Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

«Ankara. 1955» Rəsulzadəni anır


Almaz Əliqızı
Almaz Əliqızı
-
«1955-ci ilin martında, Rəsulzadə Türkiyədə dünyasını dəyişəndə, «Azərbaycan» dərgisi bir sayını ona həsr edib».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxan «Məhəmməd Əmin Rəsulzadə. Ankara 1955» kitabının elmi redaktoru Almaz Əliqızı söylədi.

«MATƏM TELEQRAMLARI BİZİM İCTİMAİYYƏTƏ TANIŞ DEYİLDİ»

Kitab «Yeni Nəfəs» Gənclər Təşkilatının təşəbbüsüylə işıq üzü görüb.

Almaz Əliqızının fikrincə, Rəsulzadə haqqında yazılanlar yetərli deyil:

«Onun fəaliyyətiylə bağlı yazılanlar çox azdır. Bu böyük şəxsiyyəti yaxından tanıtmalıyıq. Bilirsiniz ki, Rəsulzadə qürbətdə həyatını itirdi. Heç təsadüfi deyil ki, Ankarada son anında da üç dəfə «Azərbaycan» deyib gözlərini yumdu. «Azərbaycan» dərgisi də bir nömrəsini onun ölümünə həsr etdi. Onun məzarı üstündə çıxış edənlər, vəfatından kədərlənənlər, yazılan məqalələr, matəm teleqramları bizim ictimaiyyətə tanış deyildi. Axı üstündən az qala 60 il keçmişdi. Üstəlik, Azərbaycanla Türkiyə arasında sovetlər dönəmində get-gəl yox idi. Amma indi başqa zamandır. Gənclərimizin bu cəhdinə çox sevinirəm».

«UŞAQLARA XEYİR-DUA VERDİM»

Kitab
Kitab
Almaz xanım «Yeni Nəfəs»çilərin ona müraciətini məmnunluqla qarşılayıb:

«Dərgini əldə etmələrini istədim. 50-ci illərdə Türkiyə türkcəsi bir qədər fərqliydi. Uşaqlar onu dilimizə uyğunlaşdırdılar. Mən də onu iki dəfə oxudum, redaktə etdim. Bəzi sözləri dəqiqləşdirdim. Bəzilərini Azərbaycan dilində anlaşıqlı olsun deyə, mötərizədə verdim və s. Uşaqlara xeyir dua verdim. Kitaba elmi redaktor oldum və hətta önsöz də yazdım. Çap məsələsində də köməyimi əsirgəmədim. Nəticədə, kitab ortaya çıxdı».

«TANRININ VERDİYİ XÜSUSİYYƏTLƏRİ TOPLAYAN ŞƏXS»

Almaz Əliqızı Azərbaycan siyasi tarixində Rəsulzadəyə tay ikinci şəxs tanımadığını bildirir:

«Rəsulzadəni tanrının verdiyi bütün xüsusiyyətləri özündə birləşdirən şəxs hesab edirəm. O, alimdir, mütəfəkkirdir, publisistdir, ədəbiyyatşünasdır, tarixçidir, etnoqrafdır... Bu insan hər şeyi yazıb qoyub gedib bizim üçün. Hətta güney azərbaycanlılar haqqında ilkin məlumatı da ondan almaq mümkündür – «İran türkləri» silsilə məqalələrindən. Cümhuriyyətimizin süqutuna lap az qalanda, gərgin vaxtlarda belə Güneydən vətənpərvərlər gəldi, onları da vaxt tapıb qəbul etdi. Gələcəkdə təşkilatlanmaları üçün onlara son tapşırıqlarını verdi. XX əsr Azərbaycan siyasətində, türk dünyasında, ümumən Şərqdə Rəsulzadə səviyyəsində şəxsiyyət olmayıb. Mən bu qənaətə onu öyrəndikcə, əsərlərini oxuduqca gəlirəm».

«KİTABDA İNCƏ MƏQAMLAR VAR»

«Yeni Nəfəs» Gənclər Təşkilatının təmsilçisi Mehman Həsən bunun ilk təşəbbüs olmadığını söylədi:
Mehman Həsən
Mehman Həsən

«Daha öncə də tələbatı görüb «Stalinlə ixtilal»ı təkrar nəşr etdirmişdik. O zaman mən kitabın dizaynına kömək etmişdim. Bu kitabın orijinalını Türkiyədə görmüşdüm. İlk baxışda Rəsulzadənin məsləkdaşlarının başsağlığı mesajları kimi görünsə də, tanış olduqca kitabda incə məqamları sezdim. Yazılanlardan aydın oldu ki, Rəsulzadə millətlər zindanı olan SSRİ-yə qarşı aparılan mücadilənin birmənalı lideridir».

«RƏSULZADƏNİ DAHA YAXŞI TANITMAQ İSTƏDİK»

Mehman Həsən bu kitabda açıqlanan mətləblərdən də söz açdı:

«Burada gürcülərin, polyakların, Şimali Qafqaz liderlərinin, güney azərbaycanlıların, türküstanlıların çıxışları var. Bu çıxışlardan onların da Rəsulzadəni bu mücadilənin lideri gördükləri aydın olur. Onlar Rəsulzadəylə bağlı xatirələrini bölüşürlər, Azərbaycan Kültür Dərnəyinin üzvləri, türkiyəli məsləkdaşlar çıxış edirlər. Orada maraqlı bir məqam var. Türküstanda mübarizə gedərkən Rəsulzadəyə müraciət edirlər. Rəsulzadə onlara bir proqram göndərir. Zeki Toğan yazır ki, biz bir daha yazdıq ki, bu işləri həyata keçirəcək insanlar bizə lazımdır. Və Rəsulzadə onlara 4 nəfər göndərir. Zeki Toğan qeyd edir ki, 1917-ci il inqilabı olmasaydı, bolşeviklər hakimiyyətə gəlməsəydi, Türküstan bu proqramla çox qısa zamanda öz istiqlalına qovuşacaqdı... Bütün bu məqamlar bu böyük şəxsiyyətin o dövrün siyasətində nə qədər mühüm rol oynadığını göstərir. Gürcülərin Rəsulzadəyə münasibəti, polyakların münasibəti bu çıxışlarda aydın görünür. O üzdən bu kitab vasitəsilə Azərbaycan gəncliyinə, cəmiyyətinə Rəsulzadəni daha yaxşı tanıtmaq istədik».
XS
SM
MD
LG