Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:38

ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat verib


Arxiv foto
Arxiv foto
-

İyunun 18-də ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Prezidentlər Barack Obama, Vladimir PutinFrançois Hollande adından yayılan bəyanatda deyilir:

«Biz dərin təəssüfümüzü bildiririk ki, tərəflər danışıqlar prosesində qarşılıqlı maraqlar əsasında uyğun çıxış yolu tapmaq əvəzinə birtərəfli fayda əldə etmək cəhdlərini davam etdiriblər».

Bəyanatda o da vurğulanır ki, son dörd ildə prezidentlər adından verilən bəyanatlar münaqişənin ədalətli həlli üçün təməl təşkil etməlidir:

«Bu müddəalara bir bütöv kimi yanaşmaq lazımdır, çünki onlardan birinə üstünlük vermək balanslaşdırılmış həll yolu tapmağa mane olar».

Prezidentlər əmindirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli barışa, sabitliyə gətirəcək ki, bu da bölgədə inkişafa və əməkdaşlığa səbəb olacaq. Onlar hesab edirlər ki, hərbi gücün tətbiqi çıxış yolu deyil, bu güc qarşıdurmalara və qeyri-sabitliyə səbəb olub və olacaq:

«Hərbi əməliyyatların yenidən başlanması bölgə əhalisi üçün dəhşətli sonuclara, insan ölümlərinə, gələcək dağıntılara, qaçqınların artmasına, böyük maliyyə sərfinə gətirəcək».

«ÇƏRÇİVƏ RAZILAŞMASININ GECİKDİRİLMƏSİ QƏBULEDİLMƏZDİR»

Prezidentlər qətiyyətlə bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən güc tətbiq etməmək və güc tətbiqiylə hədələməmək, ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratlarını təyinetmə hüququna sadiqliklərini bir daha təsdiqləməyə çağırıblar.

Prezidentlər əlavə ediblər:

«Biz əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq».

Ermənistan xarici işlər naziri Edvard Nalbandian bu bəyanatla bağlı deyib ki, Azərbaycandan fərqli olaraq ölkəsi beynəlxalq prinsiplərə sadiqdir. Onun fikrincə, beynəlxalq ictimaiyyətin təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməklə bağlı çağırışlarına baxmayaraq Azərbaycan hərbi çıxışları davam etdirir, qatilləri qəhrəmanlaşdırır, sülhə dəvət edənləri isə təqib edir.

Prezidentlər sonuncu dəfə ötən il iyunun 19-da belə bəyanatla çıxış etmişdilər.
XS
SM
MD
LG