Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:04

Naxçıvanda çörək «imtahanı»


Arxiv foto
Arxiv foto
-
Naxçıvanda əhali necə deyərlər, çörəklə imtahana çəkilə bilər. Məsələ burasındadır ki, muxtar respublikada kombayn çatışmazlığı taxılın zəmilərdə qalıb xarab olmasına səbəb olur. Fermerlər deyir ki, «Aqrolizinq» ASC-nin kombaynları kifayət etmədiyindən əkdikləri taxılı vaxtında biçdirə bilmirlər. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Fermerlərin bildirdiyinə görə, bu il Babək rayonun Nehrəm kəndinin zəmilərində 800 hektardan artıq taxıl əkilib. Kənd sakinləri deyir ki, biçin vaxtının başlamasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, kombayn çatışmazlığından taxılın yarıdan çoxu yerdə qalıb. Nehrəmli qeyd edirlər ki, Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən və icra nümayəndəliyindən dəfələrlə kömək istəsələr də bunun faydası olmayıb. Fermer Vasif Eyvazov da bildirir ki, kombayn üçün Naxçıvan «Aqrolizinq» ASC-nin Babək rayon filialına bir neçə dəfə müraciət edib. Fermerin sözlərinə görə, ASC-nin kombaynları hələlik bir qrup məmura aid olan zəmiləri biçməklə məşğul olduğundan onun kimi kasıblar növbə gözləməli olurlar:
«BƏZİ MƏMURLAR KOMBAYNLARI APARIB ÖZ YERLƏRİNİ BİÇDİRİR, BİZİMKİLƏR QALIR»
«Əkinimizi biçdirməyə kombayn çatışmır. Kimin gücü çatır biçdirir, gücü çatmayan biçdirə bilmir. Bəzi məmurlar kombaynları aparıb öz yerlərini biçdirir, bizimkilər qalır. Mənim 10 hektar yerim var, biçdirə bilməmişəm. Onun 3 hektarı arpadır. Arpanın da vaxtı çoxdan keçib. Arpa belə şeydir ki, vaxtından keçən kimi tökülür yerə. Bundan sonra biçdirsəm də xeyri yoxdur. 3 hektar arpam zay oldu. İndi biçdirsəm heç, kombayna verdiyim pulu da çıxarmaz. «Aqrolizinq» ASC kombaynları bizim kimi kasıb-kusubun yerini biçmir. Onlara da təzyiq edirlər. İndi 7 hektar buğdam qalır. Belə getsə o da zay olacaq. «Aqrolizinq» ASC-nin kombaynlarını tapa bilmirik. Məmurlar rahatlıqla biçdirir, yerli camaat da baxa-baxa qalmışıq».
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatından isə bu məsələ ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.
Naxçıvan «Aqrolizinq» ASC-dən cəmiyyətin Bakıdakı mərkəzi ofisi ilə əlaqə saxlamağımızı məsləhət gördülər. Mərkəzi ofisdən isə bildirdilər ki, Naxçıvan «Aqrolizinq» ASC bir neçə ildir müstəqil fəaliyyət göstərdiyindən bu haqda danışa bilməyəcəklər.
Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov da kənd sakinlərinin iradları ilə bağlı deyilənlərə aydınlıq gətirmədilər.
Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov isə bildirdi ki, hazırda 5 kombayn zəmiləri biçməyə cəlb olunub:
«YALAN SÖHBƏTDİR Kİ,...»
O qeyd edir ki, 3 kombayn öz kəndlərindədir. 2-sini də «Aqrolizinq» ASC-dən gətiriblər. Növbə ilə biçirlər. Təxminən 30 faiz biçilib. Onun sözlərinə görə, kombayn ancaq məmurların, varlıların yerlərini biçməsi ilə bağlı deyilənlər yalan söhbətdir. Yuxarıdan düşüb növbə ilə biçə-biçə gəlirlər. Şəxsən onun 25 hektar sahəsi də hələ biçilməyib.
Kənd Təsərrüfatı eksperti Sadiq Murtuzayev deyir ki, fermerin öz taxılını biçdirmək imkanı yoxdursa, bu işi müvafiq dövlət orqanları öz üzərilərinə götürməlidirlər:
«Kombayn bahadır deyə, çatışmır. Biçdirmək də bahadır. Ona görə də kəndli öz sahəsini biçdirə bilmir. Məhsuldarlıq da aşağı olur. Ona görə də əl vermir. Məmurlar, varlıların yerlərini ona görə biçir ki, onların imkanı var. Onlar çox pul verir deyə, gedib birinci onu biçirlər».
İlham Əliyev
İlham Əliyev
Mütəxəssislər hesab edirlər ki, ölkəyə aqrolizinq yolu ilə kombaynların gətirilməsində şəffaflığın olmaması da belə vəziyyəti doğuran başlıca problemlərdəndir.
PREZİDENTİN SƏRƏNCAMI...
Əslində indi tək Naxçıvanda yox, bütün ölkədə kombaynı qıtlığı müşahidə edilir. Bu üzdən də əksər əyalətlərdən taxıl və arpanın elə sahələrdəcə məhv olduğu ilə bağlı şikayətlər eşidilir.
Elə görünür bu səbəbdəndir ki, iyulun 4-də prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, fermerlərin bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün «Aqrolizinq» ASC-yə 15 milyon manat ayrılıb.
XS
SM
MD
LG