Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:35

«Səhər dükana girirsən bir qiymət, axşam başqa qiymət»


Yerevanda küçə alveri
Yerevanda küçə alveri
-
Ermənistanda orta əməkhaqqı 155 min dramdır, təxminən 300 manat. Orta əməkhaqqının artım tempi 2008-ci ilin dünya iqtisadi böhranından sonra zəifləməyə başlayıb. Dövlət müəssisələrində əməkhaqqı səviyyəsi özəl sektordakından geri qalır. Həmçinin, şəhərlə rayonlarda çalışanların maaşları arasında yerlə-göy qədər fərq var. Yeganə istisna Sünin rayonudur, orda bir neçə iri mədənçıxarma şirkəti fəaliyyət göstərir.

Milli Statistika Xidmətinin əməkhaqqı şöbəsinin müdiri Lusine Kalantaryan deyir ki, ölkə üzrə ən yüksək əməkhaqqını mədənçıxarma sənayesində, daha sonra maliyyə və sığorta sahəsində çalışanlar alır:

«Hamıdan az maaş alanlar, təəssüflər olsun ki, incəsənət xadimləri, həkim və müəllimlər, kənd təsərrüfatı, iaşə və istirahət sahəsində işləyənlərdir».

47 yaşlı Irina Grigoryan musiqiçi sənətini seçdiyinə görə indi peşmandır. O, musiqi məktəbində işləyir, gileyi isə gəlirinin azlığındandır:

«Mən bu gün üçün dəbdə olan bank işini də seçə bilərdim, ancaq ürəyimi dinlədim və musiqini seçdim. Təəssüflər olsun ki, bu gün incəsənət adamları heç kimə lazım deyil və bu sahə baxımsız qalıb».

QİYMƏTLƏR 4.7, ƏMƏKHAQQI İSƏ 3.2 FAİZ ARTIB

Ermənistanın istehlak səbəti 55 min dram (106 manat) təşkil edir. Minimum əməkhaqqı isə cəmi 45 min dramdır (87 manat). Yəni, əlavə gəlir yerin yoxdursa, bu vəsaitlə yaşamaq imkansız görünür. Irina Grigoryan da sual edir ki, nəyə görə hökumət bu uyğunsuzluq barədə düşünmür?

Digər tərəfdən, musiqi müəllimi ailəsini dolandırmaq üçün əlavə işlə məşğul olmaq məcburiyyətində qaldığını deyir:
Ermənistanda məktəb
Ermənistanda məktəb

«İki yeniyetmə uşağım var, atam və bibim də bizimlə birgə yaşayır. Hər ikisi pensiya alır. Ailəmizin ümumi büdcəsi 150 min dramdır. Yəni, bu o deməkdir ki, biz gün ərzində 3 min dramdan (6 manat) artıq ərzağa pul xərcləməməliyik. Bu, mümkünsüzdür – təkcə çörək və süd məhsullarının qiyməti az qala bu qədər edir. Digər tərəfdən, uşaqlar məktəbə gedir, onlara dərsliklər, paltar alınmalıdır».

Irina-dan fərqli olaraq 30 yaşlı Asmik Sargsyan-ın maaşı təqribən 150 min dramdır, yəni orta əməkhaqqı səviyyəsindədir. Ailəsinə maddi baxımdan yardım etmədiyini deyən Asmik ailə üzvlərinin hamısının çalışdığını əlavə edir. Hərçənd, o da məişət problemlərindən savayı digər məsələləri həll edə bilmədiklərini söyləyir:

«İki şirkətdə işləyirəm. Maaşım qidaya, əyin-başıma, gündəlik xərclərə sərf olunur. İstirahət etmək üçün heç yana gedə bilmirəm».

İqtisadçı Babken Tunyan deyir ki, Ermənistanda əhalinin ödəmə qabiliyyəti günbəgün azalır. Qiymətlər əməkhaqqından daha sürətlə artır:

«Bu il qiymətlər 4.7, əməkhaqqı isə 3.2 faiz artıb. Nəzərə alsaq ki, qaz, işıq, ərzaq məhsulları, xidmətlər bahalaşmaqda davam edir, üstəlik, maaşlar artmır, əhalinin ödəmə qabiliyyətinin daha da pisləşəcəyini təxmin etmək olar».

…YOXSULLAR DAHA DA YOXSULLAŞIR

Babken-in fikrincə, əməkhaqqının əhəmiyyətli yüksəlişi yalnız iqtisadi artımdan asılıdır. Yəni, artım hansısa qrup insanların hesabına deyil, sadə vətəndaşların əksəriyyətinin bizneslərindən real gəlir götürəcəyi halda mümkün olacaq.
Yerevan sakinləri
Yerevan sakinləri

Bu gün Ermənistanda əksinə, varlılar daha da varlanır, yoxsullar daha da yoxsullaşır. Bunun nəticəsidir ki, ölkədə orta sinif formalaşmır. İqtisadçı Babken Tunyan əmindir ki, iqtisadi inkişafın təmin olunması üçün bütün problemli sahələrdə islahatlar aparılmalıdır:

«Normal məhkəmə yoxdursa, bazarda rəqabət şəraiti təmin olunmursa və ya alitəhsillilər işsiz qalırsa, ölkə iqtisadiyyatı inkişaf edə bilməz. Biznesmen hansısa vəzifəli şəxsin yox, qanunların onu qoruduğuna əmin olmayınca, sərmayə yatırmayacaq. Ona görə də ölkəyə yatırılan investisiyaların son zamanlar xeyli azaldığını görürük».

AzadlıqRadiosunun erməni xidməti Yerevan sakinləri arasında sorğu keçirərək, onlardan əmək haqlarını nəyə sərf etdiklərini öyrənib. Bir çoxları qiymətlərin daim artdığını, əməkhaqqının isə illərdir yerində saydığını deyib. Rəyi soruşulanlar bildiriblər ki, ailə üzvlərindən yalnız biri işləyirsə, ərzaq məhsullarını almaq belə müşkülə çevrilir:

- Çox çətindir. Qiymətlər hər saat artır – səhər dükana girirsən bir qiymət, axşam başqa qiymət. Bəzi şeylər çox bahadır. Mən ayda 100 min dram maaş alıram, bu pul bizə güclə çatır. Uşaqlar artıq böyüyüb, ancaq evləndirə bilmirəm – ev problemi var. Maaşımız ancaq çörəyə çatır.

- Mən ayda 60-70 min alıram. Mənə yetir, çünki ailəmə yardım etmirəm. Ailəmin digər üzvləri də çalışır, yoxsa bu pulla yaşamaq olmazdı.
XS
SM
MD
LG