Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:46

Salam, yoxsa alqış, aftafa, yoxsa kumqan? (Debatın mətni)


Etimad Başkeçid və Araz Gündüz
Etimad Başkeçid və Araz Gündüz
-

Araz Gündüz:

- Ermənistanda "differensial", "inteqral", "televizor" kimi dünyada qəbul olunmuş terminləri öz dillərinə çevirib işlədirlər.

Anar Mahmudoğlu:

- Bu ərəb-fars sözləri Azərbaycan ədəbi dilində oturuşublar. Onları sıradan çıxarmaq, bunu qanun şəklinə salmaq mümkün deyil.

Seyfəddin Hüseynli:

- “Möhtəşəm yüzil” serialında şeirdə bizim indiki leksikamıza yaxın sözlər işlədilir, amma türklər bunu tərcümə etməyə məcburdular.

Etimad Başkeçid:

- Rusiya və ya Türkiyə televiziyasında danışan uşaq bülbül kimi ötür. Ona görə ki dildə təmizlənmə aparılıb.



Azərbaycan dilindəki alınma sözlərə, xüsusən də ərəb-fars sözlərinə "müharibə elan etməyə" ehtiyac varmı?

AzadlıqRadiosunun “Pen klub” proqramında bu suala cavab axtardılar: alınma sözləri yeni - türk mənşəli sözlərlə əvəzləyən tərcüməçi Araz Gündüz, Bakı Slavyan Universitetinin tərcümə laboratoriyasının müdir əvəzi, tərcüməçi Etimad Başkeçid, "525-ci qəzet"in mədəniyyət, ədəbiyyat üzrə redaktor müavini, tərcüməçi Seyfəddin Hüseynli və Azərbaycan Dil Qurumu ictimai birliyinin icraçı direktoru Anar Mahmudoğlu.


KUMQAN, YOXSA AFTAFA?

Şahnaz Bəylərqızı:

- Sizcə, yüz illərdir dildə oturuşmuş ərəb-fars sözlərinin dildən çıxarıb, onların qarşılığını tapmağa ehtiyac varmı?

Araz Gündüz:

- Mənə elə gəlir var. Dil inkişaf etməlidir. Mən belə düşünürəm ki, bizim dilimiz başlıca olaraq türk kökənli sözlərə dayanaraq inkişaf etməlidir. Araşdırıcıların dediyinə görə, X əsrdə Firdovsi “Şahnamə”ni yazanda qarşısına məqsəd qoyubmuş ki, son 300 ildə fars dilində oturuşmuş ərəb sözlərindən qaçsın… Mahmud Kaşqarlı əsərində oğuzları yad sözləri öz dillərinə gətirməkdə qınayırdı. O yazırdı ki, nəyə görə türk dilində su qabı anlamı verən kumqan ola-ola oğuzlar farsın aftaba sözünü işlətməlidir? Bir misal gətirim, sovet dövründə Qazaxıstanda, Qırğızıstanda ezamiyyətdə olanda Daxili İşlər Şöbəsininin "İçki İşlər Bölümü" kimi yazıldığını gördüm. Bizdəsə Daxili İşlər Şöbəsi gedirdi, 3 sözdən cəmi biri türkcəydi. Bizim dilimizdə də ərəb-fars sözləri oturuşsalar da, onlar şüurumuzun dərin qatlarına gedib çata bilmir. Orta məktəbdə fizika dərsliyində təcil sözü vardı, yadımdadır ki, o sözü heç cür qavraya bilmədim. Sonra başa düşdüm ki, təcil sürətin zamana görə dəyişməsidir. Ancaq biz sürət sözünü yeyinlik, təcil sözünü qıvraqlıq kimi işlətsəydik bu, şagird tərəfindən daha asan qavranardı. Ola bilsin elə terminlər var dildə oturuşub, onları dəyişmək uzaq gələcəyin işidir, amma eləsi var dəyişdirilməlidir.

"FÜZULİDƏN ÇƏKİNDİRMƏYİN ƏN ASAN YOLU"

Ş.Bəylərqızı:

- Araz bəy təklif edir ki, salam yerinə alqış, tarix yerinə ilyazı, mümkün yerinə olası, cansız varlıq əvəzinə yaşarı olmayan varlıq, mənəviyyat yerinə ərdəmlik işlədilsin. Etimad bəy, bu sözlər dilə otura bilərmi?

