Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Nabranda yaralanmış uşağın müalicəsini dövlət üzərinə götürüb


İmran Cəfərzadə
İmran Cəfərzadə
-
İyulun 22-də İmran Cəfərov atası ilə birlikdə Xaçmazın Seyidli kəndindəki «Nabran Holiday Village» istirahət mərkəzində hovuzda çimərkən hovuzun yaxınlığında su çəkən qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun ağzında qoruyucu barmaqlıq olmadığından azyaşlının hər iki ayağı borunun içərisində qalıb. Onun sol ayağı zədələnib, sağ ayağını isə dizdən aşağı itirib. İyulun 24-də ailəsi bildirib ki, uşağın müalicəsi ilə bağlı xərcləri dövlət öz üzərinə götürüb. Bu yazı daim yeniləndiyindən ən sonuncu xəbərlər yuxarıda yerləşdirilir.

«İŞ GÜNÜ DEYİLDİ DEYƏ, HƏKİM OLMADI»

İmran Cəfərovun atası İbrahim Cəfərov hadisəni AzadlıqRadiosuna belə təsvir edib:

«Hovuzda uşaqla çimirdik. Həmin gün hovuzun ventilyasiyasının qapağını açıb kənara qoymuşdular. Biz bilmirik ki, orda ventilyator var, ya yox. Bu ventilyator hovuzdan parka suyu qaldırır. Həmin an yandırdılar. O da uşağı sovurub apardı. Yardım ancaq orda istirahət edənlərdən gəldi. Bir də orda çalışan bir oğlan bizə kömək etdi. Bizi maşınla gətirdi xəstəxanaya. Xudata getdik. İş günü deyildi deyə, həkim olmadı. Sonra Xaçmaza gəldik. Tibbi yardım göstərdilər, qan verdim. Sonra gətirdik Mərkəzi Klinik Xəstəxanaya. Bir ayağı 90% bərpa oluna biləcək, digərinə isə Almaniyada əncam çəkmək fikrimiz var. Cənab prezident götürüb boynuna hər bir şeyi. Almaniyaya nə vaxt gedəcəyimizi həkim konsultasiyadan sonra deyəcək. Məsuliyyət olmalıdır. Ventilyatorun qapağını açıq qoyub getmək olmaz axı. Otel rəhbərliyi də dünən gəlib, söhbət etmişik. Yardım əllərini uzadacaqlarını deyiblər. Bu gün hələ gəlib çıxmayıblar».

«VENTİLYATORUN QAPAĞINDAN PİLLƏKƏN KİMİ İSTİFADƏ EDİRMİŞLƏR»

AzadlıqRadiosunun Xaçmaz müxbiri Cəmil Məmmədli «Nabran» istirahət mərkəzinin işçiləri ilə söhbətləşə bilib. Onların dediyinə görə, İmran Cəfərov böyüklər üçün nəzərdə tutulmuş hovuzda olubmuş. Onun nasosun içərisinə girməsinə səbəb isə qurğunun ağzındakı torun yerində olmaması olub.

İşçilərin dediyinə görə, hovuzda çimənlər tez-tez həmin toru götürüb hovuzdan çıxmaq üçün pilləkən kimi istifadə edirmişlər. İşçilərin xəbərdarlığına baxmayaraq, bu hal davam edib.

«NABRAN» İSTİRAHƏT MƏRKƏZİNİN LİSENZİYASI LƏĞV OLUNDU

Xaçmaz rayonu ərazisində «CTF» firmasına məxsus «Nabran» istirahət mərkəzinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, bədbəxt hadisənin səbəblərini araşdırmaq üçün qurumun Monitorinq komissiyası hadisə yerinə ezam olunub. Komissiya müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunması və s. göstəriciləri araşdırıb, ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edib:

«Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanmış və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaq. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən «məxfi qonaq» sistemi üzrə həyata keçiriləcək».

Nazirlik həmçinin sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırır.

EMİN AĞALAROV İMRANA YARDIM ETDİYİNİ DEYİR

Rusiyada yaşayan azərbaycanlı milyarder, «Crocus Group»un prezidenti Araz Ağalarov və oğlu, həmin şirkətlər qrupunun vitse-prezidenti, müğənni Emin Ağalarov Bakıda verdiyi konsertdə toplanana məvacibi İmranın müalicəsi üçün köçürdüyünü bildirib. Bu barədə o, instagram-da məlumat yayıb:

«Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynləri və yaxınlarına isə belə əzaba dözməkləri üçün güc arzulayıram. Bildirmək istərdim ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu hadisə barədə bu gün səhər İnstagramda öyrəndim və körpənin xalalarıyla əlaqə saxlaya bildim. Lazım olan vəsaitin yarısı həmvətənlərimizin sayəsində artıq toplanmışdı. İyulun 11-də Bakıda verdiyim xeyriyyə konsertindən toplanan məvacib isə bu gün təcili göndərilmişdi. Mənə məlumdur ki, dövlətin digər təşkilatları məsələlərin həllini artıq öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və biz ümid edirik ki, bu, körpəyə həqiqətən də kömək edəcək».

