Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:28

«Pamuk o mükafatları «erməni soyqırımı» söhbətinə görə almayıb» [Debat]


soldan sağa: Aqşin Yenisey və Cavanşir Yusifli
soldan sağa: Aqşin Yenisey və Cavanşir Yusifli

Aqşin Yenisey: "O, şöhrəti istedadına bərabər yazıçı deyil. Pamukdan oxuduğum 5 kitabdan bircə dənə də obraz yadımda qalmayıb".

-

Orxan Aras:

- Pamukun “Mənim adım qırmızı” romanı amerikalı yazar Norman Meylerin romanının, “Bəyaz qala” isə “Qanuni dövründə İstanbul” əsərinin eynisidir. Bu da əxlaqi baxımdan düz deyil...


Cavanşir Tusifli:

- Dünya nəsrinin texnologiyasını bilən adam deməz ki, Orxan Pamuk filan yerdən oğurlayıb. Bu, əyalət söhbətidir...



Orxan Pamuk kimdir: dahi romançı, yoxsa «Nobelə görə xalqını aşağılayan»?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda bu suala cavab axtardılar: tənqidçi Cavanşir Yusifli, yazarlar Aqşin Yenisey, QismətOrxan Aras.



“MƏNƏ SIRINMIŞ PAMUK HAQDA YOX, OXUDUĞUM PAMUK HAQDA DANIŞMAQ İSTƏYİRƏM”

Cavanşir Yusifli:

- Orxan Pamuk şübhəsiz ki, böyük yazıçıdır. Böyük yazıçı olduğu üçün də onun haqqında fikirlər ziddiyyətlidir. Orxan Pamukun 1979-cu ildən bəri dünya çapında aldığı ədəbi, nüfuzlu mükafatlar çox olub. “Nobel”ə qədər 15-20 nüfuzlu mükafat alıb. O vaxt “erməni soyqırımı”, kürd məsələsi ətrafında ajiotaj yox idi. O əsərlərinə görə mükafat alıb. Ümumiyyətlə, Orxan Pamukun “Nobel” mükafatı aldığı və ondan sonrakı dövr Türkiyədə ictimai-siyasi həyatın, ədəbi düşüncənin, ədəbi həyatın yüksələn xətlə inkişaf etdiyi dövrdür. Cəmiyyət buxovlardan azad olur, açıq tənqidi münasibət yaranır, bu şəraitdə heç bir burulğanın, düşüncə selinin qabağını almaq olmur. Bu halda onlarla Orxan Pamuk, Elif Şafak və başqa qüdrətli qələm sahibləri yetişir. Orxan Pamuk minillik tarixi olan türk ədəbiyyatlarının aparıcı düşüncəsinin yetirməsidir. Adətən onu təqdim edəndə deyirlər ki, Qərblə Şərqi birləşdirir.

Aqşin Yenisey:

- Mən mənə sırınmış Orxan Pamuk haqqında yox, oxuduğum Orxan Pamuk haqqında danışmaq istəyirəm. ATƏT-in Bakı ofisinin rəhbəri vardı Cenk bəy, 2-3 il əvvəl onunla gənc yazarların görüşü vardı. O dedi ki, siz Orxan Pamukun şöhrətinə şəxsi istedadının verdiyi şöhrət kimi baxırsız, bu, tamam yanlışdır. Dedi ki, Orxan Pamukun Türkiyədə şəxsi nəşriyyatı var, menecerləri, reklam agentləri var… Doğrudan da, bir yazıçının tanınması, məqsədinə çatması üçün bu çox böyük şərtdir. İkincisi, o bu günlərdə çıxan müsahibəsində deyib ki, növbəti romanı yazır, bu da 1960-70-ci illərdə İstanbul ətrafındakı gecəqondular, köylərdən köçüb gələnlərin taleyi, məişəti, adət-ənənələri haqqındadır. Bundan ötrü onun adamları həmin köylərdən qalanlardan materiallar toplayırlar. Yəni Orxan Pamukun növbəti yazacağı roman konkret bir kollektivin əməyinin nəticəsi olacaq. Yazıçı oturub ofisində, adamlar materialları daşıyıb gətirirlər, buna görə də Pamuk onlara əməkhaqqı verir.

Mən onun iki romanının redaktoru olmuşam, üç kitabını oxumuşam. Orxan Pamukdan oxuduğum 5 kitabdan bircə dənə də obraz yadımda qalmayıb. Orxana “Nobel”i vermişdilər ki, türk insanının məişətini həm tarixi baxımdan, həm də bu gün baxımından Avropa oxucusuna aça bilən yazıçıdır. Amma sözsüz qayıdacağıq o məsələyə ki, niyə məhz onun İtaliya qəzetinə verdiyi müsahibədən sonra “Nobel” ortaya çıxdı. O, şöhrəti istedadına bərabər yazıçı deyil.

