Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:59

“Süleyman Rüstəm nə kimisə satıb, nə də donos yazıb"


soldan sağa: Elnur Astanbəyli və Sayman Aruz
soldan sağa: Elnur Astanbəyli və Sayman Aruz
-

"Süleyman Rüstəmin Cənub mövzusunda şeirlərini digər mövzular kimi hakim ideologiyanın sifarişi hesab edirəm. Düzü, orda bədii baxımdan bir o qədər də ciddi şey görmürəm".


Süleyman Rüstəm böyük şairdi? O, sovet dövründə Azərbaycanın ən böyük şairlərindən sayılıb. Bəs indi? Onun əsərləri tarixin sınağından necə çıxdı?

Debata Süleyman Rüstəmin əbədiyaşar sənətkar olduğunu düşünənlər və onun Sovet ideologiyasına xidmət etdiyi, bolşeviklərin xoşlamadığı şairləri pislədiyi üçün xalq şairi ranqına layiq görüldüyünü deyənlər qatılıblar: araşdırmaçı Teyyub Qurban, yazarlar Sayman AruzElnur Astanbəyli.


«İNSANLARI KÜTLƏVİ EDAMLARA APARANLAR “OXU TAR” DEYƏNLƏR OLIUB»

Elnur Astanbəyli:

- Süleyman Rüstəmdən danışanda ağlıma ancaq “Ana və poçtalyon” şeiri gəlir. Cənub şeirlərinə qalanda, belə deyirlər ki, qadağan olunmuş mövzuydu, həssas mövzuydu. Bu məsələ mənə ciddi təsir bağışlamır. Sual verirsən ki, Stalinə, Leninə niyə bu qədər şeir yazmısız? Deyirlər ki, vintlər o qədər möhkəmiydi, nəfəs ala bilmirdik, bacarmırdıq, məcburuyduq yazmağa, o biri tərəfdən də belə şeir yazır, deyir ki, biz bunları elədik. Bunlar təzadlı fikirlərdir. Ya deyildiyi qədər vintlər möhkəm olmayıb, bu yazıçılar o qədər də sıxılmayıblar, Lenin, Qızıl Moskva şeirlərini də səmimi yazıblar, ya da guya ədəbiyyata gətirdikləri müəyyən mövzular və ya tendensiyalarla bağlı dediklərində qeyri-səmimidirlər. Ona görə də Süleyman Rüstəmin Cənub mövzusunda şeirlərini digər mövzular kimi hakim ideologiyanın sifarişi hesab edirəm. Düzü, orda bədii baxımdan bir o qədər də ciddi şey görmürəm. Mənim üçün Süleyman Rüstəm deyəndə “Ana və poçtalyon”un müəllifi yada düşür. Mənim baxış bucağıma görə, Süleyman Rüstəm böyük şair deyil.

Sayman Aruz:

- Süleyman Rüstəm deyəndə onun Təbriz haqda bir misrası yadıma düşür: “Mənim iki ürəyim var, biri orda çırpınır, biri burda”. “Ana və poçtalyon” yazıldığı zaman Güney Azərbaycanda müəyyən proseslər gedirdi. Həmin dövrdə bu adamın ürəyi sanki iki tərəfdə də döyünüb, həm şimalda, həm cənubdakı ağrı-acıları əks etdirib. O insanları bacardığı qədər qorumağa çalışıb. Hakmiyyət də qəddar idi. Bir şair kimi öz missiyasını yerinə yetirib. Mən onu Şəhriyarla müqayisə edirəm. Onlar dost olublar, məktublaşıblar. Şəhriyar da zamanında İran hakimiyyətində olan bəzi adamlara şeir yazıb. Biz Şəhriyarı buna görə pisləyə bilmərik. O yalnız “Heydərbaba” şeiri ilə xalqına şairlik borcunu ödədi. Şəhriyar deyəndə də o mədhiyyələr yox, “Heydərbaba” yada düşür.

Ş.Bəylərqızı:

- Süleyman Rüstəm haqda fikriniz nədir? Elnur Astanbəyli konkret dedi ki, böyük şair deyil, siz nə düşünürsüz?

S.Aruz:

- Kifayət qədər dəyərli şairdir. Şeirlərində humanizmi, milliliyi, siyasəti, fəlsəfəni, hikməti daşıyan şairdir. Mən onun Araza, Təbrizə yazdığı şeirlərin səmimiliyinə inanıram. O böyük şairdir, həm də milli şairdir.

Ş.Bəylərqızı:

- Ona görə yazırdı: “Oxuma, tar”?