«NABRAN HOLIDAY VILLAGE»İN TƏSİSÇİLƏRİ KİMLƏRDİR?

İyulun 22-də İmran Cəfərzadənin yaralanması ilə nəticələnən hadisənin baş verdiyi «Nabran Holiday Village» istirahət mərkəzinin icazəsi «CTF» şirkətinə verilib.

Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ilin sentyabrında «CTF»ə «Nabran Holiday Village»i işləmək üçün lisenziya verib.

Vergilər Nazirliyinin məlumatına görə, «CTF» firması 2000-ci il yanvarında qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı kimi Xaçmaz rayonu Seyidlikəndi («Nabran Holiday Village» də bu ünvanda yerləşir) göstərilib. Şirkətin qanuni təmsilçisi Rəşad Zərbəliyevdir.

Bəzi media qurumlarında bu istirahət mərkəzinin Araz Ağalarova məxsus olduğu yazılıb. Araz Ağalarova məxsus «Crocus Group» işləri üzrə vəkil olan və hazırda Baku Steel Company-də Araz Ağalarovu təmsil edən vəkili Nazim Əliyev AzadlıqRadiosuna bildirib ki, «Nabran Holding Village»in onlara adiyyatı yoxdur.

Araz Ağalarov
Araz Ağalarov
2012-ci ilin iyunundan Azərbaycanda şirkətlərin təsisçiləri haqda məlumatlar kommersiya sirri hesab olunduğundan sahiblik haqda məlumat əldə etmək mümkün deyil.

«CTF» firması, eləcə də «Nabran Holiday Village»dən göstərilən telefonlar cavab vermir. Xaçmazda bu istirahət mərkəzinə kənar şəxslər buraxılmır.

İSTİRAHƏT MƏRKƏZİNDƏ GİRİŞ-ÇIXIŞA NƏZARƏT OLUNUR

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, iki gündür «Nabran Holiday Village» istirahət mərkəzində giriş-çıxışa nəzarət olunur. Obyekt mühafizəçilərin nəzarətindədir. İçəriyə kənar şəxs, eləcə də AzadlıqRadiosunun müxbirini buraxmırlar.

DURUMU İMKAN VERSƏ ALMANİYAYA APARILA BİLƏR

İmran Cəfərovun ailəsindən AzadlıqRadiosuna verilən məlumata görə, durumu imkan versə, həkimlər İmranın Almaniyaya aparılmasına qərar verəcək.

2 yaşlı uşağın bütün müalicə xərclərini dövlət üzərinə götürüb.

Ailədən bildiriblər ki, istirahət mərkəzindən onlara xərcləri ödəyəcəklərini bildiriblər.
İmranın sol ayağı zədələnib, sağ ayağını isə dizdən aşağı itirib.

«MƏSƏLƏ PREZİDENTİN NƏZARƏTİNDƏDİR»

İmran Cəfərovun valideynləri APA-ya bildirib ki, 2 yaşlı uşağın bütün müalicə xərclərini dövlət üzərinə götürüb.

Ailədən bildiriblər ki, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər:

«Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib».

Özünü İmran Cəfərovun əmisi nəvəsi kimi təqdim edən, Fəxriyyə Hüseynova facebook səhifəsində yazıb ki, bu axşam İmranı Almaniyaya aparırlar.

UŞAĞIN MÜALİCƏSİNİN DÖVLƏT HESABINA APARILACAĞI DEYİLİR

«Nabran Holiday Village» istirahət mərkəzində ağır bədən xəsarəti almış azyaşlının müalicəsinin dövlət hesabına aparılacağı bildirilir. Bu barədə hakimiyyətə yaxın www.1news.az saytı xəbər verir:

Xəbərdə deyilir ki, hazırda səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Prezident Administrasiyanın məsul nümayəndəsi 3 yaşlı İmran Cəfərovun müalicə aldığı Mərkəzi Klinikadadır, onlara uşağın müalicəsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Mərkəzi Klinikadan isə AzadlıqRadiosuna bildirilib ki, onlarda bu barədə rəsmi məlumat yoxdur.

İyulun 22-də İmran Cəfərov atası ilə birlikdə Xaçmazın Seyidli kəndindəki «Nabran Holiday Village» istirahət mərkəzində hovuzda çimərkən hovuzun yaxınlığında su çəkən qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun ağzında qoruyucu barmaqlıq olmadığından azyaşlının hər iki ayağı borunun içərisində qalıb. O, ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin «əmək mühafizəsi qaydalarını pozma» və «səhlənkarlıq» maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
XS
SM
MD
LG