Aqşin Yenisey
Aqşin Yenisey


“ONUN KÖMƏKÇİLƏRİNİN, MENECERLƏRİNİN OLMASI TƏBİİ BİR ŞEYDİR”

C.Yusifli:

- Orxan Pamuk özünü zəhmətiylə, istedadıyla yaratmış insandır. Onun köməkçilərinin, menecerlərinin olması da təbii bir şeydir. Mən düşünmürəm ki, Orxan Pamuk bizə sırınmış obrazdır. Bu adam öz-özünü yaratmış yazıçıdır. “Nobel”in ona verilməsində ola bilsin siyasi amilin də rolu olub. Artıq dünya siyasət dünyasıdır, siyasiləşməyən qurum yoxdur. Orxan Pamuku da buna görə irəli çəkə bilərdilər. Amma irəli çəkməyib başqasına da verə bilərdilər. Yəni bunlarsız da Orxan Pamuk gözəl yazıçıdır, üslubu ilə, romanları ilə. Kafkanın “Məhkəmə” romanı var, Herman Hessenin “Yalquzaq” romanı var, mən dəfələrlə oxumuşam, amma obrazlar yadımdan çıxır, bəlkə də yaşımla bağlıdır. Klassik romanla Orxan Pamuk nəslinin üslubu kəskin fərqlənir.

A.Yenisey:

- Pamukun yaşıdı olan Züskind “Ətriyyatçı” romanında bircə obrazla dünyanı silkələdi, ədəbiyyata da o obrazla girdi. Amma razıyam ki, klassik romanla müasir roman eyni deyil…

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“QƏRBLƏ BAĞLI AŞAĞILIQ KOMPLEKSİ VAR”

Orxan Aras:

- Aqşin bəyin də, Cavanşir bəyin də söylədiklərində haqlı məqamlar var. Gerçəkdən də, Orxan Pamuk özünü yaratmış yazıçıdır. Siyasi yöndən məsələyə baxsaq, Osmanlıdan Cümhuriyyətə keçiş dönəmindən sonra az qala bütün ziyalılarda Qərbə qarşı ifrata varan heyranlıq var, Qərblə bağlı aşağılıq kompleksi var. Bu Orxan Pamukda da var. O, oriyentalist baxış sahibidir, türk insanını Avropaya göstərərkən realist nöqtədən hərəkət etmir. Ancaq bir alman dostum Pamuku oxuyandan sonra dedi ki, fransızlar bizə romantizmi, ruslar hüznü, ingilislıər soyuqluğu, almanlar qarışıqlığı və bədbinliyi, latın amerikalılar coşğunluğu, türklər sehrli və sirli ədəbiyyatı gətirdilər. Gerçəkdən də, Pamukun əsərlərində bir avropalı üçün sirli məqamlar var. Pamuk yazıçı olaraq ədəbi texnikanı gözəl bilir, texnikası müəkkəməldir, söz ola bilməz, anlatması da güclüdür. Bu onun işi, öyrənmiş. Amma türkcəsində xətalar var. Bir cümləsinə baxaq: “İmam ikindi namazının saatında caminin balkonuna çıxaraq ikindi namazını oxudu”. İ.Ortaylı tənqid edir ki, türkcəsi nə qədər zəifdir, namazın saatı yox, vaxtı var, camilərdə balkon yoxdur, şərəfə var, əzanı da imam yox, müəzzin oxuyur, o da şərəfəyə çıxmaz, içəridən oxuyur. Əlif Şəfak, Orxan Pamuk türk toplumuna xaricdən baxırlar, toplumun içindən gəlmirlər, Avropaya münasibətdə kompleksləri var. Təbii ki, Orxan Pamukun “Nobel” almasında siyasi çıxışların təsiri olub, amma bu o demək deyil ki, bu yazıçı deyil, yaxşı yazmır…

A.Yenisey:

- “Nobel” tarixində siyasi baxımdan mükafat alan yazıçılar çox olub. Orxan Pamuk mükafat almazdan öncə Türkiyə, Ərdoğan hakimiyyəti bütün səylərini Avropa Birliyinə girməyə yönəltmişdi. Avropanın da Türkiyəni öz sıralarına buraxmamağının ilk səbəblərindən biri “erməni soyqırımı” idi, onların fikrincə, Türkiyə bunu etiraf etməsə, təzminat ödəməsə AB-yə girə bilməz. Üstündən bir il keçməmiş Orxan Pamuk İtaliya qəzetinə dedi ki, Osmanlı zamanında bir milyon erməni öldürülüb, 30 min də kürd. Bundan sonra Türkiyəyə münasibət birmənalı dəyişdi və Ərdoğan hakimiyyəti AB-yə üzv olmaq məsələsini dayandırdı, hətta siyasətin istiqaməti – İslam dünyasına doğru dəyişdi.