S.Aruz:

- Mən o dövrü araşdırmıram. Jan Pol Sartr bir nəzəriyyə ortaya atdı, sual qoydu ki, ədəbiyyatın insanları azadlığa, həqiqətə, ədalətə aparmaq missiyası varmı? 1950-ci illərdən sonra o missiya itdi. Şair həmişə insanları inqilaba, üsyana səsləmir. Şair olur ki, səbrə və mərhələni aşmağa da səsləyir. Məncə, o dövrdə insanları kütləvi edamlara göndərənlər “Oxu, tar” deyənlər olublar. O dövrdə insanları qorumaq, ölümün ağzından eşiyə çəkmək lazım idi. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“FİLANKƏS DONOS YAZDI, AMMA “DAĞLAR” ŞEİRİ ONDAN YADİGAR QALDI”

E.Astanbəyli:

- Bəzi məsələlərin adı konkretdir və bunun üçün dağa-daşa düşmək lazım deyil. 1920-30-cu illərdə sovet quruluşu Yazıçılar Birliyini yaratdı və ona bəlli bir status verdi. O status ədəbiyyata verilmişdi. Beləliklə, bəziləri xalq düşməni, bəziləri xalq şairi təyin olunurdular. Bu gün həmin repressiya illərində neqativ rol oynayanlara belə bəraət qazandırırlar ki, filankəs donos yazdı, amma “Dağlar” şeiri ondan yadigar qaldı. Bu çox əndrabadi və cəfəng fikirdir. Bir adam üç adamın fətvasında iştirak edib, əvəzində bir “Dağlar” şeirinə görə günahından keçilir. Süleyman Rüstəm cənub haqda nə zaman yazdı? Soyuq müharibə zamanı SSRİ ilə İran arasında tam fərqli münasibət yarandı. O münasibət yaranmasaydı, Süleyman Rüstəm bu haqda bəlkə də bir-iki şeir yazardı, o da üstüörtülü, eyhamla. Baxın, adam ədəbiyyata gəldiyi ilk illərdə partiya və hökumət qərar verir ki, ədəbiyyatda pessimizm olmaz, gələcəyə işıqlı gözlərlə baxmaq lazımdır. Süleyman Rüstəm də bunun tezisi olaraq “Ələmdən nəşəyə” şeirini yazır. Proseslərin sonrakı mərhələsində o bütün ictimai və siyasi statusları əldə edir. Bu, sovet dövrü üçün dəhşətli dərəcədə çətin işiydi. Məsələn, Ənvər Məmmədxanlı niyə bəlli statusa qalxa bilmədi? İstedadlı və bildiyim qədər ləyaqətli insan olub. Və ya Əli Kərim, illərlə iş tapa bilməyib. Amma qat-qat az istedada malik birisi ilə onun qazandığı status və həyat şəraiti arasında yerlə-göy qədər fərq vardı. Bu fərq Süleyman Rüstəmin, Səməd Vurğunun, Məmməd Rahimin qara qaşına-gözünə görə yaranmırdı. Sovet dövründə adamları çox asanlıqla xalq düşməni və ya xalq şairi təyin edirdilər. İstedadlı insanlar arxada qalırdı, mövzuları da bəzi yazarlar arasında bölürdülər ki, sən pambıqçılıqdan, filankəs kolxoz, filankəs, Təbriz, bəşmənkəs Vyetnam haqda yazsın. Bu şəkildə ədəbiyyatı idarə edirdilər.

S.Aruz:

- Elnur bəy danışanda bir neçə sual yarandı məndə. Biri budur ki, xalq yazıçısı olmaq ədəbiyyatçı üçün önəmlidir, ya deyil? Yəni yazıçı yazır ki, hansısa bəlli statusa çatsın, yoxsa yazıçıdır deyə yazır?

E.Astanbəyli:

- Quzey Azərbaycan ədəbiyyatı reallığında statuslar çox ciddi rol oynayıb.

“HAKİMİYYƏTLƏ BARIŞIĞA GETMƏK “SƏN PİSSƏN” DEMƏK DEYİL”

S.Aruz:

- Və ya kimsə status sahibidirsə, o deməkdirmi bunu mənfi yollarla qazanır? Və ya status qazanmayan mütləq istedadlıdır və istedadsızlar onu vurdular deyə həmin mənsəbə çatmadı? Bunun bir cavabı var: “Yox!” Səməd Behrəngi hakimiyyətlə barışmadı, mübarizə apardı, 29 yaşında onu Arazda boğdular. Ondan qalan dəyərli hekayələr oldu, indi də dünyada ən çox satılan uşaq ədəbiyyatıdır. Sual edirəm, Səməd Behrəngi 29 yaşında bunları yazmışdısa, 50 yaşınadək yazıb-yaratsaydı, nələr edərdi? Və ya Şəhriyar barışdı nə verdi? Bunları araşdırmaq lazımdır. Hakimiyyətlə barışığa getmək “sən pissən” demək deyil. Yazıçı ilə bağlı mənfi obraz yaratmaq düz deyil.

