Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Ruslan Mollayev. Şeirlər


Ruslan Mollayev
Ruslan Mollayev
-

Ata

Ata
Başa düşmürsən məni ata
Başa düşmürsən
Ixtiyarın çatsa mələklərə de
Desinlər nələri pıçıldayırlar
Pıçıltını rahat eşidim deyə
Dünyanın başına çıxıb gedirəm
Gedirəm bilmirəm bəlkə günahdı
Bir də görürəm ki heç getməmişəm
Dayanıb iki mələk qarşımda mənim
Çaylar külək durur susur təbiət
Susur zaman xəlvət öz axarında
Beləcə həqiqət asılır havadan
Dəyişir günəşin şüalarından
Başa düşmürsən yenə
Başa düşmürsən
Axı necə gerçək çəkim göstərim
Axı onun dadın dadmayanlara
Necə dadı sözlə çatdırım ata

Ixtiyarın çatsa mələklərə de
Desinlər nələri pıçıldayırlar
Bütün yaradılan yolun bir qolu
Qələmə bağlıdı qırılmaz iplə
Kimə verilirsə qələm
toxuyur
Toxuyur dünyanın əyninə köynək
Axı uzaqdasan uzaqlardan bax
Yaxından möhtəşəm nəhəng naxışı
Görmək olmayacaq uzaqlardan bax
Uzaqlardan bax və gözlərini yum
Bəlkə görə bildin ulduzlarımı


o yanayam

mənə dərviş demə könlüm
mən dərvişdən o yanayam
mənə aşiq şair demə
o vərdişdən o yanayam

üzü aya avaz eylər
Yalquzaq söylər ağrımı
yaşasaydim belə eşqi
gəmirərdim öz bağrımı

qanadıyla süzür şahin
vurur göyə naxışları
Allahım gör indi məni
neynir yarın baxışları

mənə dərviş demə könlüm
mən dərvişdən o yanayam
mənə aşiq şair demə
o vərdişdən o yanayam

göylər pakdı torpaq da pak
qar dənəsi qara düşür
görən nədən insanlara
gözəlliydən yara düşür

nə zülmət nə qara düşməz
ürəyimə yara düşməz
mən o işdən o yanayam
dərdim saza tara düşməz

mənə dərviş demə könlüm
mən dərvişdən o yanayam
mənə aşiq şair demə
o vərdişdən o yanayam

Aşıq Veysəlin xatirəsinə


Hindu fəlsəfəsi

- Nədən sevgiylə ala bildiyini
alırsan güc ilə
hiylə yoluyla?
Özünü yuxuya vurmuş adamı
oyatmaz ildirım səsi, doluyla.

Dünyanın sonuncu ağac, çay, quşu
Ucalsa saf qalıb, azad uçarsa
Tənhalıq, sarsıntı, dərd olmayacaq,
ovuclar xeyirlə xeyrə açarsa.

Qüvvənin qaranlıq, aydın üzü var.
Qaranlıq üzünün olacağını
daha rahat, aydın anlamaq olur.
Bizdən olanlara çatdır sorağımı
getməsin nə öndə, nə də arxada
gəlmə aparmıram, nə də gəlmərəm
Elə tam olaraq bərabər olsaq,
Yıxılsan halına baxıb gülmərəm.

Oğlumun oğlu da yer qazmayacaq,
Axı yer qazanlar yuxular görməz.
Müdrüklük yuxuda verilir yalnız
Gəlişi sızıntı, gülərüz, dinməz.
Nəyə güvənirsən odur həqiqət
Dürüst danışmağa az söz gərəkdir.
Tarix danışanın hökmü böyükdür,
Cəsarətlə susmaq
savab deməkdir.



Gəmi

Yumurtadan çıxan qara kölgələr,
uçan kişilərin ayağına qonur.
Hər gecə yuxuda yıxılan qadın,
dodağının qanı sarıya dönür.

Oyanır,
qonşu otaqda qonaq səsləri
gəlməsin deyə qapını örtüb,
sakitlik, tənhalıq keçir içindən.
Şəhərin işığına qarışan ulduz,
yol çəkir dənizdən göydələnlərə.

