Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:36

Gələcəyin yazıçısı və kitabları


Namiq Hüseynli
Namiq Hüseynli
-

Futurist nəzəriyyəyə görə, gələcəyin yazıçısı onlarca kompyuter proqramını əla biləcək. Mövcud texnologiya vasitəsilə hipermətnlər yazacaq. Həmin mətnin musiqilərini, videolarını, rəsmlərini də təkbaşına hazırlayacaq.


Namiq Hüseynli


GƏLƏCƏYİN YAZIÇISI VƏ KİTABLARI


Bizim hər birimiz gələcəkdən bəhs edən, 2050, 2035, 3145-ci illəri göstərən filmlərə baxmışıq.

Orda adətən insanlar gündəlik informasiyanı müxtəlif yollarla alır, məsəlçün ya mikroçip vasitəsilə onun beyninə bütün lazımi kitabları yükləyirlər, ya hər şeyi bilən robot insanın yerinə düşünür, bazasını axtarır, məlumatlar verir, ya da ən ibtidai halda elektron kağıza yerləşdirilmiş kitablar, qəzetlər görünür.

Artıq inkişaf etmiş ölkələrdə kitabın yeni növü - elektron kitablar satış həcminə görə kağız kitabları ötməkdədir.

Bu yaxınlarda hətta E-ink texnologiyası ilə hazırlanan elektron kitablar meydana çıxıb. Belə kitablar 2006-cı ildən etibarən buraxılmağa başlayıb, hər il onların istehsalı daha da artır. Onun ekranı demək olar ki, adi kağızdan fərqlənmir (yeri gəlmişkən onda işıqlandırma sistemi də yoxdur). O ilk baxışdan üzərinə nazik plyonka yapışdırılmış kağız səhifəsini xatırladır. Onu qatlamaq, sonra çıxarıb oxumaq çox rahatdır, adi kağızdan elə bir fərqi yoxdur. Həm də onun akkumulyatorunun enerjisi çox uzun müddətə bəs edir, çünki eneji ancaq səhifələməyə sərf olunur. Həmçinin onun şriftlərinin ölçüsünü də böyüdüb, kiçiltmək mümkündür. Bu kitabın bircə qüsuru var o da çox bahalı olmasıdır. Amma bütün yeniliklər kimi, zamanla onun da qiymətinin ucuzlaşacağı gözlənilir. Bu, gələcəyin kitabına doğru atılmış ilk addımdır.

Rəqəmsal kağız-displey


İndi bütün dünyada informasiyanı media vasitəsilə alan oxucuları kağız kitaba qaytarmaq üçün tədbirlər görülür. Amma nəticəsizdir. Futuristlərin fikrinə görə qarşıya tənəzzül məqsədi qoymaq, oxuculardan əvvəlki formada kitablar oxumağı tələb etmək mənasızdır. Kitabları zamanın tələblərinə uyğun olaraq, media vasitələrinin təklif etdiyi kimi interaktiv formada istehsal etmək lazımdır. Beləliklə, gələcək kitabların mürəkkəb məhsullar olması, eyni zamanda özündə həm mətn, həm foto, həm video, həm səs yazısı həm də kompyuter effektləri daşıması gözlənilir.

Artıq biz bir kitabı oxumaq əvəzinə daha asan yollara əl atırıq, məsəlçün onun audioyazısına qulaq asır, ya da yazılanların videosuna baxırıq. Videoya baxmaq və mətn oxumaq beynin iki fərqli fəaliyyətidir. Əgər kinoya baxmaq təkcə səhnələrin beynimizdə əks olunması ilə hüdudlanırsa, mətni oxumaqla paralel videoya baxmaq oxucuda fikri obrazlar yaradır, bu bəzən hətta paralel fantaziyaya da aparıb çıxara bilər.

Audiovizual insan elmi texniki tərəqqinin məhsuludur. Onun intellektual imkanları, bir çox mənada adi kitab oxuyan insanınkından yüksəkdir.