Ş.Bəylərqızı:

- Sizcə, Behrəngi də hakimiyyətlə barışığa getməliydi?

S.Aruz:

- Demirəm barışmalıydı. Elə bir yol seçə bilərdi ki, yaradıcılığı davamlı olsun, tələbələrinin də sayı çox olsun. (ardı aşağıda)

Teyyub Qurban
Teyyub Qurban


“ONA GÖRƏ “OXUMA, TAR” YAZDIM Kİ, PROLETAR NƏ QANIR TAR NƏDİR?.. BU KİNAYƏLİ ŞEİRDİR”

Teyyub Qurban:

- Mən Süleyman Rüstəmlə şəxsən görüşmüşəm. Mən istərdim ki, qələm dostlarıma məsləhət görüm, hadisələri arxiv sənədləri əsasında araşdırsınlar. Mən 1997-ci ildən arxivdə çalışıram. Azərbaycanda muğamat da, ən böyük yazıçılar da Bağırov dövründə yaranıb. Məsələn, “Oxuma, tar, səni sevmir proletar” şeirini Süleyman Rüstəmin mənfi obrazını yaratmaq üçün deyirlər. Süleyman Rüstəm danışırdı ki, tar müqəddəs idi, Bağırov da tarzənləri, muğam ustadlarını qoruyub saxlayırdı. Deməyiblər ki, tar çalınmasın. Tar indi çalınmır, hanı muğam, hanı tar indi?.. Süleyman danışırdı, ona görə “Oxuma, tar, oxuma, tar, səni sevmir proletar” yazdım ki, proletar nə qanır tar nədir? Proletar üçün rusun balalaykası var. Bu, kinayəli şeirdir. Bu şeiri Mikayıl Müşfiqlə qarşı-qarşıya qoymaq düz deyil. Müşfiq bu şeiri 1934-cü ildə yazıb, bir il sonra o, Bağırovun qol çəkdiyi kitaba salınıb. Mikayıl Müşfiq Hüseyn Cavidin güdazına gedib. Cavidin məhkəməsi Yazıçılar Birliyində olub, Səməd Vurğun Cavid tutulmamışdan qabaq yazırdı: “Xalq düşməni Hüseyn Cavid”. Süleyman Rüstəm isə bir nəfəri nə satıb, nə donos verib, nə də Bağırovun əleyhinə danışıb. Arxivlərdə hər şey var. Bağırova donos verənlər sonra xalq şairi oldular. Süleyman Rüstəm iki il güney Azərbaycanda olub, dolaşıb o yurdu. Ürəyim yanır ki, indi Azərbaycanda ziyalılara baxış 37-ci ildən betərdir. Süleyman Rüstəm siyasət qurbanı olmayıb, sifarişlə yazmayıb.

E.Astanbəyli:

- Hörmətli tədqiqatçımızın dediyindən belə başa düşdüm ki, 1930-cu illərdə Bağırov tarzəni, müğənnini də qoruyub, yazıçını da, şairi də, rəssamı da. Məşhur söz var: “Sən vurmadın, mən yıxılmadım”. Yaxşı bu qədər adamlar hara getdi? Hələ yüzlərlə, minlərlə güllələnən, sürgün edilən sadə azərbaycanlını qoyuram qırağa. Yüzlərlə ziyalının taleyindən söhbət gedir. O dövrün hadisələrinə şişirtmə demək... Hüseyn Cavid şişirtmədir? Və yaxud Yusif Vəzirin, Vəli Xuluflunun aqibəti şişirtmədir? Mircəfər hamını qoruyurdu deyə belə vəziyyət yaranmışdı? Sonuncu azərbaycanlının da başına güllə çaxılmalıydı? Biz bəlli müddətdən sonra hamıya bəraət qazandırırıq… 1937-ci ildə baş verənlərə, xüsusən də ədəbiyyatda baş verənlərə qiymət verilməlidir. Repressiyaların baş ruporu Yazıçılar Birliyi olub və o, üzr istəməlidir. Bundan sonra Süleyman Rüstəm, Səməd Vurğun haqqında da rahat danışmaq mümkün olacaq. Bu zaman Azərbaycan ədəbiyyatının vicdanı rahatlayacaq, bu gün o vicdan ləkəlidir.

S.Aruz:

- Üzrə ehtiyac yoxdur. Azərbaycan dövləti, ziyalılar, AYB rəhbərləri bu haqda kifayət qədər fikirlərini bildiriblər. O dövrü tədqiqatçılar araşdırmalıdırlar. İndi sadəcə gələcəyə baxmaq lazımdır.

tam izlə
XS
SM
MD
LG