Dombruvki kəndinin cənub tərəfi ilə dəmiryolunu adlayaraq yanvarın 14-də hamıdan birinci Pilitsa çayını keçib və sol sahildə tutduğu mövqeləri 80-ci Qvardiya Diviziyasının əsas hissələrinin gəlişinə qədər saxlayıb. Rota 160 düşmən əsgəri və zabitini məhv edib, 5 ədəd altılüləli minaatan, üç top və çoxlu sayda avtomat, tüfəng, hərbi sursat, ərzaq və başqa qənimət ələ keçirib. Rotanın komandiri Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiqdir”.

1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Cəbhədəki qəhrəmanlıqlarına görə o, Lenin, Qırmız Ulduz, Aleksandr Nevski ordenləri və s. orden və medallarla təltif edilib.

Müharibə başa çatandan sonra Z.Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayına qədər Berlinin Pankov rayonunda komendantın köməkçisi olub.

Berlinin bərpasında fəal iştirakına görə, “Artur Bekker” və “Vaffenbruderşaft” medalları ilə təltif edilib.

Məqalə ziyabunyadov.com saytının materialları əsasında hazırlanıb.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalından izləyin

XS
SM
MD
LG