Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:58

Çökən bankdan 100 min manatı geri almağın yolu


Samir Əliyev
Samir Əliyev
-
Avqustun 1-dən Azərbaycanda yalnız gəlirliyi 10%-dək olan bank əmanətləri sığortalanacaq. Kommersiya banklarında yerləşdirilib qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-dən 10%-dək azaldılacaq.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində bu faizin əmanətçiyə və ümumi iqtisadiyyata faydasından danışır:

– Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu banklara yatırılan əmanətləri sığortalayır. «Əmanətlərin sığortalanması haqqında» Qanuna görə, 12 faiz və ondan aşağı faizlə yatırılmış əmanətləri dövlət sığortalayır. Bunun üçün həmin bank bu fondun üzvü olmalıdır. Azərbaycandakı 43 bankdan yalnız biri sözügedən fondun üzvü deyil. Sığortalanmış əmanətlərə görə, hər bir bank həmin fonda sığortahaqqı ödəyir. Əmanətçi əlavə xərcə düşmür. Sığorta hadisəsi baş verərsə, yəni bank müflisləşib bağlanarsa, sığortalanma şərtlərinə cavab verən əmanətləri qaytarır. Bir şərtlə ki, əmanətin həcmi 30 mindən çox olmasın. Yəni, dövlət yalnız 30 min manatadək əmanəti kompensasiya edir.

– Bəs banka 100 min manat yatırmışamsa, bu halda nə qədərini geri alacağam?

– Qanunvericiliyə görə, 30 min manatdan çox ödənilmir. Bu üzdən bir vacib şərt də odur ki, əmanətçilər əmanətlərini diversifikasiya etsin – ayrı-ayrı banklara paylaşdırsınlar. Yəni, bir banka 1100 min manat qoymaqdansa, yaxşı olardı həmin əmanəti hissələrə bölüb ayrı-ayrı banklarda yerləşdirəsən. Üstəlik, çalışmaq lazımdır ki, hər bir bankdakı vəsait 30 min manatı aşmasın. Bu halda həmin bank bağlananda əmanətçi pulunu tam ala biləcək. 100 min manatı eyni banka yatırmısansa, qalan 70 min manatın qaytarılması bankın durumundan asılıdır. Pulu varsa, bütün borc və əmanətləri ödəyəcək.

– Belə çıxır ki, avqustun 1-dən tətbiq olunacaq dəyişiklik əmanətçinin xeyrinə deyil, eləmi?

– Bu fikirlə razıyam, əmanətçinin xeyrinə deyil. Əvvəl sığortalanma həddi 15 faiz idi, 2010-cu ilin iyunundan 12 faizə salındı. Ancaq iqtisadi baxımdan səmərəlidir, çünki hazırda bankların kredit portfelinin böyük bir hissəsi, orta hesabla, əmanətlərin hesabına formalaşır. İri banklarda bu, 50 faizdən aşağı, kiçik banklarda hətta 70 faizdən yuxarıdır. Əmanət cəlb etmək üçün banklar daha əlverişli təkliflər verməyə çalışır. Bunu daha çox kiçik banklar edir. Böyük bankların resursları var – xaricdən, Mərkəzi Bankdan cəlb edirlər. Müştəri daha çox gəlir əldə etmək istəyir, ona görə də bu addım onların əlini əmanət yatırımından soyuda bilər. Ancaq bu o demək deyil ki, bank 10 faizdən yuxarı faizlə əmanət cəlb edə bilməz. İstəsə, 14-15 faizlə yerləşdirə bilər. Son məlumatlara görə, ölkə üzrə əmanətlərin 34 faizi sığortalanmayıb. Yəni, hazırda 34 faiz əmanət 12 faizdən yuxarı faizlə yatırılıb. «RoyalBank» bağlananda bəlli oldu ki, əmanətlərin 70 faizdən çoxu sığortalanmayıb. İnsanlar şoka düşdülər ki, sabah mənim də bankım bağlanar və pulum batar. Bu şokdan çıxmamış Mərkəzi Bank məcmu kapitalın artırılması barədə qərar qəbul elədi. Hazırda bu məbləğ 10 milyon manatdır və 2014-cü il yanvarın 1-dən məcmu kapital 5 dəfə artırılır və 50 milyon manat olmalıdır. Bu tələbə cavab verməyən bank bazarı tərk etməlidir. Bu informasiyalardan şoka düşən əmanətçilər əmanətlərini aşağı faizlə, ancaq sığortalanmaq şərti ilə banklara yerləşdirdilər. Qısa müddətdə sığortalanmayan əmanətlərin payı 40 faizdən 34 faizə düşdü.

