Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:47

ABŞ-ın Azərbaycandakı keçmiş səfirindən İlham Əliyevə 3 məsləhət


Richard Kauzlarich
Richard Kauzlarich

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca bu mövzu istər yerli, istərsə də beynəlxalq dairələrdə daha intensiv müzakirə olunur. Bu müzakirələri daha da qızışdıran Ruysiya prezidenti Vladimir Putinin Bakıya işgüzar səfəri olub. Rəsmilər bu səfəri payızda keçiriləcək seçkidə Moskvanın İlham Əliyevə dəstəyi kimi kimi təqdim etməyə çalışırlar.

Bəs, görəsən Azərbaycanda seçkiöncəsi baş verən hadisələrə Qərbdə, ələlxüsus da okeanın o tayında münasibət necədir? Bütün bunları öyrənmək üçün yəqin ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich-dən daha münasib həmsöhbət tapmaq çətin olardı. O, özünün də dediyini kimi, Azərbaycanı daxildən və xaricdən tanıyan adamdır.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri kimi çalışmış cənab Kauzlarich hazırda George Mason Universitetinin professorudur. Onunla AzadlıqRadiosu Azərbaycan Xidmətinin rəhbəri Kənan Kazımoğlu söhbət edib.

- Söhbətə Putinin Azərbaycana səfərindən başlamaq istərdim. Sizcə, Putin və Obama arasında son vaxtlar soyuqlaşan münasibətlər nəzərə alınarsa, Washington Putinin Bakıya səfərindən narahat olubmu?

Düşünmürəm ki, bu səfər Amerikada böyük diqqət cəlb edib. Regiondakı vəziyyəti bilənlər buna sadəcə olaraq, normal bir səfər kimi baxırlar. Burada söhbət böyük azərbaycanlı əhalisi də olan böyük qonşudan gedir. Onlar Rusiyada yaşayır və işləyirlər. İki ölkə arasında ümumi sərhədlər, ümumi problemlər var. Mənim bu regiondakı hadisələri izləyən dostlarım də bu səfərdə elə bir əhəmiyyətli məna görməyiblər.

- Azərbaycanda bəzi analitiklər bu səfərin ölkədə qarşıdan gələn prezident seçkiləri baxımından əhəmiyyətli olmasını vurğulayırlar. Onlara görə Putinin səfəri bir növ İlham Əliyevin prezident kimi namizədliyinin qəbuludur.
Azərbaycanın dostları Bakıya açıq deməlidirlər: “Ətrafınıza baxın, görün, əhali ilə düzgün davranmayanda, korrupsiya cilovlanmayanda, demokratik proseslər iqtisadi proseslər qədər inkişaflı olmayanada, bu, hansı nəticələrə gətirib çıxara bilər”.

Bəzi Azərbaycan rəsmiləri mənə deyiblər ki, Bakı ehtiyatlı olmalıdır, çünki müxalifətin hazırkı namizədini Moskva dəstəkləyir. Məncə bu, bir az qeyri-ciddi söhbətdir. Mənə belə gəlir ki, Putinin səfəri Azərbaycanın daxili məsələləri ilə yox, iki ölkə arasındakı iqtisadi məsələlərlə bağlı olub.

- Bəs, elə isə Washington-da siyasi dairələr Azərbaycan seçkiləri barədə nə düşünürlər? Azərbaycanda seçkilərlə bağlı proseslərə fikir verirlərmi? Onları hazırkı durum qane edirmi, yoxsa başqa ssenarilər gözləyirlər?

Zənnimcə, bu, yerinə düşən sualdır. Hazırda Amerika administrasiyasının özü tam təşkil olunub başa çatmayıb. Dövlət Departamentində, onun Avropa bürosunda bəzi mühüm postlar hələ də boş qalır. Məhz bu postları tutanlar Qafqazda, Azərbaycanda baş verənləri izləyirlər. Ümumiyyətlə isə, Qafqazı və Azərbaycanı izləyən siyasətçilər, əlbəttə, baş verənlərdən, xüsusilə də daha bir qüsurlu seçkinin mümkünlüyündən narahatdırlar.

