Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:03

Rusiyanın «Abşeron» sevdası


«Neft daşları»
«Neft daşları»
-
2012-ci ildə Azərbaycandan Rusiyaya 1.55 milyard kubmetr qaz satılıb. Bu ilin yanvar-iyun aylarında bu rəqəm 0.88 milyard kubmetr olub. İyulun əvvəlində «Rosneft»in rəhbəri Igor Sechin-in Bakıya səfəri zamanı prezident İlham Əliyev və ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə mümkün enerji layihələri müzakirə olunub.
Avqustun 13-də Rusiya prezidentinin Azərbaycana işgüzar səfərində Igor Sechin də nümayəndə heyətinin tərkibində olacaq. Tərəflərin energetika və nəqliyyat sahələrinə dair sənədlər imzalaması gözlənilir.

««ROSNEFT»Ə PAY VERMƏK OLAR»

İyulun sonlarında «Reuters» agentliyi xəbər yayıb ki, «Rosneft» «Abşeron» yatağında Azərbaycan Dövlət Neft Şirkətinin payından yararlanmaq istəyir. İqtisadçı-ekspert İlham Şabanın fikrincə, son bir ayda «Rosneft»in istəkləri barədə məlumat sızdırılması səbəbsiz deyil. Bu, Rusiyanın dövlət neft şirkətinin Azərbaycanla təmas qurmaq kimi ciddi niyyətindən xəbər verir. İqtisadçı bu qənaətdədir ki, «Abşeron» «Rosneft» miqyaslı şirkətin gözünə görünəcək və əlinə gələcək bir layihədir və «Rosneft»in digər layihələrə maraq göstərəcəyi güman edilmir. «Abşeron» yatağında ARDNŞ-in 40 faizlik payı olduğunu nəzərə alsaq, bundan «Rosneft»ə pay vermək olar:

Azərbaycan-Rusiya əlaqələri

İNFOQRAFİKA
Azərbaycan-Rusiya əlaqələri


– Ən çox Rusiya mətbuatında belə xəbərlər yayılırdı ki, Rosneft «Şahdəniz» yatağına da iddialıdır. Ancaq sual olunur ki, o, «Şahdəniz» yatağına necə girə bilər? Kimin payını alacaq? Dövlət Neft Şirkətinin 10 faizlik payından pay alacaq? «Şahdəniz»də ancaq o cür iştirak edə bilər ki, bir Rusiya şirkəti digərinin («Lukoil» «Şahdəniz»də pay sahibidir – A.K.) payını alsın. Bunu da istisna etmək olmaz.

İlham Şaban
İlham Şaban
ARDNŞ-LƏ BİRGƏ MÜƏSSİSƏLƏR

İlham Şaban nəhəng şirkət olsa da, «Rosneft»in dənizdə fəaliyyətinin kasadlığına diqqət çəkir. O, şirkətin sadəcə öz aktivlərini, coğrafiyasını genişləndirmək istədiyini bildirir:

– Dövlət neft şirkəti olaraq Rusiya şelfində lisenziyalar ala bilər, ancaq dənizdə iş aparmaq təcrübəsi yoxdur. Ancaq Sechin mətbuata bildirmişdi ki, ARDNŞ onunla birgə müəssisələr qura, «Rosneft» də bu əməkdaşlıqdan gözəl yararlana bilər.

İqtisadçı Rusiyanın Trans-Adriatik Kəmərinə (TAP) də göz tikməsi barədə yazılanları təxəyyül məhsulu sayır. Belə ki, Rusiya 2005-2006-cı ildən «Cənub axını» layihəsini ərsəyə gətirir, ötən ildən realizə etapına daxil olub. Marşrut Şərqi Avropaya, Adriatiksahili ölkələrə və son olaraq, İtaliya bazarına tuşlanıb. TAP da Balkanlardan və İtaliyadan keçir:

- Rusiya nədən eyni bazara yenidən daxil olsun?

SİYASİ AMİLLƏR

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, Putin-in Azərbaycandan istəyi Avrasiya Birliyinə və Gömrük İttifaqına üzv olmasıdır. İndi Rusiya, Belarus və Qazaxıstan Ümumi Gömrük İttifaqının üzvüdür. Avrasiya İttifaqı isə, hələlik, bir ideyadır.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Ermənistana görə Azərbaycan bu birliklərdə yer ala bilməz, ancaq rəsmi Bakı Kremli qıcıqlandırmamaq üçün Avrasiya Birliyinə müəyyən istisnalarla, məsələn, müşahidəçi statusunda qatıla bilər. Digər tərəfdən Azərbaycanın noyabrda Avropa Birliyi ilə assosiativ sazişi imzalamayacağı da durumu qəlizləşdirir. Azərbaycanın bu tərəddüdlü mövqeyi Kremlə imkan verir ki, təzyiqi artırsın. Bu mənada Rusiyanın əlində bir bəhanə var. Politoloq Putin-in səfərini seçkiqabağı durumla da əlaqələndirir:

– Bu 20 ildə ilk dəfə olaraq qərbmeylli Azərbaycan müxalifəti Rusiyadan asılı duruma düşüb. Milli Şuranın vahid namizədinin Rusiya vətəndaşlığından çıxarılması Putin-dən asılıdır. Putin qərar versə, müxalifətin işi asanlaşacaq, qərarını ləngitsə, Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini verə bilməyəcək.

E.Şahinoğlunun qənaətinə görə, Putin-in Bakı səfərindən çox şey asılıdır. Belə ki, səfərdə istədiklərinin bir qismini əldə edə bilsə, İbrahimbəyovun məsələsini həll etməyəcək və Milli Şuranın vahid namizəd məsələsi əngəllənəcək. Bu da hakimiyyətin xeyrinə olacaq. Əks halda, vətəndaşlıqdan çıxarılma prosesi sürətlənəcək.

DONANMA MESAJI

Vladimir Putin-in köməkçisi Yuri Ushakov-un bildirdiyinə görə, danışıqlar keçirilən gün Rusiyanın Xəzər donanmasının gəmiləri də Bakıda dostluq səfərində olacaq.
Novruz Məmmədov
Novruz Məmmədov
E.Şahinoğlunun fikrincə, bu, hakimiyyətə Xəzərdə kimin hakim olmasına dair bir mesajdır ki, Azərbaycan NATO və ABŞ-la Xəzərdə hərbi əməkdaşlığı gücləndirərkən Rusiyanın da maraqlarını diqqətə almalıdır.

Avqustun 13-də Putin prezident sifətində 4-cü dəfə Azərbaycana gələcək. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə olub və Azərbaycanda Rusiya ilinin açılışına qatılıb.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir neçə gün öncə «Nezavisimaya qazeta»ya müsahibəsində deyib ki, Azərbaycan və Rusiya rəhbərlərinin görüşləri təkcə iki ölkənin münasibətləri baxımından deyil, həm də bütövlükdə regionda həmişə mühüm hadisə olub:

- Əminəm ki, bu görüş də istisna olmayacaq – hər iki ölkənin iradəsi və arzusu və yaxşı potensial var.
XS
SM
MD
LG