Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:41

"Həmid bəy Allahın adı ilə insanları aldadır" (ANS-dəki pir verilişiylə bağlı debat)


Həmid Herisçi və Qan Turalı
Həmid Herisçi və Qan Turalı
-

Həmid Herisçi:

- Biz ziyalıların heykəllərini Axundov kitabxanasına qoya bilərik ki, xalq yazıçılarıdır, xalq rəssamlarıdır... Amma xalq onlara yox, öz övliyalarına inanır.

Qan Turalı:

- Deyirsiz ki, xalq pirə gedir. Xalq Üzeyir Mehdizadəyə də qulaq asır,


İlqar Dərgahlı:

- Araşdırmaq lazımdır ki, hansı inanc bunları, istər savadsızı, istər ziyalını pirlərə getməyə sövq edir?



Klassiklər bütün pirlərə qarşı çıxırdılar, yoxsa yalnız saxta saydıqlarına?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata ANS-dəki "Gizli Azərbaycan" proqramının müəllifi, yazıçı Həmid Herisçi, parapsixoloq İlqar Dərgahlı, ilahiyyatçı Elşad Miri və yazıçı Qan Turalı qatıldılar.


HƏMİD HERİSÇİ: “ÖLKƏLƏRİN HƏM BAYRAĞI, HƏM RƏMZLƏRİ... HƏM DƏ METAFİZİKASI OLMALIDIR”

Şahnaz Bəylərqızı:

- Həmid bəy, Haqverdiyev, Nərimanov və başqa klassiklər bütün pirlərə qarşı çıxırdılar, yoxsa yalnız qondarma saydıqları pirləri tənqid edirdilər?

Həmid Herisçi:

- Sevinirəm ki, bizim açdığımız bu qədim mövzu, yaxud qafiyə artıq cəmiyyət tərəfindən tutulur. Nəticələr var, artıq sərhədləri keçib öz pirlərini işğal edilmiş ərazilərdə ziyarət edənlər də var. Sərhədi keçən həmin iki nəfəri mən tanımıram. Ancaq mənə elə gəlir ki, bizim verilişin təsiri ilə olub. Mən belə düşünmək istərdim hər halda. O ki qaldı pirlərimizə, bizim qədim ədəbiyyatımız, Nizami, Xaqani, Füzuli pirlərdən danışmayıblar. Pir mövzusu son dövr ədəbiyyatında da yoxdur. Pirlər mövzusu bizdə qapalı, qorxulu mövzudur. Pirlər özü səni idarə edir, pir icazə verməsə, sən ora girə bilməzsən. Biz bu verilişi başlayana qədər görünür, pirlərin əmri varıymış ki, bizim qapılarımızdan keçməyin. Çünki Azərbaycan ədəbiyyatının nə qədim dövründə olan qələm sahibləri, nə sonrakı, nə də müasir dövrün müəllifləri bu mövzuya tutarlı şəkildə girişiblər. Ölkələrin bayrağı ola bilər, rəmzi ola bilər, dövlət xadimləri ola bilər, amma həm də ölkələrin metafizikası olmalıdır, gizli, naməlum, açılmayan sirləri olmalıdır. Sevinməliyik ki, Azərbaycanda bu sirlər xəzinəsi var, biz də onu səhifələməyə cəhd göstəririk.

“ƏLBƏTTƏ, BÜTÜN PİRLƏR CƏLİL MƏMMƏDQULUZADƏNİN, HAQVERDİYEVİN YAZDIĞI KİMİ YOX YERDƏN, FIRILDAQ YOLLA YARANMAYIB”

Qan Turalı:

- Siz XX əsr Azərbaycan yazıçılarının pirlərə münasibəti barədə konkret sual verdiz. Bu faktdır ki, onlar sosial planda pirləri tənqid ediblər, xalqın geridəqalmışlığının, təhsilsizliyinin, savadsızlığının əsas səbəblərindən biri kimi görüblər. Maarifçilərin məsələyə yanaşması daha fərqlidir. Onlar dini düşmən kimi görürdülər.

Ş.Bəylərqızı:

- Dini, yoxsa cəhaləti?

Q.Turalı:

- Məhz dini. Bu da Avropadan gəlirdi. Avropa maarifçiliyinin atalarından biri Volter yazırdı ki, kilsənin başını əzin. Maarifçiliyin əsas ideyası odur ki, insan düşünməlidir, öz ağlı ilə qərar verməlidir. Din isə bunu qoymur, insana hazır cavablar verir. Buna görə də maarifçilər dinə də, xurafata da kəskin yanaşırdılar. Bizim maarifçi ədəbiyyat Axundovla başlayır. Onlar da islamı da, xurafatı da tənqid ediblər. Pirləri də birbaşa tənqid ediblər, onların fırıldaqçılığın qalası, xalqı soyan kimi göstəriblər. Mən bu dünyagörüşü ilə o qədər də razı deyiləm.