Mən indi kənar adamam, amma məsələnin içində olanlar nə edə bilərlər ki, həm seçki prosesi daha ədalətli və daha məqbul olsun və eyni zamanada iki ölkə arasındakı başqa məsələlərə ziyan gətirməsin. Lakin şəxsən mənim fikrimcə, ABŞ baş verənlər barədə, təkcə seçki yox, eləcədə başqa məsələlərdə, məsələn mətbuat azadlığı, dini hüquqların pozulması məsələlərində daha fəal olmalıdır.

Mən kənar müşahidəçi kimi görürəm ki, vəziyyəti pisləşdirən proseslər gedir və əslində, vəziyyət xeyli risklidir. Məncə Azərbaycanın, mən də daxil olmaqla dostları səslərini ucaltmalı və Azərbaycana açıq deməlidirlər: “Ətrafınıza baxın, görün əhali ilə düzgün davranmayanda, korrupsiya cilovlanmayanda, demokratik proseslər iqtisadi proseslər qədər inkişaflı olmayanada, bu, hansı nəticələrə gətirib çıxara bilər”. Bu, tənqid deyil. Bu, yaxşı, səmimi dostun sözləridir. Biz bütün bunları deməliyik və daxili vəziyyətin mühümlüyünü qabartmalıyıq.

- Son vaxtlar Bakı və Washington arasında münasibətlərin fəallaşması hiss olunur. Azərbaycanın müdafiə naziri Pentaqona səfər edir, Bakıya ABŞ rəsmiləri tərəfindən çoxsaylı səfərlər edilir və mətbuatda Azərbaycana müsbət yanaşmanı əks etdirəmn yazılar dərc olunur...
İlham Əliyev dedi ki, Azərbaycan gələcəkdə tam demokratik bir ölkə olacaq. Yox. Gələcək indi baş verir. Bu, həmişə belə davam edə bilməz. Azərbaycanın həm qlobal, həm də regional əhəmiyyəti azalır...

Bilirsiniz, ixtiyar sahibi mən olsaydım, müdafiə nazirinin Pentaqona seçkidən sonra səfərini daha çox alqışlayardım. Lakin indi, seçki ərəfəsində belə səfərlər siqnal göndərir. Azərbaycanla təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini kiçiltmədən, deməliyəm ki, məncə biz seçki ərəfəsində hər hansı siqnal göndərməməliyik.

Adamlar bu siqnallardan hökumətə dəstək verilməsi nəticəsini çıxara bilərlər, halbuki bu səfərin əsil mənası bu deyil. Odur ki, zənnimcə, müdafiə nazirinin səfəri bu ərəfəyə təsadüf etməməliydi. Çünki ortalıqda seçkilərlə bağlı müzakirə olunası başqa məsələlər, məsələn insan haqlarının pozulması kimi məsələlər var.

- Lakin Azərbaycan hakimiyyətində sanki belə bir təsəvvür formalaşıb ki, Azərbaycan Qərbə daha çox lazımdır, nəinki Qərb Azərbaycana. Çünki Azərbaycan mühüm ölkədir, strateji məkanda yerləşir, nefti-qazı var, Amerika ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edir və sair və məhz buna görə də insan haqları kimi məsələlər ikinci, üçüncü yerdə gəlir. Sizcə, bu təsəvvür nə dərəcədə reallığa uyğundur?

Razıyam, belə bir təsəvvür var. Bunu istər rəsmilərdən, istərsə də hökumətə bağlı olanlardan eşitmişəm.

Son iyirmi ildə münasibətlərin keyfiyyəti dəyişib. Azərbaycan indi Qərbə, Qərb isə Azərbaycana daha çox şey təklif etmək iqtidarındadır. Amma sırf analitik baxımdan bu təsəvvür bəlkə də iki-üç il bundan əvvəl həqiqətə yaxın idisə, indi belə deyil.
Bunun iki səbəbi var: Birincisi, Amerika Əfqanıstandan çıxma prosesindədir və Azərbaycanın NATO-nun əməliyyatlarına dəstək verən ölkə kimi əhəmiyyəti bu mənada azalır. Bunsuz, açıq deyim ki, Azərbaycan ABŞ üçün əvvəlki strateji əhəmiyyətinə malik olmayacaq.

İkinci məsələ enerji ilə bağlıdır. Bu gün qəzetlərdə dərc olunanlara, dünya enerji sistemində baş verən dəyişikliklərə fikir verin. Avropanın qaza tələbatı artmır, maye qaz kimi faktorlar var, Avropada yerli qazdan istifadə sahəsində inkişaf gedir. Bu mənada Azərbaycan enerji baxımından da əvvəlki əhəmiyyətə malik deyil.

