Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:23

Yaşar Bünyad. Kimsə yox qanımı saxlaya...


Yaşar Bünyad
Yaşar Bünyad
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Yaşar Bünyad


AGRI

Qardaş - dərdi bölmək üçün yaxşıdır,
Qərib ölkə - gəzmək üçün yaxşıdır,
Vətən - ancaq ölmək üçün yaxşıdır?
Gec olacaq bu hikməti bilməyim?!

Yağılardan əskik olmur torpağın,
Kimə bağın düşüb, kimə dağların.
Üç bölünmüş Vətənimçin ağlaram
Qismətimə düşəcəkmi gülməyim?!

Dözə-dözə bir unutmaq qorxusu,
Ürəyimi yaman sıxır, doğrusu.
Təbriz, Dərbənd, Laçın, Şuşa ağrısı
Sağalarsa, rahat olar ölməyim.

Ümid əkdik, dərd biçəndə ayıldıq,
Oba nədir, yurd köçəndə ayıldıq,
Vətəndə vətənsiz, köçkün sayıldıq,
Dilim-dilim olsun dilim...deməyim?!

Ana yurdum, ey müqəddəs cənnətim,
Çox çəkmişəm qəriblikdə həsrətin.
Baharı da soyuq olur qürbətin-
Ölməyə qoynuna gəlim, gəlməyim?!...

1995 Saratov


BƏXTƏVƏR

Bir parça dilin səni bu günə salıb,
Dünyanın dərdi sənəmi qalıb?!
Dişlərini itilə,
Dilini dişlə.
Ağzını bağla-
dilini dinc saxla!
Bu sərsəm dünyada
kişini yıxan da,
ucaldan da dildir.
Hər doğulana deməzlər ki,
bəxtəvər dünyaya gəldi...
Bəxtəvər odur ki,
Vaxtında susdu,
Vaxtında...Öldü !


NƏ QALDI Kİ, BAXILASI...

Həyat bir deyim ağıymış,
Ömür acı göz dağıymış.
Bu dünya qan çanağıymış -
Su yerinə axılası...

Başı saxlayan boyundur,
Gah yasındır, gah toyundur.
Həyat - əzazil oyundur,
Kim vura, kim yıxılası.

İnsan inamdan güc alır,
Döyüşür, qurur... qocalır.
Baş var ki, dağdan ucadır,
Baş var yerə soxulası.

Ocağımdan rüzgar keçdi,
Qədərimi fələk biçdi.
Bu dünya zülmətə köçdü-
Yol gəzirəm çıxılası...

Yağı basdı düzlərimi,
Dərd bükəcək dizlərimi,
Tez qapayın gözlərimi-
Nə qaldı ki, baxılası?!

1991 - BAKI,


***


İki ölüm gedir
Son mənzilinə.
Gedir geri baxmadan,
Gedir rahat, qayğısız.
Arxasınca
adamları çəkə-çəkə...
Yola salanlar
Birinin yoxluğuna ağlayır
Birinin də
Saxladığı özü boyda yükə...


NƏ ŞİRİN YUXUDUR....

"Azərbaycan Bayrağı" ordenli
şəhid adaşım YAŞAR RƏHİMOVUN
xatirəsinə


-Köçürəm, şahidim bu dağlar,
Yanımda nə anam, nə də yar,
Sakitcə ağlayan bulaqlar,
Yanıram, bir içim su verin.

Kimsə yox qanımı saxlaya,
Kimsə yox yaramı bağlaya.
Bir qız da saç yolub ağlaya:
- Nə dərin yaradır, nə dərin!

Bir oğul qisməti - pay idim
Bir Vətən daşına tay idim,
Torpağı qucaraq uyudum-
Nə şirin yuxudur, nə şirin..

Bir nişan boxçası bağlıdır
Bir üzük bülindən dağlıdır,
Qardaşım, ay dostum dayan, dur
De, yerim görünürmü, yerim...

Bəlkə dağ döşündə çəninəm,
Bəlkə də cücərən dəninəm,
"Oğul" de, ey Vətən, səninəm
Olum sısqa bulağın, ya Kürün...,
Nə şirin yuxudur, nə şirin!...

2011 Kürdəmir
XS
SM
MD
LG