– Bu azalmanın iqtisadiyyata nə faydası var?

– Bu gün kredit faizlərini yüksək saxladan amillərdən biri bankların cəlb etdiyi resurs dəyərinin bahalığıdır. Bank əmanəti nə qədər ucuz cəlb etsə, bir o qədər ucuz kredit vermək imkanı olacaq. 2 faizlik fərq banka kreditləri aşağı salmağa imkan verəcək. Daha çox insan ucuz kreditdən faydalana bilər. Kreditlər iqtisadiyyata yönələndə iqtisadi fəallıq yüksəlir, sahibkarlıq irəliləyir. Bu baxımdan müsbət addımdır. Ancaq bu, kreditlərin azaldılması üçün atılmalı olan 10 addımdan bəlkə də biridir.

– Banklarım kredit faizini azaltması nə dərəcədə realdır?

– 2-3 faiz azaldıla bilər. Bundan artıq gözləmirəm, çünki resurs qıtlığı var. Bankların resurs cəlb etdiyi, kredit aldığı xarici banklarda faiz dərəcəsi 4-5 faizdən 6-7 faizədək dəyişir. Ancaq tək-tük bank xarici banklardan birbaşa resurs cəlb edə bilir. Bunun üçün onun kredit reytinqi olmalıdır. Kredit reytinqi yüksək olduqca, bankın ucuz resurs cəlb etmək imkanı artır. Əksər bank vasitəçi banklardan yararlanır. Nəticədə faiz 10 faizədək qalxır. Az qala, əmanət faizinə yaxınlaşır və bankların xaricdən resurs cəlb etmək üçün stimulunu azaldır. Üstünlüyü isə vəsaitin böyüklüyü, əməliyyatın ucuz başa gəlməsidir. Yəni, 1 milyonu bir bankdan almaq, həmin vəsaiti bir neçə əmanətçidən cəlb etməkdən ucuz başa gəlir. Bundan başqa, Mərkəzi Bankın da mərkəzləşdirilmiş kreditləri artırması lazımdır. Bundan heç də bütün banklar bəhrələnə bilmir. Adətən iri banklar alır. Başqa ölkələrdə uçot dərəcəsinin aşağı salınması da kreditləri ucuzlaşdırır. Azərbaycan qlobal böhran dövründə 15 faizdən 2 faizə saldı dərəcəni, ancaq kreditlərdə heç bir dəyişiklik olmadı. Bu gün 4.75 faizdir. Yəni, MB banklara krediti bu faizlə verir. Görün, nə qədər ucuzdur. Banklar bunu alsa, resurs onlara ucuz başa gələr.

– Bu faizlə kredit götürən banklar nədən öz kredit faizlərini dəyişmir?

– Razıyam. Bu gün kredit faizlərinə 3 amil təsir göstərir. Birincisi, resurs qıtlığıdır və resursu insanlara xəsisliklə verirlər – faizi yüksəldir, şərtləri ağırlaşdırırlar. İkincisi, resursun dəyərinin bahalığıdır. Buna görə banklar onun üzərinə öz xərclərini və gəlirlərini də qoyurlar. Kredit faizinin 20-40 faizədək dəyişməsinə baxmayaraq, bankların gəlirləri 5-6 faizdən çox deyil. Bank 30 faizə kredit verirsə, cəmi 5-6 faiz onun qazancıdır. Üçüncü amil banklardan asılı olmayan amillərdir, yəni ölkə iqtisadiyyatındakı risk dərəcəsidir. Risk həddən artıq yüksək olduğu üçün kredit faizləri də düşmür. Verilən kreditin geri qaytarılmasında problem yaranır. Ölkə üzrə kreditlərin 37 faizi istehlak kreditlərinin payına düşür. Çünki bunlar azriskli kreditlərdir. Az həcmdə çox insana verirlər. Biri var, bir sahibkara 100 min, 1 milyon versin, o da biznesini itirsin. Biri də var, 100 mini hərəsinə 10 min manat olmaqla 10 müştəriyə verir, biri qaytarmasa, doqquzu qaytarır. Banklar özlərini sığortalamaq üçün faizləri qaldırır, nəticədə istehlak kreditlərinin də faiz dərəcəsi qalxır. 2-3 faiz artıranda, qaytarmayan olsa da, öz xərcini ödəyir. Biznes mühitinin normal olmaması, sahibkarların mülkiyyət hüququ ilə bağlı problemləri, rəqabətin yoxluğu bank sektorunda kredit faizlərinin yüksək olmasına təsirini göstərir.
XS
SM
MD
LG