Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:15

E. Namazov: «R.İbrahimbəyovun gəlişi təxirə düşə bilər»


Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov
-
«Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya dönməsi ilə bağlı gözlənən səfəri təxirə düşə bilər».

Bu barədə Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov AzadlıqRadiosuna danışıb. O bildirib ki, R. İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı ərizəsinə hələ cavab verilməyib:
- Vətəndaşlıqla bağlı sənədlər vacibdir. Rüstəm müəllim Bakıya qayıdandan sonra Azərbaycan hakimiyyəti hansısa qondarma ittihamlarla ona cinayət işi qaldıra bilər. Bu zaman onun ölkədən çıxmasına süni maneələr yaradıla bilər. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirakı lazımdır. Vəkilə etibarnamə verməklə iş bitmir. Biz Rüstəm müəllimlə iyulun 30-da Tbilisidə görüşəcəyik. Tbilisə Milli Şuranın komissiya sədrləri, quruma daxil olan partiyaların təmsilçiləri gedəcək və orda bütün məsələləri müzakirə edəcəyik.
- Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ərizəsinə hələ cavab verilməməyi ilə Rusiya prezidenti Putinin Bakıya gözlənən səfəri arasında bir əlaqə varmı?
- Nəyə işarə vurduğunuzu anlayıram. Bir çox politoloqlar da bu yöndə şərh verirlər. Amma əlimizdə faktlar olmadığı üçün nə «hə», nə «yox» demək mümkündür.
- Rüstəm İbrahimbəyovun vahid namizəd kimi Bakıya gəlməsi ətrafında müxtəlif söz-söhbət var. Sizcə, vahid namizədin vətənə qayıtmasının təxirə düşməsi yeni söz-söhbətə açmayacaqmı?
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
- Rüstəm müəllimin seçkiyə qatılması vacibdir və bunun üçün zəruri olan sənədləri də toplamaq gərəkdir. Milli Şura da hesab edir ki, Rüstəm İbrahimbəyov seçkiyə qatılması üçün lazımı sənədləri toplamalıdır. Rusiya vətəndaşlığından imtina etməklə bağlı prosedurda Rüstəm müəllimin özü iştirak etməlidir. Rüstəm müəllim təhlükələrdən narahat deyil, əlbəttə ki, müxalifətin vahid namizədinə təhlükələr yaradılacaq. Lap onun barəsində cinayət işi qaldırılsa da, bu, Rüstəm müəllimin seçkiyə getməsinə mane olmur. Ona görə də biz qərara gəlmişik ki, Rüstəm müəllim əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri alıb, sonra Azərbaycana qayıtsın.
- Tbilisidəki görüş mətbuata qapalı olacaq?
- Hesab etmirəm. Əksinə, biz bütün müzakirələri ictimaiyyətə açıqlayacağıq.
XS
SM
MD
LG