Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:37

Gəzi Parkı: İstanbulda «türk baharı» tapmacası [Video]


Erdogan etiraz aksiyalarında "ekstremist elementlər" olduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Erdogan etiraz aksiyalarında "ekstremist elementlər" olduğunu deyir

-
«Biberine gazına, copuna, sopasına
tekmelerin hasına, eyvallah, eyvallah»

«Duman» qrupunun «Eyvallah» adlanan bu mahnısının videosunu cəmi 2 gündə bir milyona yaxın adam izləyib. Bu mahnı-marşı son bir həftədə İstanbulun «Taksim» səmtində yerləşən Gəzi Parkının sökülməsinə qarşı bütün Türkiyəni bürüyən etirazların sənət təcəssümü saymaq olar. Mayın 27-də özlərini «Taksim Dayanışma Qrupu» adlandıran etirazçılar ağacları qorumaq üçün hər cür ağır texnikanın qarşısına canlı sədd çəkmişdilər. Onlar daha sonrakı 2 günü də Gəzi Parkında keçirərək, orada qurduqları çadırlarda gecələdilər. Niyyətləri heç bir maşın və mexanizmi bu məşhur gəzərliyə buraxmamaq və yaşıllığı qorumaq idi.

HalkTV-nin yayımı

ERDEM GUNDUZ

-



«ORA ÜÇÜN QƏRAR VERDİK»

Mayın 29-da, səhər saatlarında çadırlar yandırıldı və etirazçıları parkdan çıxarmaq istəyən polis gözyaşardıcı qaza və təzyiqli su şırnağına əl atdı. Beləcə, etirazçılarla polis arasında toqquşma başlandı. Baş nazir Recep Tayyip Erdoğan-ın elə o vaxtlar «Ne yaparsanız yapın. Orası için karar verdik. Yapacağız!» deməsi etirazçıların sayını get-gedə artırdı.

Mayın 31-də dan yeri sökülmədən polis təzyiqli su və bibər qazı ilə Gəzi Parkında oturaq aksiya keçirən etirazçılara hücum etdi. Polisdən qaçaraq ara küçələrə, otel və mağazalara sığınan dirənişçilər də nə bibər qazından, nə təzyiqli sudan canlarını qurtara bildi. Əl-qol və ayaqlarına qaz bombası dəyən bəzi dirənişçilərdən yaralananlar da oldu. Onların arasında tanınmış jurnalist Ahmet Şık, Barış və Demokrasi və Xalq Cümhuriyyət partiyalarından millət vəkilləri Sırrı Süreyya ÖnderSezgin Tanrıkulu da vardı.

«GƏZİ PARKI BİZİMDİR, BİZİM OLACAQ»

Etirazlar Gəzi Parkının qorunması məqsədilə başlansa da, uzun müddətdir dartışılan içki yasağı və baş nazir Erdoğan-ın etirazlara reaksiyası da aksiyanı genişləndirən səbəblərdən sayıla bilər. Etirazçılar istər çıxışlarında, istərsə sosial şəbəkə yazılarında bildirirdilər ki, bu, artıq 3-5 ağac söhbəti deyil, vətəndaşın fikrinin diqqətə alınması, polisin vətəndaşlarla davranışı məsələsidir. Bütün bunlara etiraz əlaməti olaraq Türkiyənin Ankara, İzmir, Rize, İzmit, Kocaeli, Adana və digər şəhərlərində eyni vaxtda dəstək mitinqləri keçirilməyə başladı və bu mitinqlərin hamısında polislə iştirakçılar arasında toqquşmalar yaşandı. Yaralananlar və saxlananlar oldu. «Gəzi Parkı bizimdir, bizim olacaq» tipli şüarlarla başlanan etirazlar daha sonra hökumətdən istefa tələbinədək məzmun dəyişikliyinə uğradı.

İstanbuldakı aksiyalara təkcə Türkiyə daxilindən yox, xarici ölkələrdən də dəstək gəldi. ABŞ, İngiltərə, Almaniya və Yaponiyada keçirilən dəstək aksiyalarını Bakıda – Türkiyə səfirliyi önündə gerçəkləşən aksiya da izlədi.

ETİRAZÇILAR MEDİANI BOYKOT ETDİ

İstanbul - 2 iyun 2013
İstanbul - 2 iyun 2013
Türkiyə mediasının olayları geniş işıqlandırmaması da ayrıca etiraz dalğası doğurdu. Gəzi Parkı dirənişçiləri əsas media qurumlarını, özəlliklə «CNN Türk», «Habertürk», NTV kanallarını olayı gözardı etməkdə suçlayaraq boykot etdilər.