Bir analitik kimi hazırkı vəziyyəti beş il əvvəlki situasiya ilə müqayisə etsəm, deməliyəm ki, indi Azərbaycanın əhəmiyyəti daha azdır. Biri var hansısa təsəvvürə malik olasan, bir də var özünü elə aparasan ki, cəzasız qalacağına inanasan. Söhbət jurnalsitin mənzilinə gizli kamera qoymaq, sonra bunun vasitəsilə şantaj etmək, müxalifət nümayəndəsini həbsxanaya salmaq kimi hərəkətlərdən və sonra da belə düşünməkdən gedir ki, heç kəs buna fikir verməyəcək.
Mən bu kimi rəftarları dünyanın başqa ölkələri ilə, legitimliyi öz vətəndaşları tərəfindən şübhə altına alınan rejimlərlə müqayisə edirəm. Və mən Azərbaycandan narahatam. İtirilə biləcək çox şeylər var.

Məni İlham Əliyevin bir bəyanatı çox təəccübləndirdi. İndi yadımda deyil söhbətin məğzi nə idi, lakin o dedi ki, Azərbaycan gələcəkdə tam demokratik bir ölkə olacaq. Yox. Gələcək indi baş verir. Bu, həmişə belə davam edə bilməz.

Azərbaycanın həm qlobal, həm də regional əhəmiyyəti azalır. ABŞ-ın və Qərbin dünyanın başqa yerlərində də prioritetləri var. Əgər Azərbaycana dost lazımdırsa, biz varıq, Azərbaycan partnyor istəyirsə, biz hazırıq. Lakin istəyirik ki, Azərbaycan Qərb demokratiyası olduğunu sözləri ilə yox, davranışı ilə sübut etsin. Yəni, bunu öz əhalisinə münasibəti ilə göstərsin. Bu Azərbaycanın özünə lazımdır. Televizora baxırıq – Misiri, Suriyanı görürük. Orada baş verən hadisələrə baxıb düşünmək lazımdır ki, bunlar niyə baş verir. Daha bir qüsurlu seçki Azərbaycanda da vəziyyətin pisləşməsinə səbəb olmazmı?

- Sizcə, İlham Əliyev üçüncü müddətə prezident seçilməsinin legitimliyindən narahat olmalıdırmı? Çünki hakimiyyət indidən onun üçüncü müddətə seçiləcəyini təmin olunmuş məsələ kimi təqdim edir. Lakin bunun legitimlik tərəfi, istər daxildə, istərsə də ölkə xaricində narahatlığa səbəb olmalıdırmı? Bəlkə də bir az nəzəri sualdır...

Yox, qətiyyən. Nəzəri sual deyil. Mən 1994-cü ildə Azərbaycanda olanda sual başqa cür qoyulmuşdu: SSRİ-nin keçmiş respublikaları - yenicə müstəqil olmuş dövlətlər sınaqdan salamat çıxa biləcəklərmi?

Çünki, lazımi təsisatların, beynəlxalq mənada tam tanınmanın olmaması bu dövlətlərin legitimliyi sualını doğururdu. Azərbaycan fəxr etməlidir ki, bu gün ölkənin beynəlxalq legitimliyi heç bir sual doğurmur. Lakin düşünürəm ki, məsələyə daxildən baxanda İlham Əliyevin bu barədə müəyyən narahatlığı olmalıdır. Ən azı ona görə ki, onun hakimiyyəti illərində repressiyalar davam edir. Bu həm də ona görə edilir ki, adamlar legitimlik məsələsini sual edə bilməsinlər.

- Yəni siz demək istəyirsiniz ki, hökumətin bu ilin əvvəllərindən bəri yürütdüyü sərt siyasət – blogerlərin və müxalifət fəalların həbsxanaya salınması hakimiyyəti itirmək qorxusundan irəli gəlir.
Heydər Əliyev özünün kimliyinə və legitimliyinə daha çox əmin idi. Mən demək istəmirəm ki, o, sözün bizim düşündüyümüz mənasında demokratik lider idi, lakin o, ölkənin həm daxili, həm də xarici vəziyyətini dəyişməyin zəruriliyini anlayırdı. Mən bilmirəm, o bu gün başqa cürmü hərəkət edərdi, amma məncə o, bəzi bugünkü vasitələrə əl atmazdı. O daha müdrik idi.

