Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:30

V. Əyyub: «Minimum bilik səviyyəsi budursa...»


Foto: Arxiv
Foto: Arxiv
-
Şəfiqə Eyvazova məktəbi bu il bitirib. İndi ömrünün gərgin anlarını yaşayır. Niyə? Ali məktəbə qəbul imtahanına hazırlaşır, axı... Deyir ki, sınaq imtahanları, testlər, suallar indi həyatının əsas hissədir. Çətin mərhələdən birini aşıb, qalıb digəri.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 9 və 11-ci siniflər üçün keçirdiyi Azərbaycan dili və riyaziyyatdan buraxılış imtahanlarını verib. Nəticə elə ürəkaçan olmasa da, Şəfiqə bundan təəssüflənmir. Onun üçün əsas məsələ ali məktəbə qəbul imtahandan necə çıxmasıdır:

«Bizim sinifdə 20 şagird var. Bütövlükdə götürəndə, göstəricilərimiz elə də pis deyil. Mənə düşən suallar asan idi, amma bir az qorxu və həyəcanım vardı deyə, cavab kartında işləri korlamışdım. Sinfimizin əksəriyyəti «4», hətta bəziləri «5» alsa da, mən hər iki fəndən «3»lə qiymətləndirildim».

ANA DİLİ VƏ RİYAZİYYATDAN KƏSİLƏNLƏR

Buraxılış imtahanlarında təxminən 10 min şagird də Şəfiqə Eyvazova kimi «3» alıb. Bütövlükdə 23 minə yaxın şagird həmin sınağa qatılıb. TQDK-nın açıqladığı nəticələrə görə, «yetərli», yəni «3» alanların 43 faizi Azərbaycan dilindən, 36 faizi riyaziyyatdan imtahan verənlərin payına düşür. 11-ci sinif şagirdlərinin 29 faizi ana dilindən, 31 faizi riyaziyyatdan kəsilib. Başqa sözlə, hər 100 şagirddən azı 60 nəfəri imtahanlardan ya «2», ya da «3» alıb.

9-cu siniflərin sınaq sonuclarında da ciddi fərq gözə çarpmır. İmtahanlara qatılan 30 min şagirddən 46 faizi ana dilindən, 41 faizi riyaziyyatdan «2» alıb. Hər 100 şagirddən 36-sı ana dilindən, 38-i riyaziyyatdan «3»ə layiq görülüb.

Elnur Nağızadə
Elnur Nağızadə
«ORTA SƏVİYYƏLİ ŞAGİRDLƏR DƏ TƏSDİQLƏYƏ BİLƏRLƏR Kİ, SUALLAR ÇOX SADƏ İDİ»

TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin dediyinə görə, mövzular yalnız orta məktəb dərsliklərindən götürülüb və əsasən sadə suallar hazırlanıb:

«Bu imtahanlarda şagirdlərin tədris materiallarını nə dərəcədə mənimsədikləri, yekun bilikləri yoxlanılır. Hər halda orta səviyyəli şagirdlər də təsdiqləyə bilərlər ki, suallar çox sadə idi. Qiymətləndirmə şagirdlərin orta məktəb proqramını minimum mənimsəmə səviyyəsini dəyərləndirmək üçün aparılırdı».

Sualları cavablamaq üçün şagirdlərə ümumilikdə saat yarım vaxt verilib. Hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. 8-dən az sualı cavablayanlar «2», 8-dən 17-dək sualı cavablayanlar «3», 17-dən 25-dək düzgün cavab tapanlar «4», 25-dən çox suala cavab verənlər «5» alıblar.

«SUALLAR MAKSİMUM VƏ YA ORTA BİLİK SƏVİYYƏSİNİ YOXLAMAĞI HƏDƏF GÖTÜRSƏ, ONDA NƏTİCƏLƏR NECƏ OLARDI?»

Təhsil eksperti Vurğun Əyyubun fikrincə, TQDK-nın açıqladığı bu nəticələr bir daha Azərbaycanda təhsil sisteminin bərbad durumunu sübut edir. Ekspertin dediyinə görə, hər 100 şagirddən 60-nın belə aşağı nəticə göstərməsi, əslində, onların imtahan verdiyi fənlər barədə anlayışlarının olmaması mənasına gəlir.
Vurğun Əyyub
Vurğun Əyyub
Vurğun Əyyub bir məqamı xüsusi vurğulayır ki, sözügedən imtahanlar şagirdlərin yalnız minimum bilik səviyyəsini üzə çıxarmaq üçün keçirilib. Bəs suallar maksimum və ya orta bilik səviyyəsini yoxlamağı hədəf götürsə, onda nəticələr necə olardı? Vurğun Əyyubun fikrincə, keyfiyyətsiz təhsil həm də belə imtahan nəticələrinə biganəlikdən qaynaqlanır:

«Yeni məktəb binaları tikmək təhsilin vəziyyətini yaxşılaşdırmaq deyil. Ümumiyyətlə, Azərbaycanda imtahan nəticələrindən düzgün istifadə olunmur. Nəticələr ciddi şəkildə təhlil edilməlidir. Təhsil sisteminin hansı məqamlarında, hansı mərhələsində, hansı region üzrə, hansı fənlər üzrə çatışmazlıq və problemlərin olması məhz bu nəticələr əsasında üzə çıxarılmalıdır. Təhsili necə idarə etmək, necə yönləndirmək barədə qərarlar məhz problemlər üzə çıxarılandan sonra qəbul edilməlidir».

Vurğun Əyyub fikirlərinə onu da əlavə edir ki, 120 manat maaş alan müəllimdən keyfiyyətli tədris gözləmək boş xəyaldır.

Təhsil Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, buraxılış imtahanlarının nəticələri hər bir rayon (şəhər) üzrə təhlil olunacaq, yaranmış vəziyyətin səbəbləri araşdırılacaq və müvafiq təkliflər hazırlanacaq.
XS
SM
MD
LG