Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:59

Prezidentin qızının biznesinə dair yeni sənədlər ortaya çıxıb


Gulnara Karimova
Gulnara Karimova
İsveçdə araşdırmaçı jurnalistləri İsveçin telekom nəhəngi TeliaSonera şirkəti ilə Özbəkistan prezidentinin qızı Gulnara Kərimovanın əlaqələrinə dair yeni dəlil-sübutlər təqdim edir.

Jurnalistlərin əldə etdikləri sənədlər İsveçin ictimai televiziyası - SVT ilə mayın 22-də göstərilməlidir. Sənədlərə görə, Özbəkistanın hökumət idarələrinin himayəsi əvəzində TeliaSoneradan külli miqdarda rüşvət istənib.

Sübutlar göstərir ki, prezidentin qızı şəxsən danışqıların şərtlərini diktə edirmiş. Sənədlərdə onun əli ilə yazılmış qeydlər, narazılıqlar, məsləhətlər var. Məsələn, bir yerdə məsləhət verilir ki, “hələ çox sıxmayın”.

Sənədləri SVT televiziyasının “Uppdrag Granskning” ( “Missiya: Araşdırma”) proqramı əldə edib və bunları Azadlıq Radiosu ilə bölüşüb.

“Missiya: Araşdırma” proqramı TeliaSonera haqda bir neçə verilişi artıq yayıb. TeliaSoneranın Özbəkistanın telekommunikasiya bazarına çıxmaq üçün Gülnara Kərimovanın köməkçilərinə, yaxınlarına 300 milyon dollar rüşvət verməsi iddiası ilə artıq istintaq gedir.

Gülnara Kərimovanın yaxınları, köməkçiləri olmaqda iddia olunan qrupun üzvləri hazırda həm İsveçrə, həm də İsveç müstəntiqlərinin hədəfindədirlər, onlara qarşı rüşvət və pul yuma ittihamları araşdırılır.

İsveş prokurorları TeliaSoneranın bir neçə əməkdaşına qarşı da rüşvət ittihamı ilə cinayət işi açıb.

TeliaSonera rəhbəri Lars Nyberg istefa verdi
TeliaSonera rəhbəri Lars Nyberg istefa verdi
TeliaSoneranın rəhbəri Lars Nyberg bütün bunlardan sonra fevralın 1-də istefa verdi.

Şirkətə təzyiqlər başa düşüləndir. Çünki şirkətin iki ən böyük səhmdarı İsveç və Finlyandiya hökumətləridir.

Yeni sənədlərə görə, qalmaqala baxmayaraq TeliaSonera 2012-ci ilin yayına kimi Özbəkistanda rüşvət verməkdə davam edirdi.
YENİ SƏNƏDLƏR

Sənədlər rus dilindədir. Bunlar üzərində əllə yazılmış qeydlər var. Güman olunur ki, qeydlər TeliaSoneranın Özbəkistandakı işlərindən yaxşı xəbərdar olan Kərimovanın köməkçisinə məxsusdur, qələmlə düzəlişləri isə sonradan Gulnara Kərimovanın özü edib.

Bu orijinal sənədləri zərfin içində “Missiya: araşdırma “ proqramına adı çəkilməyən kuryer gətirib. Kuryer zərfi “Aleksandr” adlı mənbənin adından gətirib.

Aleksandr İsveç jurnalistləri ilə e-maillə kontaktda olub və belə görünür, TeliaSoneranın Özbəkistandakı işlərindən yaxşı xəbərdardır.

Sənədlərin həqiqliyini müstəqil araşdırma ilə təsdiqləmək mümkün olmayıb. Ancaq onların məzmununu, o cümlədən, burda olan işçi siyahılarını, bank hesablarını araşdıran juranlistlər bunların digər məlumatlarla düz gəldiyini müəyyən ediblər.

Azadlıq Radiosunun Özbək Xidmətinin müraciət etdiyi qrafoloq Gulnara Kərimovanın əllə və rusca yazdığı mətnlər əsasında deyir ki, yeni sənədlərdə olan düzəlişlər 75 faiz ehtimalla prezidentin qızına məxsusdur.

2 MİLYON ABUNƏÇİ 5 MİLYONA

Sənədlərin birində qeyd olunur ki, TeliaSonera 2 milyon yeni telefon abunəçisi müqabilində 5 milyon dollar verəcəyini təsdiqləyir.

Maraqlıdır ki, az sonra 2012-ci il iyulun 31-də Özbəkistan hökuməti TeliaSoneranın rəqibi olan Rusiyanın MTS şirkətinin lisenziyasını ləğv etdi və bu şirkətin Özbəkistandakı 9 milyon abunəçisi telefon xidmətsiz qaldı. Bu hadisə adı çəkilən sənəddə yazılanın faktiki təsdiqidir.

TeliaSonera Kərimova ilə hər hansı əlaqəsinin olmasını inkar edir. Kərimovanın da Özbəkistanın telekom sənayesi ilə heç bir rəsmi əlaqəsi yoxdur. Ancaq prezident ailəsinin milyardlarla dollar qiymətləndirilən sərvəti Özbəkistan biznesindən qidalanır.
Bir ABŞ diplomatı Kərimovanı “quldurbaşçısı” kimi səciyyələndirir.

TeliaSonera axırıncı Eurovision mahnı müsabiəqsinin də sponsoru idi. Sənədlərə görə, Özbəkistandakı tərəfdaşları TeliaSoneradan xahiş edirmişlər ki, bəzi mədəniyyət və incəsənət tədbirlərinə TeliaSonera sponsorluq etsin. Şirkətin sponsorluğuna hər hansı bir ulduzun Özbəkistana səyahət və tamaşa xərclərini ödəmək də daxildir.

Sənədlərdə əllə yazılmış qeydlərdə deyilir ki, bu tədbirlərdə FF-in adı hər yerdə çəkilsin. FF - Gulnara Kərimovanın Fond Forumu adlı nəhəng xeyriyyə cəmiyyətidir. Bu xeyriyyə fondu Kərimovaya həm legitimlik verir, həm də gələcək prezidentliyə yol açır.

320 DOLLAR MİLYON ALIB, TELİASONERANI KİM GƏTİRİB?

Bir çox yeni sənədlər birbaşa Gulnara Kərimovanın köməkçisi Gayane Avakyana aparıb çıxarır. Yaşı 30-dan az olan bu qadın Cəbəllüttariqdə qeydiyatdan keçmiş Takilant şirkətinin başçısıdır və 320 milyon dollar müqabilində TeliaSoneranı Özbəkistan bazarına məhz o çıxarıb. Hazırda bu məsələ də istintaqdadır. Takilantın 100 milyonlarla dollarlıq pulları İsveşdə və İsveçrədə dondurulub.

Yeni sənədlərlə bağlı SVT televiziyası Gulnara Kərimovaya dəfələrlə müraciət etsə də cavab gəlməyib.

TeliaSoneranın rəhbəri vəzifəsini icra edən Per-Arne Blomquist isə deyir ki, TeliaSonera Fond Forumunun təşəbbüslərində iştirak edirdi, ancaq Kərimova ilə heç bir əlaqələri yoxdur. O həmçinin deyir ki, “TeliaSonera rüşvət mədəniyyəti ilə bağlı olmayan şirkətdir.”
XS
SM
MD
LG