Fikri on dəqiqəyə sığacaq qədər qısa ifadə edə bilmək hər yazarın işi deyil. Adətən uzun və cansıxıcı mətnlər yazmaq yazıçılar üçün daha asandır. Lakin indi vaxt daha dəyərlidir. İndi qısa və dolğun danışmaq lazımdır. Əgər yazıçı ilk on dəqiqədə diqqəti özünə çəkə bilmirsə, oxucunun diqqəti yayınmağa başlayır.

Əlbəttə, bu, klassik kitabın öldüyünü deməyə imkan vermir. Bir halda ki, kino çıxanda teatr ölmədi, televiziya çıxanda isə kino ölmədi, onda internetin çıxması ilə kitab da ölməyəcək. Sadəcə, get-gedə kağız formalı kitab çapı daha baha qiymətə başa gələcək. İnsanlar kağız versiyalı kitabları almaqdansa, internetdən onu daha ucuz qiymətə, ya da çox halda olduğu kimi pulsuz yükləyəcəklər.

Gələcək oxucu kitabda ayarları özü seçəcək. O, müəllifin fikrini daha dərindən anlamaq üçün fotoları, videoları, səs fayllarını, müəllifin öz səsindən oxunmanı özü tənzimləyəcək.

Gələcəyin kitabını müxtəlif istiqamətlərdə oxumaq mümkün olacaq. Yəni, oxucu kitabı öz istədiyi kimi tərtib edib oxuyacaq. Bu yolla oxucu kitabın tam hüquqlu həmmmüəllifinə çevrilə biləcək.

Kinodan fərqli olaraq kitabda oxucu tempi və ritmi özü seçə bilir. Lakin, mətn vasitəsilə heç də həmişə mənaları sözün özündən daha mühüm olan intonasiya ilə ifadə etmək mümkün olmur. Oxucu üçün daha çox müəllifin emosional ləhcəsi maraqlı olur.

Bəzən müəllif mətni yazarkən ona ilham verən musiqini mətnlə birlikdə vermək, bəzən nəql edilən vaxt və yeri əks etdirən rəsmlərin verilməsini istəyir. Həmçinin çox az hallarda yazıçılar əsərlərinin ekranlaşdırılmasından razı qalırlar. Adətən rejissor əsərin “motivləri əsasında” elə şeylər çəkir ki, film tamam başqa, müstəqil bir əsərə çevrilir, çox vaxt müəllifin ideyalarına zidd olur..

Gələcəyin yazı forması - hipertekst

Hipertekst ardıcıllığı qorunmayan mətnlərin silsiləsidir. Adətən məntlər iki səbəbdən ardıcıllıqla yazılır. Birincisi ona görə ki, o, nitqin törəməsidir, nitqdəsə məntiqi ardıcıllıq heç cürə pozula bilməz (biz danışanda ancaq bir kanal, yəni dil vasitəsilə danışırıq), ikincisi isə kitabları ardıcıllıq olmadan oxumaq çox çətin gələrdi. Lakin fikirlər ardıcıl olmayan struktura malikdir, onlar çoxlu sayda, cürbəcür keçidlərlə bir-birinə başlanğıc verirlər.

“Hipertekst” termini altında biz içərisində mətnin başqa hissəsinə qısa yolla keçid qoyulmuş istənilən, romanı, lüğəti, veb-saytı (məsəlçün wikipedia) başa düşə bilərik. Hipertekst informasiya modeli, insan beynində fikirlərin ardıcıllığa uymadan, sərbəst axınla, biri digərini doğuraraq ortaya çıxmasına əsaslanır. Kanada filosofu və psixoloqu Marshal Mc Luhan deyirdi ki, insanın yaratdığı hər şey onun orqanlarının davamıdır. Bu halda maşın insanın ayaqlarının, çəkic əllərinin, kitabsa beynin davamı olmalıdır. Buna əsaslanaraq gələcək kitabların insan beyninə daha oxşar, yəni şəbəkəvari, fikir axını, qısa yollarla bir-biri ilə əlaqələnən mətnlərdən ibarət olmasını gözləmək məntiqə uyğundur.

