Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:28

Milli Şura vahid namizədlə bağlı öhdəlikləri açıqladı


Milli Şuranın toplantısı
Milli Şuranın toplantısı
-
İyulun 1-də Milli Şura memorandum layihəsini müzakirə edərək təsdiqləyib. Sənəddə bu qurumun verəcəyi prezidentliyə namizədin öhdəlikləri əksini tapıb.

İyulun 2-də sessiyanın gündəliyinə çıxarılacaq sənəd 11 bənddən ibarətdir.

Sənəddə deyilir ki, bu sənədi imzalayan şəxs 2013-cü il prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi kimi üzərinə aşağıdakı öhdəlikləri götürür.

Əvvəla, səlahiyyət müddətinin iki illə (keçid dövrü) məhdudlaşdırılacağı ilə razılaşmaq.

İkincisi, cəmiyyətin potensialı və Demokratik Qüvvələrin kadr bazası əsasında geniş koalisiyalı müvəqqəti və DQMŞ-in etimad göstərdiyi «Milli Etimad Hökuməti» formalaşdırmaq;

Üçüncüsü, referendum yolu ilə:

- 2013-2015-ci illər ərzində (keçid dövrü) konstitusiya və seçki islahatları aparmaq, prezident hakimiyyətinin məhdudlaşdırılması, parlamentin və hökumətin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə hakimiyyətin qolları arasında tarazlığı, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək;

- 2014-cü ilin yanvarında parlamenti buraxmaq;

- proporsional seçki sistemini bərpa etmək və qarışıq seçki sistemi əsasında yeni parlament seçkiləri keçirmək;

- yerli özünüidarə orqanlarının səlahiyyətlərini genişləndirmək, şəhər (rayon) icra hakimiyyəti orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq.

Dördüncü öhdəlik qanunvericiliyin beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğunlaşdırılması üçün tədbirlər görməklə bağlıdır.

Növbəti öhdəliklər arasında ölkədə bütün partiya və hərəkatlar, ictimai birliklərə azad və bərabər fəaliyyət imkanları yaratmaq, əsas insan hüquq və azadlıqlarının təmin olunması üçün tədbirlər görmək, siyasi əsaslarla cinayət təqibinə məruz qalmış və məhkum olunmuş şəxslərin hüquqlarının bərpa olunması, cinayət təqiblərinə son qoyulması, həbsdə olanların azad edilməsi və mühacirətdə olanların ölkəyə sərbəst qayıtmaları üçün hüquqi maneələrin aradan qaldırılması nəzərdə tutulur.

Bundan başqa, ölkədəki korrupsiya sisteminin, inhisarçılığın, gizli iqtisadiyyatın aradan qaldırılması və bu səbəbdən hüquqları pozulmuş vətəndaşların, iş adamlarının pozulmuş hüquqlarının, sosial ədalətin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək də öhdəliklər arasındadır.

Sonuncu öhdəliklər 2015-ci ildə prezident seçkilərinin keçirilməsini təmin etmək və həmin seçkilərdə namizədliyini irəli sürməmək və seçki proseslərində tərəfsizliyini saxlamaqdır.
XS
SM
MD
LG