Balıqçı, gəmisi uzaqlaşdıqca
sanki, pəncərədə duran adamın
fikrini bir anda dağıtsın deyə
ahənglə havada işıq yellədir,
döyüş meydanında bayraqdar kimi.

Qatar, platformadan yola düşərək,
kim bilir kimləri kimə verəcək?!
Yol boyu təkərin səsinə dalıb,
adamlar görəsən nə düşünəcək?

Uşaq səsi,
kəsik-kəsik, pişiyə bənzər
ağlayır,
yəqin gələn qonaqlarındı.
İşığı yandırıb baxır yatağa,
- Burda da yoxdu ki, təəcüblüdür.

Otağın qapsını açır,
- Salamlar!
Qohum-əqraba ilə dost və tanışlar,
dünyanın şirəsinə dalıb danışır.
Hər kəs birdən susur, donur baxışlar.
- Heç bir şey eşitmirsiz?
Elə bil evimizdə uşaq ağlıyır.
Hər kəs bir birinə baxıb gülüşür.
-Bəs kimindi görən ağlayan körpə,
harda unudulub, kim itirib onu?

Pəncərə,
şaxələnən çinar ağaçı.
Yellənir, yarpaqla
oxuyur nəğmə.
Yenə səs,
yoxsa ki sevişir kimsə?

Pərdəni çəkir ,
kəndarda oturub,
bu səs
hava axınını yarıya bölən,
bina tinindəndir
deyə düşündü...

Dənizdə gəmi ilə,
qatar səsləri
qarışır geçənin yaz küləyinə.

Səsi ondan başqa kimsə duymadı
o səs tənhalıqdı,
tək içi duydu.


Ayasofya

Kilsə divarında Quran ayəsi
keşiş yuxusunu yuxuda yozur,
Şamları söndürüb oturur diz üstə
Durub Azan səsinə yozumun pozur.

Bir qurtum su içir, əlləri əsir,
Şüşəli lampada yandırır şamı,
Çardağından çıxıb kilsəyə gedir,
Şəkk - şüpə doğurur haqqa inamı
Çovğun, yağış, leysan, yuyur şəhəri
ildırım səsi də başqacür sanki
yol boyu qocanın gözündən getmir
divarda yazılar gördüyü an ki...

Tanrıdan xəbər var, yozmuşdum axı
ax, qoca yaddaşım unutdum artıq
Allahım, nə olar yenə de bilim
Nə demək idi bu, yoxsa ki yadıq?

Görən harda, nə vaxt, neyləmişəm mən?
Bilmədən etdiyim günahımmı var?
Axı hər gün səndən yol istəyirəm
Sənə doğru olan yolu aşikar.
Göstər, əlimdən tut ya çarmıxa çək
Xeyli düşünərək qapıya çatdı
Şəhərdən kənarda hündür kilsənin
Ətrafında yağış, küləkdə yatdı.

Kilsənin içi də dizəcən sudur.
Damcının səsləri əks-səda verir.
Şamlar, geyimlər, şəkillər suda
yuxuda gördüyü divara gedir.
Çırağı qaldırib donur, titrəyir
divar şəkilləri yuyulub tamam
diz üstə oturub, hönkürür qoca
əlindən çıxıb axır uzaqlara şam.

O gündən o kilsə həmdə məsciddir.
Kimi namaz qılır kim oxuyur dua
Divarda yazılıb xırda həriflə
Allah, tək böyükdür, qalanı xülya!

Yayıldı dünyaya qocanın sirri
Hamı danışırdı imandan, dindən
Hər dəfə yenidən yağış yağanda
dünya təmizdənir günahdan, kindən.

Sonra nə eşidən nə görən oldu,
Hamı sevinirdi onun yerinə
bilirdilər Molla yol üstündədir
Allaha yol tapıb, sonun yerinə...


