Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:39

Hara getməli, niyə getməli...


Foto: Arxiv
Foto: Arxiv
-
«Evimin sahəsi 16 kvadratmetrdir. 32 min pul təklif edirlər. Gedək, axtaraq görək, o qiymətə Bakıda ev tapmaq mümkündür? Axı bura paytaxtın ən qiymətli yeridir. Heç olmasa, bunu nəzərə alsınlar».

İçərişəhər, İlyas Əfəndiyev küçəsi 18 ünvanda yaşayan İmran İbrahimov deyir ki, burada söküntü-tikinti işləri başlanandan günləri qara olub. Kiminsə ərazidə hotel tikdirməsi adamları ev-eşiklərindən pərən-pərən salıb:

«Evlərimiz onsuz da qəzalı vəziyyətdə idi. İndi lap dözülməz olub. Burda yaşamaq mümkün deyil. Ya normal kompensasiya versinlər, çıxıb gedək, ya da mənzillərimizi təmir etsinlər. Axı nəyə görə hotel tikintisinə görə evlərimizdən getməliyik?».

«AXI NƏ VAXTA QƏDƏR?»

İçərişəhər sakinlərindən olan İradə Xəlilova da «Qaynar xətt»ə şikayət edir. O, düşünür ki, hər hotel tikənin qarşısından qaçmaqdansa birləşib haqlarını tələb etsələr, nəyəsə nail ola bilərlər:

«İyul ayından bildiriş gəldi ki, evlər söküləcək, kompensasiya ödəniləcək. Ancaq nə vaxt ödəniləcək, nə qədər ödəniləcək, bunu yazmayıblar. Biri gəlir hotel tikirəm, çıxın bayıra, o biri gəlir, ticarət obyekti tikirəm, köçün gedin. Digəri gəlir ki, park salıram, yığışın gedin. Bu, nə vaxta qədər davam edəcək? Niyə ev-eşiklərimizi pay-püşk edib getməliyik? Bizim mərkəzdə yaşamaq haqqımızı kim alıb əlimizdən? Nə vaxta qədər mərkəzdən Qaradağa, Hövsana qovulacağıq?».

«HİSSƏ-HİSSƏ, BALA-BALA...»

İçərişəhər sakinlərinin dediyinə görə, yeni üslubdakı tikililər İçərişəhərin tarixi qoruq kimi qalmasına əngəl yaradacaq:

«Çox az köhnə tikili qalıb. Onları da yerlə-yeksan eləsinlər, görək sonrakı istəkləri nədir. Hara baxırsan, ofislər, xarici vətəndaşlar. Nə İçərişəhər qalıb, nə də içərişəhərlilər. Hissə-hissə, bala-bala sökürlər. Birdən sökmürlər ki, gözə görünməsin».

Bakı şəhər İcra Hakimiyyəti metronun «İçərişəhər» stansiyasının arxasında söküntü və tikinti işləri barədə məlumat vermir. İçərişəhər sakinləri isə ərazidə hotel tikiləcəyini deyirlər.
XS
SM
MD
LG