Ş.Bəylərqızı:

- Həmid Herisçinin təqdim etdiyi baxış bucağı ilə razılaşırsızmı?

Q.Turalı:

- Əlbəttə, bütün pirlər Cəlil Məmmədquluzadənin, Haqverdiyevin yazdığı kimi yox yerdən, fırıldaq yolla yaranmayıb. Demək olmaz ki, bütün pirlər alver mənbəyidir, pul yığmaq üçün düzəlib, bunu demək də ədalətsizlikdir.

Həmid Herisçi
Həmid Herisçi


“AVROPA MİSTİKANIN TƏRƏFDARIDIR”

H.Herisçi:

- Avropa elmi pirləri ciddi elm kimi öyrənir. Bizim maarifçilərimiz saxtakarlıq ediblər ki, guya Avropa məhz dinin, xurafatın əleyhinədir. Avropa mistikanın tərəfdarıdır, bugünkü Holliwood, Avropa kinematoqrafı, ədəbiyyatı başdan-ayağa mistik mövzular haqqındadır. Bizdə Cəlildən, Axundovdan yanlış anlayış başladı ki, guya ayıq başla iş görmək, magiyadan, mistikadan, irfandan kənarda durmaq lazımdır. Bu, acı nəticələrə gətirdi, ədəbiyyat metafizikasız qaldı, qurulaşma, cılızlaşma baş verdi... Bizim pirlərdə müqəddəs nəşlər var, çürümürlər. Belə söhbət gəzir ki, onlar ölməyiblər, diridirlər, telepatik vəziyyətdə insanın niyyətləri ilə əlaqədədirlər. Bu, elmdir, öyrənmək lazımdır. Rusiyada bununla bağlı ekspertizalar keçirilir, təyyarə ilə şəklini çəkirlər, cihazlar var bunun üçün, öyrənirlər. Oturasan Axundov kimi yazasan pir pisdir, bu gülüncdür.

“BU MAARİFÇİ XURAFATLA QURTARMAQ LAZIMDIR”

Ş.Bəylərqızı:

- Sizcə, Mirzə Cəlilin, Nərimanovun, Haqverdiyevin yazdıqları kimi nümunələr yoxdurmu?

H.Herisçi:

- Mən XIX əsrdə olan köhnə əhvalatları bu günə daşımaq istəmirəm. Bu maarifçi xurafatla qurtarmaq lazımdır. Cərrah kimi kəsib atmaq lazımdır. Çox ziyan vurur bizim ədəbiyyatımıza, təfəkkürümüzə.

Q.Turalı:

- Həmid bəy, din xurafat deyil, maarifçilik xurafatdır?

H.Herisçi:

- Maarifçilik xurafatdır! Elmi axtarış aparmadan, özbaşına oturub... Bütün dünyada bunun parametrləri var , bir adam özünə ekstrasens deyəndə alimlər tökülür, konsilium olur, nəticə çıxarırlar... Bu qələmini götürüb ki... Estetik fikir deyib ey, rəssam şəkil çəkib.

Elşad Miri
Elşad Miri


ELŞAD MİRİ: “TƏZƏPİR”DƏKİ TƏMİR-BƏRPA İŞLƏRİNDƏN SONRA NƏ İMAM ÖVLADI QALDI, NƏ QƏBRİ”

Ş.Bəylərqızı:

- Elşad bəy, islam pirlərə necə yanaşır? Bəzən pirlərin islama zidd olduğunu deyirlər.

Elşad Miri:

- Bütün peyğəmbərlərin, bütün kitabların göndərilməsinin bir məqsədi olub: insanla Allah arasındakı bütün vasitələri aradan qaldırmaq. “Quran”da deyilir ki, sən ölüləri eşitdirə bilməzsən, təəssüf bu gün bizim insanlar qəbirdəkilərə yalvarırlar ki, sən mənim xahişimi Allaha çatdır. Bir insan öldükdən sonra onu pir halına gətirib, onu özü ilə Allah arasında vasitəçi etmək islamda böyük günahlardan biridir. Həmid bəy öz verilişində quşbazları danışdırır, guya imamların göyərçinlərinin bura gəlməsindən və s... Əslində, bu gün ANS-in “Gizli Azərbaycan” verilişində təbliğ olunan, çatdırılan məsələlər islamın həmişə mübarizə apardığı şeylərdir. “Quran”da bununla bağlı konkret ayələr var. Bu gün işğal olunmuş ərazilərdə “Xanazır” deyilən pir var. Xanazır ərəb dilində xınzır sözünün cəmidir, donuz deməkdir. Yəni donuz piri nə vaxtdan pir olub ki, ora gedirlər? Və ya Bakının göbəyində olan “Təzəpir” məscidində, içəridə qəbir vardı, deyirdilər ki, guya hansısa imamın övladıdır. Amma prezidentin ayırdığı 33 milyon manata aparılan təmir-bərpa işlərindən sonra içəridə nə imam övladı qaldı, nə də qəbir. Cərcis peyğəmbər adlı guya pir var. Əslində, onun adı Ceorcious olub, Azərbaycanda xristianlığı yaymağa gələn missioner imiş. Sonra Bakı kəndlərində Əli ayağı adlanan pirlər var. Bəyəm Əli Azərbaycana gəlib? Yaxud da gəzəndə ayaq izi betonda-zadda ilişib qalırdı?.. Həmid bəy, verilişlərinizdə elə fikir yaradırsız ki, mütləq pirə, ziyarətgaha getmək lazımdır, ora gedən kimi oğlan uşağınız doğulacaq, mütləq gətirib maşın verəcəklər, vəzifəyə qoyacaqlar, yəni siz elə ab-hava yaradırsız ki, bu da insanları xurafata aparır. Xurafat və mövhumatı Həmid bəy televiziyada bir az emosional, bir az qorxulu şəkildə çatdırmağa çalışır. Bu, tamam elmdən, dindən uzaqdır.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“BİZİM VERİLİŞİMİZ ELMİDİR”

H.Herisçi:

- Əvvəla, bizim verilişimiz elmidir. Biz bütün fikirləri, eləcə də Elşad Mirinin də oxşar fikirlərini həmişə orda səsləndiririk. “Karvan” jurnalının redaktoru İsmayıl müəllim də orda çıxış edir. Veriliş demokratikdir.

E.Miri:

- Siz dediyiniz insan özü pirlərə getməyin tərəfdarıdır. Mən ANS-də pirlər haqda danışandan sonra o veriliş üzümə bağlandı. Ora İranda oxuyub gəlmiş şəxslər çağırıldı, onlar pirlərə getməyi, imam Həsənin, İmam Hüseynin nəvə-nəticələrinin qəbirlərini müqəddəsləşdirməyi özlərinə peşə seçiblər. Onlar mənim dediklərimi deməyəcəklər.

H.Herisçi:

- Yaxşı bildik, bildik... Biz demokratikik. Ancaq XIX əsr maarifçiləri islam dininə, xalq mistikasına qarşı amansız, dözülməz münasibət sərgiləyiblər. Biz onlar kimi qeyri-demokratik deyilik, fərqli fikirləri çatdırırıq. Bu gün bütün dünya kinematoqrafı, televiziyalar bu cür maarifləndirici, elmi, parapsixoloji verilişlər verirlər.

E.Miri:

- Parapsixologiya elm deyil.

H.Herisçi:

- Bu gün bütün dünyanın alimlərinin öyrəndiyi parapsixoloji xüsusiyyətlər, kosmoenergetika, ektrasenssorika elmləri elmin aparıcı xətləridir. Saxtakar Qərbəpərəstlər Facebook cameəsində çox atılıb-düşürlər. Biz göstərməliyik ki, Qərb siz deyən Qərb deyil. O, rassional deyil, o həm də mistikdir. Azərbaycanda isə bu öyrənilmir, bu yoxdur.

E.Miri:

- Parapsixologiya elm deyil. Holliwood da sizin dediyiniz kimi dini təbliğ etmir, dinin əksinə çıxır.

İlqar Dərgahlı
İlqar Dərgahlı


“TELEPATİYANI NƏYLƏ ÖLÇƏCƏKLƏR?”

Q.Turalı:

- Mən Elşad bəyin dediyi ilə tam razıyam. Elm gözlə görünəndir. Magiya necə elm ola bilər? Elmin nəzəriyyəsi var, fəlsəfəsi var. Yəni gözü ilə gördüyünü təhlil edir, yəni kimya, fizika, biologiya elmdir. Ancaq mistika, psixoanaliz, fəlsəfə, psixologiya elmdirmi? Yox! Həmid cihazlardan danışır. Telepatiyanı nəylə ölçəcəklər?