Etimad Başkeçid:

- Bu da bir yanaşmadır. Dilimizin təəssübünü çəkərək yad sözləri arxaikləşmiş sözlərlə əvəzləmək, ya da yeni sözlər fikirləşmək olar. Amma bunun elmi əsasları olmalıdır. “Dədə Qorqud”da və başqa dastanlarda da əsasən bizim öz sözlərimiz işlənir. Yazılı ədəbiyyata baxaq: “Padşahi-mülk dinarü dirhəm rüşvət verib, fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri…” Füzulişünas, ya da ərəb, fars dilllərini bilməsən bunu anlamaq mümkün deyil. Bunu orta məktəbdə heç nə başa düşmədən əzbərləyirdik ki, qiymət alaq. Füzulidən çəkindirməyin, imrəndirməyin ən qısa yolu budur. Türkiyədə də zamanında orta məktəblərdə Fizulini tədris edirdilər. Sonra yığışdırdılar. Sözüm onda deyil. Dilimizdə ərəb-fars mənşəli sözlər lap çox olub. Dilimizin inkişaf mərhələlərində Araz bəy kimi məqsədyönlü şəkildə türkcənin təmizlənməsi ilə məşğul olanlar da yox idi. Amma hadisələrin təbii axarı ona gətirdi ki, dilimizdən ərəb, fars kökənli sözlər özbaşına çıxıb getməyə başladı.

Ş.Bəylərqızı:

- Nümunə gətirə bilərsizmi?

E.Başkeçid:

- Füzulinin, Nəsiminin dilini götürün. XIX əsrdə belə bu sözlər daha çox idi. Bayaq dediyim qitəni yada salaq, nə qədər yad söz var. Zaman keşdikcə bədii ədəbiyyat da milliləşdi. Bu təkcə bizim dilə aid tendensiya deyil. Anadolu türkləri də öz dillərində təmizləmə aparıblar. Təmizləməni – purizmi ruslar da aparıblar, fransızlar da, ingilislər də. Bunu niyə ediblər? Azərbaycanlı professor televiziyada danışanda sözün əvvəlini deyir, axırını gətirə bilmir, hıqqanır. Amma Rusiya və ya Türkiyə televiziyasında danışan uşaq bülbül kimi ötür. Ona görə ki, dildə təmizlənmə aparılıb. Gəlmə sözlərin, xüsusən də ərəb-fars kökənli sözlərin bizim dildə semantik yuvası yoxdur. Məsələn, əl deyəndə yadımıza əlçim, əlçək, əlli və bu cür sözlər düşür, yəni bir sözü xatırlamaq bəsdir ki, onun qohum-əqrəbası yada düşsün və çətinlik çəkmədən istifadə edəsən. Amma alınma söz olanda ona qohum sözləri xatırlayana kimi hıqqanırsan. Purizm buna görə vacibdir, insanın fikrini sərbəst ifadəsi üçün.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“SALAM SÖZÜNÜ ALQIŞLA ƏVƏZ ETMƏK TƏKLİFİNƏ İFRATA VARMA KİMİ BAXIRAM"

Ş.Bəylərqızı:

- Dinləyici yazır ki, Araz Gündüzün salam yerinə alqış sözü çətin keçə.

E.Başkeçid:

- Salam sözünü alqışla əvəz etməyə irfrata varmaq kimi baxıram.

A.Gündüz:

- Mən bunu yaşadığım mühitdən götürürəm. Gözümü açıb görmüşəm biri o birinə deyir ki, filankəs yanımdan alqış demədən keçdi.

E.Başkeçid:

- Alqış sözünün mənası bir az başqadır.

A.Gündüz:

- Mən başa düşürəm ki, alqış bir az geniş anlamdadır. Mən də tərəfdarı deyiləm ki, dilimizi əski türkcədən olan sözlərlə, terminlərlə dolduraq. İfrata varmaq lazım deyil.

Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli


“İNDİ QLOBALLAŞMA GEDİR..."

Seyfəddin Hüseynli:

- Bu yöndə iş getməlidir. Dilçilik İnstitutu öz miqyasında iş aparmalıdır, yazı-pozu adamları, tərcüməçilər, yəni şəxsi təşəbbüslərlə çıxış edənlər də bundan qalmamalıdırlar. Ancaq bu, kampaniyaçılıq şəklində, inzibatı yollarla olmamalıdır, kimsə oturub hansısa kəlməni pozub yerinə təzə yaxud köhnədən, yaddaşdan dirçəldib ibarələr qoymamalıdır. Bu, yarıtmaz müdaxilə effekti verə bilər. Mən qorxuram ki, biz lap əskilərdən söz diriltməklə aradakı 1000-1200 illik söz bazasını qırağa qoyaq, sonra başlayaq hansısa mətləblərin ifadəsi üçün yeni kəlmələr axtaraq. Üstəlik də sonradan bunu şüurlara, leksik bazamıza yeritmək var. Mən düşünürəm ki, Araz Gündüz xeyirxah niyyətlə, ənənələrə, keçdiyi məktəbə söykənərək belə təklif irəli sürür. Bu, nəcib hərəkətdir. Etimad bəy purizmdən danışdı. Bizə bəlkə də ayıb görünür ki, niyə dilimizdə bu qədər kənar söz var, xüsusən ərəb-fars sözləri allergiya doğurur, yabançı gəlir. Ancaq söz bazasının bu qədər zəngin, çeşidli olmağı onun zəifliyi deyil, güclü tərəfidir. Müəyyən paralellizmləri aradan qaldırmaq olar, əvəzləmələr aparmaq olar. Amma dili bağlı olduğu mədəni, siyasi müstəvidən, hətta məişət sferasından qoparmaq elə yerə aparar ki, öz-özünü də tanımaz. Bu, qəliz məsələdir, elə bilirəm lazım da deyil. Təşşəbüsün faydalı tərəfi odur ki, dil yaddaşı oyanır, yerinə düşməyən ifadələrdən arınır. Nümunə kimi Türkiyəni götürürüksə, bu, xeyli müsbət nəticə verdi. Amma orda da xeyli kənar, yabançı vahidlər var, bəzən dilin sintaksisinə təsir edir. Görürəm indi peşmandılar, ənənəvi dili itiriblər çünki. Misal üçün, “Möhtəşəm yüzil” serialında şeirdə bizim indiki leksikamıza yaxın sözlər işlədilir, amma onlar bunu tərcümə etməyə məcburdular… O ki qaldı Füzulini anlamamağa, guya bəzi füzulişünaslarımız rəhmətliyi başa düşürlərmi? Bu artıq başqa məsələdir, bir az psixoloji, bir az da pedaqoji. Bir də ki, indi dünyada qlobalizasiya gedir, hansısa dili təcrid etmək, özünəqayıdış, dili lokallaşdırmaq problemlər yarada bilər. Hansı zəmanədir indi? Lokallaşmaq, təklənmək hətta dil səviyyəsində də yaxşı nəticə verməz.

E.Başkeçid:

- Seyfəddinin dediklərini bölüşürəm, bu məsələdə doğrudan da təmkinli olmaq lazımdır. Kampaniyaçılıqla yaxşı nəticə əldə etmək olmaz. Amma dədə-baba leksikamızdan, arxaik sözlərdən istifadə edərkən demirik ki, onu mexaniki əvəzləyək. Yerinə düşürsə, oxucu üçün anlaşıqlıdırsa olar. Süniliyə, qondarmaçılığa, oxucunu bərkə-boşa salaraq lüğətdə söz axtramağa vadar edəcək şeylərə ehtiyac yoxdur.

A.Gündüz:

- Mən Seyfəddin bəyin bəzi fikirlərini bölüşürəm. Amma sonuncu –qlobalizasiya haqda dediklərinə gələndə, o, məsələyə çox da dəqiq yanaşmır. Biz özümüz olmadan, öz böyüklüyümüzü tapmadan dünyaya qoşuluruqsa, orda itəcəyik. Ermənistanda differensial, inteqral, televizor kimi dünyada qəbul olunmuş terminləri öz dillərinə çevirib işlədirlər. Bu millət qloballaşmanı da, dünyaya inteqrasiyanı da unutmur, öz içində bütövləşməni də. Biz dünyaya özümüz kimi qoşulmalıyıq.

“ƏRƏB, FARS DİLLƏRİ AZƏRBAYCAN DİLİNİN FORMALAŞMASINDA AKTİV İŞTİRAK EDİB”

Anar Mahmudoğlu:

- Araz Gündüzün dediyi sözlərdən başlayaq. Onların bir çoxu bizdə sinonim kimi işlənir. Məsələn, hörmət sözünü sayqı sözü ilə əvəzləməyi təklif edir. Bu söz bizdə sinonim kimi işlənir, orfoqrafiya lüğətimizdə də, izahlı lüğətimizdə də var. Amma yazılışı dil normalarıyla tənzimlənir. Araz bəy onu “sayqı” deyə yazır, ancaq “sayğı” kimi yazılır, bu artıq Dilçilik İnstitutunun işidir. Yəni dilin yaradıcılığında iştirak edənlər arxaik sözlərdən istifadə edə və ya hər hansı terminin qarşılığını tapa bilər. Dil onu qəbul edərsə, mütəxəssislər onun dil normalarına uyğun yazılışını müəyyənləşdirəcəklər.

Ş.Bəylərqızı:

- Konkret siz nə təklif edirsiz? Dil ərəb-fars sözlərindən arınmalıdırmı?