Bu, mənim şəxsi qənaətimdir. Mən bu kimi rəftarları dünyanın başqa ölkələri ilə, legitimliyi öz vətəndaşları tərəfindən şübhə altına alınan rejimlərlə müqayisə edirəm. Və mən Azərbaycandan narahatam. İtirilə biləcək çox şeylər var.

İqtisadi baxımdam Azərbaycan öz qonşularından çox güclüdür. Doğrudur, Dağölıq Qarabağ problemi var. Lakin hətta bu məsələdə də əhalinin dəstəyinə əmin olmayan hökumət lazımi addımları ata bilmir.

- Hakimiyyət isə gileylənir ki, nə üçün Qərb Qarabağ məsələsindən, qaçqınların hüquqlarından narahat deyil, lakin hər dəfə daha kiçik məsələlərdən, məsələn, müxalifətin və ya siyasi fəalların hüquqlarından narahatlıq ifadə edir.

Mən bu kimi söhbətləri 1992-ci ildən eşidirəm. Və mən bunu başa düşürəm. Biz və partnyorlarımız elə buna görə də münaqişənin diplomatik yolla həllinə çalışırıq.
Bilirsiniz, elə vaxtlar olub ki, münaqişənin həlli lap yaxında olub və qarşılıqlı kompromislər ortaya qoyulub. Lakin məsələnin uzadılması və bundan sonra da beynəlxalq birliyin günahlandırılması düzgün deyil.

Mən Yerevanı da, Bakını da nəzərdə tururam: “Uşaqlar, niyə özünüz razılığa gəlməyə çalışmırsınız?” Əvəzində onlar elə fikirləşirlər ki, biz və ya Rusiya Yerevana gedib Bakının sözlərini onlara çatdırmalıyıq. Amma qaçqınlardan narahatlığa gəlincə, biz əlbəttə, narahatıq.

- Siz əsasən ata Əliyevlə işləmisiniz. Necə düşünürsünüz o, məsələn, opponentləri ilə rəftarda başqa cürmü hərəkət edərdi, yoxsa indiki siyasət elə onun siyasətinin davamıdır?

Bu suala cavab vermək doğrudan da çətindir. Mən bayaq da dedim. Zaman da dəyişib axı...Mən onu deyə bilərəm ki, Heydər Əliyev özünün kimliyinə və legitimliyinə daha çox əmin idi. Mən demək istəmirəm ki, o, sözün bizim düşündüyümüz mənasında demokratik lider idi, lakin o, ölkənin həm daxili, həm də xarici vəziyyətini dəyişməyin zəruriliyini anlayırdı. Mən bilmirəm, o bu gün başqa cürmü hərəkət edərdi, amma məncə o, bəzi bugünkü vasitələrə əl atmazdı. O daha müdrik idi. Lakin bu mənim şəxsi qənaətimdir.

- Növbəti sualım Azərbaycan müxalifəti barədədir. Siz bugünkü müxalifət liderlərinin çoxunu Bakıda olduğunuz vaxtlardan tanıyırsınız. Onlardan bəziləri ABŞ-a səfərlər də ediblər. Lakin həmişə belə bir inam olub ki, Qərb Azərbaycan müxalifətini dəstəkləmək istəmir, çünki müxalifət zəifdir, dağınıqdır və parçalanıb. Əvəzində hakimiyyətlə işləmək daha rahatdır, çünki hakimiyyət nə istədiyini bilir və əslində hakimiyyət ölkənin real sahibidir...

Azərbaycanda demokratiyanın və ya insan haqlarının vəziyyətinin yaxşı olmaması o demək deyildir ki, ABŞ hökuməti Azərbaycanın daxili məsələlərinə müdaxilə etməldir.
Mən Bakıda olduğum vaxtlarda da müxalifət bu cür giley bildirirdi. Yəni “bizi niyə dəstəkləmirsiniz?” Bu da doğrudur ki, real hakimiyyətlə əməkdaşlıq etmək daha asandır. İnsanın da təbiəti belədir, beynəlxalq münasibətlərin də.

Azərbaycanda demokratiyanın və ya insan haqlarının vəziyyətinin yaxşı olmaması o demək deyildir ki, ABŞ hökuməti Azərbaycanın daxili məsələlərinə müdaxilə etməldir.