Hipertekst sistemi mətni oxucuya daha dərindən çatdırmağa kömək edəcək əlavə vasitələrdən, rəsmlərdən, musiqidən, videodan istifadə etməyə imkan verir. Həmçinin hiperteksti əlverişli edən digər tərəfi mətnin içindən hər hansı informasiyanı ən tez şəkildə axtarıb tapa bilməkdir. Bundan əlavə hipertekst oxucuya daha böyük azadlıqlar verir. Oxucu mətni istədiyi ardıcıllıqla oxuya bilir.

İlk Hipertekst roman

Hipertekst anlayışı yeni olsa da, tarixdə hipertekstuallıqdan çox yerdə istifadə olunub. Məsəlçün İncildə İsanın həyatı dörd həvari tərəfindən müxtəlif versiyalarda danışılır. Ya da İncilin əhdi-ətiq (İncilin qədim hissəsi) və əhdi-cədid (İncilin və başqa xristian dini kitablarının yeni hissəsi) müxtəlif şeirlərə bölünüb, hər bir şeir hansısa mikromövzunu açır. Şeirlərin çoxunda digər kitablardakı şeirlər haqqında xatırlatma, qısayol var. Bu halda İncili ardıcıllıqla deyil, şeirlərdən şeirə keçidlə oxumaq lazım gəlir.

Tarixdə ilk hiperədəbiyyat 1990-cı ildə Maykl Coys yazıb (Michel Joyce). O dünyada ilk dəfə beş disketdə toplanmış kompyuter hiperromanı “Günorta”nı (Afternoon) yazıb. Roman 539 şərti səhifədən 951 qısayoldan ibarətdir. Onu ancaq kompyuterin ekranından oxumaq və öz istəyinlə süjet xəttini dəyişdirmək olar. Məsəlçün əgər istəsən, romanı faciəvi ya da xoşbəxt sonluqla bitirə bilərsən.

Azərbaycanca ilk hipertekstual kitab

Bu yaxınlarda Azərbaycanda ilk hipertekstual kitab yazılıb. Kitabın müəllifi rusdilli yazar, şair, tərcüməçi Nicat Məmmədovdur. Kitab rusca yazılıb, adı “Прогулка”, yəni “Gəzinti”dir, kitab DVD disk şəklində buraxılıb və 108 ayrı-ayrı yarımbaşlıqlardan ibarətdir. Yarımbaşlıqlar əlifba sırası ilə düzülüb və öz növbəsində hər yarımbaşlıqdakı mətndən başqa mətnlərə keçidlər var. Kitabda müəllifin tərcümələri, sevdiyi müəlliflər və kitabları, baxdığı filmlər, çəkdiyi fotolar, videolar, özünün gitarada ifa etdiyi musiqiləri yer alıb. Kitabda oxucular, “Buddizm”, “Yoqa”, “Quran”, ümumilikdə şərq və qərb fəlsəfəsi ilə bağlı mövzularda, həmçinin müəllifin gündəliklərindən parçalar oxuya bilərlər. Kitabda ən maraqlı yarımbaşlıq, sonuncu, “Я” yəni “Mən” yarımbaşlığıdır. Burda oxucunun qarşısına boş bir səhifə çıxır ki, orada ancaq qeydlər etmək mümkündür. Lakin, sonradan qeydlər saxlanılmır və pozulub gedir. Bu, Buddist fəlsəfəsinə əsaslanır, “Mən”in faniliyinə, yox edilməsinə işarə olunur.

Gələcəyin yazıçısı haqqında

Hipertekst nəzəriyyəsindən yola çıxaraq gələcəyin yazıçısı haqqında bəzi təxminlər etmək mümkündür. Futurist nəzəriyyəyə görə, gələcəyin yazıçısı hər şeydən əvvəl yüksək texnoloji inkişafdan öz nəsibini alacaq. O, onlarca kompyuter proqramını əla biləcək. Mövcud texnologiya vasitəsilə hipermətnlər yazacaq. Həmin mətnin musiqilərini, videolarını, rəsmlərini də təkbaşına hazırlayacaq. Gələcək yazıçı üçün əsər yazmaqdan daha mühüm iş, əsəri ərsəyə gətirə biləcək proqramlar hazırlamaq olacaq. O artıq böyük həcmli mətnlər deyil, kiçik, amma yaradıcı ideyalar irəli sürməklə məşğul olacaq.
XS
SM
MD
LG