H.Herisçi:

- Pirlər həm də maddidir.

Q.Turalı:

- Orda puldan başqa maddi nə var?

H.Herisçi:

- Sizə elə gəlir.

E.Miri:

- Bu yaxınlarda məlumat verildi ki, bir nəfər piri banka qoyub kredit götürmək istəyib, aylıq gəliri də 5 min manat göstərib.

İLQAR DƏRGAHLI: “HANSI İNANC İSTƏR SAVADSIZI, İSTƏRSƏ DƏ ZİYALINI PİRLƏRƏ GETMƏYƏ SÖVQ EDİR?”

İlqar Dərgahlı:

- Bizim polemika aparmağımız qol gücü mübarizəsi kimi ortaya çıxır, biz mətləbdən uzaqlaşırıq. Bir anlayışı başqası ilə qarışdırırıq. Üstündən 100 il keçib, araşdırmaların səhv yönümünü bu günə daşıyırıq. Dini ondan min illərlə uzaq qədim ənənəylə qarışdırırıq. Heç kim öz dinini danmır. Biz mövcud olduğumuz məkanda minillik irsi olan hadisələri, islamın bura ayaq basdığı dövrə qədər olmuş və indiyədək mövcudluğunu saxlayan ənənələri araşdırmağa çalışırıq. Necə oldu ki, insanlar bunu itirmədilər? Nəyin gücünə bu günə daşıdılar? Hansı inanc bunları, istər savadsızı, istər ziyalını pirlərə getməyə sövq edir? Bu, cəhalətdir, savadsızlıqdır? Yoxsa ortada başqa amil var? Kim deyir ki, “Quran” pirlərlə təhrif olunur? Onlara tarixi abidə, mədəniyyət abidəsi kimi baxan var, Nuhdan qalma meqalitik abidə kimi baxan var. Biz bunları araşdırmaq əvəzinə, islamla üz-üzə qoyub tənqid edirik.

E.Miri:

- Nə peyğəmbərimizin özünün, nə də övladlarının qəbrini kimsə pir etməyib. islamda bu yoxdur. Bu kimlərinsə sərmayə qoymadan hazır obyekt halına gətirib pul qazandıqları yerdir.

İ.Dərgahlı:

- O obyektlər təyinatını və transendentallığını qoruyub saxlayır. Kimsə öz dinindən imtina etmir. Bu pirlər dinə dağıdıcı, antoqonist mövqedə durmur.

“NƏ ÜÇÜN ETİBAR ERKİNİN QƏTLİNDƏN SONRA PARAPSİXOLOGİYA AZƏRBAYCANDA YASAQLANDI?”

H.Herisçi:

- Pirlər ilk olaraq qeyb aləminə gedən yollardır, zaman tunelləridir. Bu, ayrı elmdir. Təkcə Almaniyada 500-dən artıq parapsixologiya ilə məşğul olan ciddi elmi-tədqiqat institutları var, Rusiyada 300-dən çoxdur. Çində, Hindistanda, ABŞ-da, Kanadada parapsixologiya öyrənilir. Bunun elmin olmadığı yer ancaq Azərbaycandır. Nə üçün Azərbaycanda parapsixologiya yoxdur? Nə üçün 1995-ci ildə Etibar Erkinin amansız qətlindən sonra – o iki övladı ilə birlikdə şəhidi sayıla bilər parapsixologiyanın – bu sahə Azərbaycanda yasaqlandı? Bu, utanc sayıla bilər. Xalq mistikadan kənarda deyil, pirlərə gedir, paralel aləmdə yaşayır, ordan övlad da istəyir. Milyonlarla azərbaycanlı deyə bilər ki, pirdə övlad tapıb. Mən istəyirəm elm bunları öyrənsin. Öyrənək görək anabioz nədir? Azərbaycanda 3 mumiya tapılıb, amma yasaq olunub.

Ş.Bəylərqızı:

- Heç bir şübhə yeri qoymadan bütün pirləri təbliğ etməyin tərəfdarısız?

H.Herisçi:

- Təbliğ yox, tədqiq etməyin tərəfdarıyam. Biz heç nəyi təbliğ etmirik, çəkirik, göstəririk ki, camaat, baxın, fikrinizi deyin.

Ş.Bəylərqızı:

- Həmid bəy, deyirsiz ki, xaricdə institutlar bu sahəni aparşdırır. Pirlərin öyrənilməsinin faydası nədir?