Gözlərini yum…

Həsrət xurcunu var əyinimdə,
ürəyinin hər döyüntüsündə
qırılıb düşmüş daş parçalarını yığıram.
Könlümün dəyirmanında üyüdüb
zirvədən səpirəm ki,
özünə dalıb oxuduğun musiqini
bir də dinləyim...


Jazz

bir,
bir, iki, üç, bir

bir,
bir, iki, üç, bir

tanış elə, bu nədir ?
hardasan, kimsən ?
yaz, açıq fikrini düşünək bir az
qırılsın uzansın, rəqəmlərlə bir

bir,
bir, iki, üç, bir

bir,
bir, iki, üç, bir

qatarın içində ləpə səsləri
sahildə qatarın təkər səsləri
qarın dənələri çırpılır yerə
aləmi götürüb yağış səsləri bir

bir, bir,
bir, iki, üç, bir.

bir, bir,
bir, iki, üç, bir.

üz tutub canavar gülür göy üzünə
tısbağa qaçmağı öyrənib artıq
ağaclar kötüksüz çıxır meşədə
hər nə varsa, gülür, bir- bir, bir, bir.

bir, bir,
bir, iki, üç, bir.

bir, bir,
bir, iki, üç, bir.

pilləkənlə çıxır sonsuza doğru
getdiyi yollarda durub çevrilir
göz vurub yoluna davam eləyir bir

bir, bir
bir, iki, üç, bir.

bir, bir,
bir, iki, üç, bir.

dünyada nə varsa,
sayır durmadan bir,
bir, bir, iki, üç, bir.


Qocanın sirri

..İçdiyin şərabın dibində saxla,
Buxarı yumaqcün səp güzgülürə.
Harda məni görsən öp damcıları,
Ruhumun dadını ver cizgilərə…


Biləydim

Allahım nə qədər naz verib sənə?!
Bir dəfə belini tuta biləydim.
Sevmək istəyəndə dəlilər kimi,
İstəyəndə yarı, unuda biləydim.

Gözlərin, gözümə söz oxuyanda,
Ayaqlarım üstə dura biləydim.
Çəkilib kənara, sakit gizlicə
Şairlər kimi xəyal
qura biləydim...


Sağdan sola

Şahinəm səmanın açıq üzündə,
Əlinə qonsamda tuta bilmədin.
İllərdi göylərdə gözlədim səni
Yol tapa bilmədin, uça bilmədin.

Səfildi dünyanın sağ adamları
Şərin qucağında otur gülümsə.
Nimdaş ürəyimə, tozlu gözümə
Qarşında dayanım otur, gülümsə...

Vicdanmı, çarmıxa çəkdilər mənim.
Dərisinə duz səpib, günə verdilər.
Hiylədən məst olan məşuqələrin
Yataq yerlərinin altda sərdilər.

Gözüm danışmağı, könlüm yazmağı
Öyrəndi həyatın var olduğundan.
Duya bilməyənlər laldı dedilər
Qorxuram dünyanın kar olduğundan.


Qadın

Adam öz yaşından böyük danışmaz!
Danışa danışsa yazar, danışar.
Düşünmədən fikiri dilə gətirsə
Özü öz sözündə azar danışar.

Qədəri, qisməti bilib gizlətmə
Oxuyur, zamanı donduran qadın.
Kimlərə baxıram səni görürəm
Sevmədən sevgini uyduran qadın.


Qocanın sirri

Mənə bu dünyanın gözünü göstər
O gözlə oxuyum hörümçək torun.
Kimlərə qalacaq bu yazılanlar?

Ona bu dünyanın üzünü göstər
Göstər var gücü ilə qışqırsın ona
Səsindən qırılsın dar ağacları.

Mənə bu dünyanın dizini göstər
Dizini göstər ki, kəsim sürünsün.
Şəlalədən tutsun zirvəyə doğru

Ona bu dünyanın izini göstər,
Oturub qan iznə ağlasın bir az.
Üzünü çevirib getsin susaraq.

Mənə bu dünyanın sözünü göstər,
Orda titrəməsin səsin telləri.
Qəhər doğramasın ifadələri.