Qismət
Qismət


“HESAB EDİRƏM Kİ, BÖYÜK YAZIÇILIĞI MÜKAFAT ALANDAN SONRA QURTARDI”

C.Yusifli:

- Orxan Aras dedi ki, Pamuka mükafatı təkcə siyasi gündəmə görə vermədilər, üslubu, texnikası etibarilə ilə bişmiş yazıçı olduğu üçün aldı. Amma mən başqa cür düşünürəm. Yazıçı dünya siyasəti kontekstinə gəlirsə və “Nobel” mükafatı almaq, dünya miqyasında şöhrətlənmək üçün müəyyən elementlərdən, hadisələrdən istifadə etmək fikrinə düşürsə, artıq o tora düşüb. Bunun acı təcrübəsi bizdə də baş verib. Mən ad çəkməyəcəm. Orxan Pamuk da bu üsuldan istifadə etdi. Düzdür, müəyyən şeylər əldə etdi, amma böyük mənada uğursuzluğa düçar oldu. Hesab edirəm ki, böyük yazıçılığı mükafatı alandan sonra qurtardı. Mən çox istərdim Orxan Aras bu suala da cavab verəydi, o əsərlərdə Türkiyənin həyatı, tarixi necə təsvir olunub? Gözəl texnika, üslub varsa, böyük yazıçıdırsa, necə ola bilər tarixi təhrif etsin, öz tarixinə, insanına həqarətlə yanaşsın? Bunu edə-edə necə ola bilər həm də yaxşı yazıçı olsun? Bunun biri ola bilər. Texnika, ifadə, üslub o zaman gözəl olur ki, sən insan haqqında həqiqəti olduğu kimi verirsən. Yazıçı fırıldağa gedəndə yazıçı olmur.

Qismət:

- Orxan Pamukun adı gələndə onun türk romançılığına gətirdiyi estetik yeniliklər kənara qoyulur, siyasi məsələlər ön plana çəkilir. Hesab edirəm ki, məsələnin bu cür qoyulmasının kökündə yanlışlıq var. Orxan Pamuk çağdaş dövrün ən böyük üslubçularındandır. Türk ədəbiyyatını da dünyada layiqincə tanıdır və təkcə romançı kimi yox. O, nüfuzlu, intellektual dərgilərin sorğularına görə, dünyaya təsir edən 100 intellektual arasında ilk onluqdadır. Adamlara elə gəlir, Pamuk durduğu yerdə bəyanat verdi, mükafat aldı. Orxan Pamuk uzun illər iynəylə quyu qazırmış kimi dünya və türk ədəbiyyatını oxudu, bəhrələndi. Bir də o “Nobel” alana qədər də Avropanın nüfuzlu mükafatlarını almışdı.

Cavanşir Yusifli
Cavanşir Yusifli


A.Yenisey:

- Mükafat ədəbi dəyəri müəyyənləşdirmir, ədəbi meyar deyil. Onun aldığı mükafatları hər il kimsə alır. Bu mükafatlar yazıçını dünyada məşhurlaşdırırsa, bəs onda yerdə qalan məşhurları niyə tanımırıq? Orxan Pamuk özü də deyib ki, başqalarından oğurlayıb.

Qismət:

- Çağdaş romançılıqda Aqşinin dedikləri böyük keyfiyyət kimi qiymətləndirilir. Postmodernist nəzəriyyədə alternativ reallıq deyilən bi şey var, Pamuk Ekodan onu əxz edib türk mühitini əks etdirdi.

O.Aras:

- Cavanşir bəy dedi ki, Orxan Pamuk türk insanını, tarixini olduğu kimi verirmi? Təbii ki, vermir. Bakıya bulvardan baxmaq var, bir də ucqardan, xalqın içindən. Pamuk da Nişantaşında, varlı ailədə böyüyüb, türk insanını çox tanımır, türk tarixini yaxşı bilmir. Amma peşəkar yazıçıdır, araşdırma aparır. Burda yazıçı az qala şirkətlə işləyir, yanında assistentləti araşdırma aparırlar. Qismət bəy oğurluqla bağlı dedi ki, bu, yeni ədəbiyyatda normaldır. Xeyr, Almaniyada kiçik cümləni oğurlayanı ifşa edirlər. Pamukun “Mənim adım qırmızı” romanı amerikalı yazar Norman Meylerin romanının, “Bəyaz qala” “Qanuni dövründə İstanbul” əsərinin eynisidir. Bu da əxlaqi baxımdan düz deyil. Kapitalizm istədiyi adamı tor atıb satın alır, həmin adam bunu bilmir. Amma Orxan Pamukun “Nobel” alması ona gətirdi ki, Avropada türk yazıçılarını oxumağa başladılar, gerçəyi yazan yazarları da oxudular. Bu şər bir xeyrə vəsilə oldu…

C.Yusifli:

- Yazıçı haqda bu tərzdə danışmazlar ki, bir var bulvara düşürsən, bir var xalq arasında olursan. Bu, məqbul deyil. Dünya nəsrinin texnologiyasını bilən adam deməz ki, Orxan Pamuk filan yerdən oğurlayıb. Bu, əyalət söhbətidir...

Debatı burada tam izlə
XS
SM
MD
LG