H.Herisçi:

- Milyonlarla insan şəfa tapıb.

Ş.Bəylərqızı:

- Onda təbabət nəyə lazımdır?

H.Herisçi:

- Təbabətin naəlac qaldığı yerdə kömək əli uzadır.

Q.Turalı:

- Azərbaycan kimi səhiyyənin pis inkişaf etdiyi ölkədə pirlər əlbəttə funksionaldırlar. Həmid bizim böyük yazıçımızdır, ustadımızdır. Ancaq məncə, Həmid bu məsələlərə yazıçı təxəyyülü ilə yanaşır, nəinki alim kimi. O, filologiya fakültəsini bitirib, parapsixologiya kimi məsələlərdə dərin biliyi də yoxdur.

H.Herisçi:

- Mən 300-ə yaxın insanın fikirlərini yazmışam, nəticələrim var. Məncə, mənim nəticələrim Hopkinsin axtarışları qədər maraqlı olmalıdır.

E.Miri:

- Mən inanıram ki, bu verilişlər qurtarandan sonra Həmid bəy də parapsixoloq kimi verilişlərə çıxacaq. Yəni kimsə ginekoloq yerinə sizin yanınıza gəlib övlad istəyəcək, kimsə universitetə qəbul olunmasını istəyəcək. Bu cür işləri din kimi göstərmək cahillikdir.

“HƏMİD, SƏN KİNO ÇƏKİRSƏN, ARAŞDIRMA APARMIRSAN”

Q.Turalı:

- Bizdə hamı, eləcə də Həmid bəy deyir ki, Avropada filan şey var. Avropada hər şey var, orda bütün elmlər də, nəzəriyyələr də var... Elşad Mirinin baxışı dini baxışdır, Qamət Süleymanov – Əbubəkr məscidinin imamıdır – o da Həmidin əleyhinə sərt fikirlər səsləndirib. Görün Həmidin məsələsi nə qədər mübahisəlidir ki, nəinki ictimai rəy, dindarlar da qəbul etmir, ateistləri də qoyuram qırağa. Dindarların qəbul etmədiyi şeyi necə elm kimi cəmiyyətə təqdim etmək olar? Məni çox yandırır ki, Azərbaycanda fizika, riyaziyyat pis vəziyyətdədir, ədəbiyyatşünaslıq, fəlsəfə pis vəziyyətdədir, Elmlər Akademiyası süqut edib. Bu vəziyyətdə Həmid Herisçi parapsixologiyadan narahatdır. Bu mənə çox qeyri-ciddi gəlir. O boyda elmimiz batıb gərək onun halına ağlayaq.

İ.Dərgahlı:

- Məyus oldum. Dünyəvi cəmiyyətdə yaşadığımız halda belə fenomenin öyrənilməsinə biz ritorik inkvizisiya qurmuşuq. Bir təbliğat aparsınlar görək xalq öz minillik ənənəsindən imtina edəcəkmi? Mən buna inanmıram. Heç kim çəkinməyəcək. Mən araşdırmalar tərəfdarıyam.

Q.Turalı:

- Araşdırmanı kim aparmalıdır? Siz araşdırın, ortaya fakt qoyun.

H.Herisçi:

- Ən ciddi araşdırmanı “Gizli Azərbaycan” aparıb, buna kölgə salmaq olmaz.

Q.Turalı:

- Həmid, sən kino çəkirsən, araşdırma aparmırsan. İkincisi də deyirsiz ki, xalq pirə gedir. Xalq Üzeyir Mehdizadəyə də qulaq asır, bu xalq Hitleri də hakimiyyətə gətirdi, Stalini yaratdı. Xalqın dediyi nə vaxtdan ciddi şey olub, xalq qaragüruhdur, savadsızdır.

H.Herisçi:

- Xalq doğrudan da şüura inanmır. Alt şüura və üst-şüura inanır. Biz ziyalıların heykəllərini Axundov kitabxanasına qoya bilərik ki, xalq yazıçılarıdır, xalq rəssamlarıdır... Amma xalq onlara yox, öz övliyalarına inanır. Ölməzliyə yetişən, fövqəlinsana, üstşüura inanır. Xalqı bu qədər kiçiltmək olmaz.

E.Miri:

- Həmid bəy də, o parasixoloq da Allahın adı ilə insanı aldadır. İnsanlarımızda kütlə psixologiyası var. Peyğəmbərlər ölübsə, dünənki ağalar, cənablar necə ölməyə bilər? Bunlar absurddur...

İzlə
XS
SM
MD
LG