Məncə, keçmişlərdə olduğu kimi indi də ABŞ-ın başlıca mövqeyi mövcud pozuntulara hökumətin diqqətini cəlb etməkdir. Qoy, Azərbaycan ədalətli seçkilər keçirsin və hökumət xalqın iradəsi ilə seçilsin. Yoxsa, seçkiləri saxtalaşdırıb sonra Qərbi biganəlikdə günahlandırmaq düzgün deyil.

Yeni Azərbaycan Partiyasının rəsmilərindən biri mənə demişdi ki, Rüstəm İbrahimbəyov - yeri gəlmişkən, tələffüz mənasında indiyədək rast gəldiyim Azərbaycan adlarından ən çətinidir - heç vaxt prezident ola bilməz, çünki o rejissordur. Yaxşı, lap tutaq ki, belədir. Onda imkan verin, o, Azərbaycana gəlsin, seçkidə iştirak etsin və Azərbaycan xalqı sözünü desin.

Amerikalılara desən ki, filankəs rejissordur və prezident ola bilməz, onlara çox qəribə gələr. Bir də var sən deyirsən ki, filankəsdən prezident olmaz və o biri tərəfdən əlindən gələni edirsən ki, bu prosesi mümkünsüz edəsən. Belə şeylər məni mat qoyur.

- Azərbaycan hakimiyyəti həmişə diqqəti Misir, Suriya və hətta Türkiyə kimi ölkələrə çəkir ki, “baxın belə olmasınımı istəyirsiniz? Sabitlik, firavanlıqmı istəyirsiniz, yoxsa həmin ölkələrdə baş verənlərin təkrarınımı istəyirsiniz?” Hakimiyyətin opponentləri isə deyirlər ki, əksinə, tezliklə dəyişiklik olmasa, Misirdəki, Suriyadakı kimi sabitsizlik olacaq. Kim haqlıdır?

Kimin haqlı olduğunu həmişə tarix göstərir. Digər tərəfdən bu ölkələrin heç birində baş verən hadisələr oxşar deyil.
Amerikalılara desən ki, filankəs rejissordur və prezident ola bilməz, onlara çox qəribə gələr...

Misirdə və ya Suriyada baş verənlər başqa-başqa hadisələrdir. Başlıcası budur ki, qeyri-stabllik adamlara istədikləri lideri seçmək azadlığını verməyəndə, polis tərəfindən təqiblər olanda, azad mətbuat hakimiyyətlər tərəfindən susduralanda ortaya çıxır. Halbuki əsl demokratiyada bunlar olmamalıdır. Əgər İlham Əliyev Azərbaycanı demokratik görmək istəyirsə, sadaladığım pozuntular olmamalıdır. Hökumət indi etdiklərini davam etdirdikcə, demokratiya alınmayacaq. Yaxşı, deyirlər ki, iqtisadi firavanlıq var, amma bunun mənfəətini kimlər görür?

- Əgər sizin bu gün İlham Əliyevlə görüşmək imkanınız olsa, ona hansı 3 məsləhəti verərdiz?

İlk növbədə deyərdim ki, o, ölkəsinin belə inkişafı üçün fəxr edə bilər. Mən orada olanda, 1994-97-ci illərdə, bu kimi şeyləri heç təsəvvürə gətirmək də olmazdı. Azərbaycan ayaq üstdə dayanmaq qabiliyyətini artıq isbat edib.

İkincisi, deyərdim ki, siz bir prezident kimi, siyasi baxımdan ölkəni fərqli istiqamətə yönəldə bilərsiniz. Elə bir istiqamət ki, orada ölkənin iqtisadi nailiyyətlərinə yaraşan siyasi durum bərqərar olardı. Deyərdim ki, iqtisadiyyat sahəsində etdiklərini, siyasət sahəsində də etməkdən qorxmasın. Öz xalqından çəkinməsin.

Üçüncüsü, ona deyərdim ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb. Elə bir şəkildə həll etməyin ki, qaçqınların problemləri həll olunsun və bu məsələ birdəfəlik gündəlikdən çıxsın. Bu, bəlkə də vəziyyəti İlham Əlievin və ya başqalarının qorxduğu situasiyaya gətirib çıxarmadan dəyişmək üçün bəlkə də son imkandır.
XS
SM
MD
LG