Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

«Köç» filmi Neapola köç edəcək


«Köç» sənədli filmindən kadr
«Köç» sənədli filmindən kadr
-
Avqustun 20-dən 25-dək Neapolda keçirilən VI Beynəlxalq «Faito doc Festival» sənədli filmlər festivalına Azərbaycan filmi də qatılacaq.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalda Azərbaycan Rusiyada yaşayan rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun «Köç» sənədli filmi ilə təmsil olunacaq.

Xəbərdə deyilir ki, festival müxtəlif ölkələri təmsil edən gənc rejissorlara filmlərini mötəbər münsiflər heyətinə göstərmək, eləcə də elmi tədqiqatlar, nəşrlər və seminarlar vasitəsilə Avropanın kino sahəsindəki yenilikləri ilə tanış olmaq imkanı yaradacaq.

Neapol festivalının əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətinin qiymətləndirilməsinə və qavranılmasına yardım etmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir.

Dünyanın 30-dan çox ölkəsindən rejissorların qatılacağı festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.

Xəbərdə vurğulanır ki, festivalda uğur qazanmağa iddialı olan «Köç» filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.

Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara və təzədən geriyə köç edən heyvandarların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə yaşadırlar.

Film 2010-cu ildə Azərbaycanın «DS film» studiyasında istehsal olunub.

Əlli iki dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.

«Köç» filmi bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
XS
SM
MD
LG