Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:23

AYB: "Təqaüd müddəti bitən kimi sifətini dəyişən simasız adamların..."


AYB-nin binası
AYB-nin binası
-

Azərbaycan Yazıçılar Bitliyi son günlər onun sıralarını tərk edənlərlə bağlı bəyanat yayıb:

"Məlum olduğu kimi Şərif Ağayar vaxtilə Yazıçılar Birliyindən çıxarılmışdı. Sonralar səhv etdiyini etiraf etmiş, AYB rəhbərliyinə müraciətlə ədəbi fəaliyyətini Birliyin üzvü kimi davam etdirmək istədiyini bildirmiş, yenidən üzvlüyə qəbul olunmasını xahiş etmişdi. Ş.Ağayarın gəncliyini nəzərə alaraq və humanistlik edərək nəinki Birliyə yenidən üzv qəbul edildi, hətta təqaüdçülər siyahısına da salındı. Qanun üzrə düz bir il təqaüd aldı və təqaüd müddəti bitən kimi yenidən Yazıçılar Birliyinə çirkab atmağa, onun rəhbərliyini ən çirkin sözlərlə təhqir etməyə, Fikrət Qocaya aid ədəbsiz və ikrahedici cümlələr yazmağa başladı. Təhqirlə tənqidi ayıra bilməyənlər həmin sözlər onların özlərinə də aid edilsə, bunu tənqid sayacaqlar?

Birlikdən təqaüd alıb, təqaüd müddəti bitən kimi sifətini dəyişən simasız adamların Yazıçılar Birliyində qalması Birliyimizə ləkə olardı. Odur ki, katibliyin yekdil qərarıyla Ş.Ağayar Birliyin üzvlüyündən çıxarıldı. Mediadan bildik ki, bir neçə cavan yazıçı da çıxmağa qərar verib. Nə ərizə yazıb, nə biletlərini təhvil veriblər. Adları keçən cavanlar da Yazıçılar Birliyindən təqaüd alıblar və yalnız təqaüd müddəti bitəndə və qanuna görə bu təqaüdün ikinci dəfə verilmədiyini bildikləri üçün dərhal Birlikdən çıxırlar. Yazıçılar Birliyinə yalnız gəlir mənbəyi kimi baxan adamların bu Birlikdən uzaqlaşmalarına yalnız sevinmək olar.

Onların öz hərəkətlərinə bəraət qazandırması üçün gətirdikləri səbəblər gülüncdür. Deməli, nə qədər ki, buradan təqaüd alırdılar Birlikdə demokratiya vardı, elə ki, təqaüd müddətləri qurtardı, Birlikdə demokratiya da qurtardı?

Bircə Qismətin bu dəstəyə qoşulmasına təəssüflənirik. Qismət istedadsız adam deyil, heyf ki, istedadsız və uğursuz adamların təsirinə düşüb belə yanlış addımlar atır. Bir vaxt, şübhəsiz, bu hərəkətinə görə peşiman olacaq.

İçki düşkünü olduğu və işinin öhdəsindən gəlmədiyinə görə Mədəniyyət və Turizm Nazirliyindən qovulan Ş.Ağayarın bunun guya Yazıçılar Birliyinin təkidiylə edilməsi haqqında dedikləri bu adamın daha bir yalanı və təxribatıdır".

Son günlər AYB sıralarını 7 yazar tərk edib. Onlar yazıçı Şərif Ağayarın birlikdən "haqsız çıxarıldığına" etiraz edirlər.

525.az
XS
SM
MD
LG