Ona bu dünyanın yüzünü göstər
Yüzünün içindən birini seçsin.
Baxsın o göz ilə yaşayıb keçsin

Səndə dinlə bizi
Sizə oxuyan!
Onlara qalacaq bu yazdıqlarım...


Qırmızı

Yenə yazdıqlarıma şeir adı vermə!
Nə qədər yoxam,
Tək
tənha
soyuq qış gecəsində
Rus qarıları kimi şəklimə baxaraq,
qədəhi burnuma vurub iç.
Ciyərlərinə, cizgilərim həkk olunmuş kağız qoxusunu çək.
Saatlarla əl telefonunu axtar,
Özünü söyə-söyə aynaya tərəf get.
Məni belə görseydi nə düşünərdi ?! de
Qələm ilə
bir yerə yığılmış saçını aç
Varlığına tamaşa et!
Aynadan
divanın altına düşmüş telefonu görüb, götür.
Musiqi qoy!

İstifadə etdiyim ətrı vur otağına.
Bir qədəhdə içib
ətrimi çək içinə.

Evin küncünə sıxıl
musiqi bitənədək,
Kimə zəng edəcəksən dəqiq fikirləş.
Səni sevən birisi olsun.

Otur üz üzə
Daha sadiq olduğunu oxu gözündən
Qəti hısslərından danışma ona
Qoy sərxoşluğundan istifadə etsin
Qısqanclıq yaşatma sirli gecədə.
İcazə ver şirin nağıl danışsın

Nəşələn hər sözdən
Hər toxunuşdan
Ağlını itirmə,
üzmə sevəni.
Adımı adıyla səhf salmadan yat!
Səhər açıldıqda isə görüb diksinmə !

Üç alma, onun şəkli , mən da yanında…


Qərənfil

Soyuq diyarlardan, alovlu şəhər
Qarşıladı məni qərənfillərlə.
Uşaqdım, bilmirdim nələr baş verir
Sərdilər VƏTƏNİ qərənfillərlə.

İlk kəs dəniz gödüm, gül şəhəridir?
Eyni geyimlilər, əldə dəmirlər.
Böyük oyuncaqlar, qatşıq oyunlar
Niyə qaydaları mənə demirlər?!

Qəribə şəhərdir! Budur Vətənim?
Çizgi filmlər yox, hamı ağlaşır
Çörəkçin sıralar, qonşular qaçır
Ucaldılmış sözlər, heykəllər aşır.

Zaman bir süzgəcdir, doldurur çəni.
O gün Vətənimin yara günüymüş.
Sülhün, zərifliyin, qırmızı rəngin
Məhəbbət rəmzinin qara günüymüş.

Dəyişir dağ, sular, göylər dəyişir.
Qapılar dəyişir, zənglər dəyşilir
Hisslər böyüdükçə, insan dəyişir
Sözlər dəyişdikcə rənglər dəyşilir…

Pəncərə önündə, üzü Günəşə
Durub yarı qadın, yarı qərənfil.
Sərhədlər dəyişdi, ahəng dəyişdi
Tanışlığa şadam sarı qərənfil.


Vətən sağ olsun!

De! Dostu dincələrkən, əldə silah yatmasın.
Səni VƏTƏN böyütdü, tozlar içrə batmasın.
Qaldır uça zirvəyə, düşman əli çatmasın
Dalğalansın bayrağın, İGİD! İzin sağ olsun!

Canavar ürəkli ol, döyüş xəlvətdə, üzdə
Şərəfli bir yoldasan, dağda, dərədə, düzdə
Öfkəli olma qəti, səbrlə canı gözlə
Gözü yaşlın olmasın! Başın, gözün sağ olsun!

Gözlə gördük, can çəkdi. Çalış VƏTƏN üçün çalış!
Acısına, şirininə sevə-sevə yan alış.
Dünəni unutmadan, bu gün sabah üçün barış
Nələr olursa olsun, tək bir sözün: sağ olsun!
XS
SM
MD
LG