Yaranmış durumda sosial şəbəkələr ön plana çıxdı. Bir-biri ilə xəbərləşmək, həkim və vəkil tapmaq istəyənlər, gizlənmək üçün yer axtaranlar internetdən yararlanmağa başladılar. «Twitter» sosial şəbəkəsində #OccupyGezi ve #DirenGeziParki adlı heştaqlarla mayın 31-də günorta 4-dən etibarən 12 saat içində atılan 2 milyon tweet dünya üzrə trendə çevrildi.

ZDF: «TÜRKLƏR SAVAŞIRSA, OLAYLAR DƏYİŞİR»

Dünya mediası olayları müxtəlif adlarla tanıtdı. «Al Jazeera» televiziyası İstanbulda baş verənləri «türk baharı» kimi təqdim etdi. Almaniyanın ZDF televiziyası belə bir şərhdən faydalandı: «Barbar dediyimiz türklər təbiət üçün savaşır və türklər savaşırsa, olaylar dəyişir».

«New York Times» qəzeti olaylara ön planda yer ayıraraq, xəbəri «İstanbulda park üçün keçirilən oturaq aksiya polis müdaxiləsi ucbatından toqquşmaya çevrildi» başlığı ilə diqqətə yetirdi.

Polis Ankarada aksiyaçıları dağıdır - 3 iyun 2013
Polis Ankarada aksiyaçıları dağıdır - 3 iyun 2013
«Guardian» qəzetinin yazarı Richard Seymour Gəzi Parkı olayını belə qiymətləndirdi: «Kiçik bir park üçün verilən bu mübarizə rejimə fövqəladə vəziyyət və «Türk baharı»na hamiləlik gətirdi».

BIR HƏFTƏDƏ 10 MİLYON MANATLIQ ZİYAN VURULUB

Gəzi Parkı etirazlarının kökü iki il öncəyə gedib çıxır. 2011-ci ildə İstanbul Böyük şəhər Bələdiyyəsi «Taksim»i gəzərliyə – yalnız piyadaların gəzib-dolaşacağı məkana çevirmək layihəsini qəbul edəndən sonra etiraz səsləri ucalmağa başladı. Həmin layihəyə görə, İstanbulun «Taksim» hissəsində yerləşən Gəzi Parkı söküləcək, avtomobillərin hərəkəti yeraltına keçiriləcək, piyada gəzinti ərazisi genişləndiriləcəkdi. Bir qrup insan buna qarşı çıxaraq, «Taksim Dayanışma Qrupu»nu yaratdı. Zaman-zaman etirazlar aksiyaları, layihə əleyhinə imzatoplama kampaniyası və Gəzi Parkında festivallar-şənliklər təşkil edən bu qrup 2013-cü il mayın 27-də burada başlanan söküntülərin dayandırılmasını istədi. Bir həftədir sadə vətəndaşların da qoşulduğu etirazların gedişində dövlətə bütövlükdə 20 milyon lirə (təxminən 10 milyon manat) ziyan dəyib. Daxili işlər naziri Muammer Güler-in məlumatına görə, 6 gündə 67 bölgədə 235 etiraz aksiyası baş verib və 2 iyuna olan rəqəmlərə əsasən, polis 1730 şəxsi saxlayıb.

ERDOĞAN: «MİLLƏTİMİN, VƏTƏNDAŞIMIN BU OYUNA GƏLMƏMƏYİ LAZIMDIR»

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
Olayla bağlı açıqlamalar verən baş nazir Recep Tayyip Erdoğan bildirib ki, bu layihə, əslində seçkilərdən öncə ictimaiyyətə açıqlanmışdı və hazırda baş verənlər təxribatdır:

«Olay təkcə Gəzi Parkı olayı deyil, çünki Gəzi Parkında ağacların hamısı çıxarılmayacaq. Burada İstanbul Böyük şəhər Bələdiyyəsi səkiləri genişləndirmək üçün 10 ağacı kəsmir, sadəcə onları götürür və Çağlayan Parkına yerləşdirir. Bəlkə bu halda hansısa 2 ağac zədələnəcək. Biz hədəfimizi 2011-ci il seçkilərində açıqlamışdıq. Hazırda baş verənlərin içəri və xariclə bağlantıları var. Mənim millətimin, vətəndaşımın bu oyuna gəlməməyi lazımdır».

AzadlıqRadiosunun İstanbuldakı müxbiri Durna Səfərlinin fikrincə, bəzi insanlar oxu yaydan çıxmış sayır:

«Müxtəlif təbəqə və partiyaların – sol-sağ, müsəlman, qeyri-müsəlman, cümhuriyyətçilər, kemalistlər, seksual azlıq icmaları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, futbol klublarının fan-klubları, başqa vaxt bir-biri ilə mübarizə aparan tərəflər birləşib. «Tayyib istefa versin!» tələbi onları birləşdirib. Hökumət də güzəştə getmək istəmir».
XS
SM
MD
LG