A.Mahmudoğlu:

- Ərəb, fars dilləri, eləcə də mədəniyyəti Azərbaycan dilinin formalaşmasında aktiv iştirak ediblər. Bu sözlər Azərbaycan ədəbi dilində oturuşublar. Onları sıradan çıxarmaq, bunu qanun şəklinə salmaq, “filan sözün yerinə filan sözü işlədin” demək mümkün deyil. Məsələn, müvəffəqiyyət sözünü götürək, bu söz dilə ağırlıq gətirir, yazılarda ondan qaçırıq. Onun əvəzinə uğur sözündən uğurlu şəkildə istifadə edirik. Amma o demək deyil ki, müvəffəqiyyət sözünü izahlı lüğətdən çıxararaq qadağan etməliyik. Və ya başqa məsələ, biz alınma sözləri dilimizin normalarına uyğun qəbul edirikmi? Biz müqavilə sözünü kontrakt yazmaqla nə əldə edirik?

A.Gündüz:

- Bağlaşma deyirik, bununla da məsələ bitir.

A.Mahmudoğlu:

- Bu, yaradıcı insanın təklifidir. O, əsərində bunu işlətsin, dil bunu qəbul edəcəksə, ümumişlək sözə çevriləcəksə, Dilçilik İnstitutu onu lüğətə salacaq və yazılışını müəyyən edəcək. Dil normaları dilin qabağında yox, arxasında dayanır.

E.Başkeçid:

- Deyəndə gəlin, bu dili qoruyaq, bunu mən başa düşmürəm. Azərbaycan türkcəsinin min illərlə yaşı var, ənənəsi var, bu dildə yazılan ədəbiyyat var. O vaxt qoruyucular-zad yoxuydu ki əlində silah desin: “Niyə layihə sözü yerinə proyekt yazdın?” Türkcə ağlabatan söz olsa işlədərəm, yoxdursa, proyekt yazacam. Dilə müdaxilə etmək olmaz.

Anar Mahmudoğlu
Anar Mahmudoğlu


“BU, SAĞ ƏLƏ SOL OLMAYAN ƏL DEMƏK QƏDƏR ABSURDDUR”

Ş.Bəylərqızı:

- Dinləyici yazır: “Burda belə gülünc variantlar verilib. Cansız varlığa yaşarı olmayan varlıq demək sağ ələ sol olmayan əl demək qədər absurddur. Sonra burda "mümkün" sözünün qarşılığı kimi olası yazıblar. Maraqlıdır, mümkün olmadı demək istəyəndə nə deyəcəyik? "Olası olmadı?" "Şərəf" başıucalılıq olacaqsa, onda şərəfsiz necə olacaq? Başıucalılıqsız? Yoxsa başıaşağı?..”

A.Gündüz:

- Alınma sözlərlə bağlı belə problem yaranır. Kiməsə şərəfli deyiriksə, tərsi şərəfsizdir. Axı bu sözlər dilimizə sonradan gətirilərək bu biçimləri alıblar. Mütləq deyil ki, kiməsə başıuca deyirsənsə, tərsinə olanda başıaşağı deyəsən? Alçaq demək olar.

E.Başkeçid:

- Şərəf sözünü çıxarmağa nə ehtiyac var? Bu söz mənim də xoşuma gəlir.

A.Gündüz:

- Nyuton deyir ki, mən dünyanı izah edib qurtardım, dünya mənim qanunlarımla idarə olunur. Amma üstündən 100 il keçdi, Faradey, Maksvel, Eynşteyn meydana çıxdı. Məlum oldu ki, dünyanın qanunlarını yazdığını güman edənlərin qanunları heç dünyanın azaçıq bölümünü də ifadə edə bilmir. Dilə qanunla yanaşmanın, onu şablonşaldırmanın tərəfdarı deyiləm. Qanunlar yeniləşməyə hazır olmalıdır.

tam izlə

Araz Gündüzün alınma sözlər əvəzinə istifadə etdiyi sözlərdən nümunələr:

Salam - Alqış
Tarix - İlyazı
Düşmən - Yağı
Hörmət - Sayqı
Şərəf - Başıucalılıq
Pərəstiş - Tapınma
Çüxnövlü - çöxtürlü
zərər, pislik - yamanlıq
mümkün - olası
Canzıs varlıq - yaşarı olmayan varlıq
Şüur - anlaq
Mübahisə - söz dartışması
analoq - bənzətmə
Tərif - öyünc
Mənəviyyat - ərdəmlik
İnkar etmək - danmaq
Ümumiləşdirmək - bütünləşdirmək


(Bu proqram YouTube-da canlı yayınlanır, ertəsi gün isə HotBird peykində AzadliqRadiosuTV kanalında onun tekrarına baxmaq olar).
XS
SM
MD
LG