Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:46

Qadının dadı: yoxluğundan çoxluğunacan


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-

...Təxəyyül məhsulu olan bir mətnin müəllifinin o əsərdəki “yerini, izlərini” axtarmaq, mətndəki əsas iştirakçının, yaxud ayrı-ayrı xarakterlərin arxasında yazıçının özünü “tapıb ifşa etməyə” çalışmaq ədəbi təhlildən, estetik dəyərləndirmədən çox-çox uzaq münasibətdir.

...“İntihar hörüyü”nün baş fiquru üçün təxminən belə bir diaqnoz müəyyənləşdirmək mümkündür: Kəskin tutmalarla müşayiət olunan anadangəlmə, ömürlük qadın çatışmazlığı sindromu...


Seyfəddin Hüseynli bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Seyfəddin Hüseynli


QADININ DADI: YOXLUĞUNDAN ÇOXLUĞUNACAN


“...Öylə divanəliyə düşdü könül kim, dildar
Salsa gər boynuna həm zülfi-kəməndin, yenəməz.
Qaça bilməz dili-divanə saçın qeydindən,
Netsin ol vəhşi, ayağındakı bəndin yenəməz...”

Füzuli


2013-ün MKM-indən dərhal sonraydı, narazı iştirakçılardan biri - yanında da dostları, azarkeşləri - müsabiqədən, təşkilatçılardan, münsiflərdən olan narazılığını, şikayətini bu yarışmada “İntihar hörüyü” kitabı ilə mükafat qazanmış Şəhriyar del Geraninin başında çatlatmaq istəyirdi.

Şifahi narazılığı, giley-güzarı yazılı şikayətə çevirmiş, ərinməz-ərinməz, ona da sırf statistik məzmunda elektron material – “İntihar hörüyü”ndəki həmin o “anti-mental duyğular, asi davranışlar, qeyri-ənənəvi düşüncələr, bol-bol seks, zorakılıq epizodları, “ayıbın o tayı”na adlayan leksikon”la bağlı nümunələrin toplandığı bir fayl qoşmuşdular.

“Milli əxlaqa zidd olan, mənəvi dəyərləri tapdalayan belə bir sicilləməni yazmaqla müəllifin əslində öz kimliyini, çirkin xislətini, iyrənc əməllərini çoxdan açıb ortaya qoyduğunu” bəyan edirdilər orda.

“Hamını özü kimi bilib müqəddəs dəyərlərə, qıza-qadına sataşmaq”dan tutmuş, “söyüş yığını düzəldib, dilimizin saflığını pozmaq” da daxil, cürbəcür ittihamlar vardı həmin şikayətdə. “Harayacan desən getmək” niyyətindəydilər.

Kimsə araya düşüb təsirli, ağlabatan nələrsə dedi, yoxsa vaxt ötdükcə acıqlarımı soyudu, hər necə oldusa, sonradan bu işin başını buraxdılar. Ancaq hər halda, “əsaslı” bəhanə də vardı ortada, ciddi niyyət də, qəti qərar da.

Ən vacibi isə bu idi ki, onlar - bəlkə hələ bilinməyən bir çox başqaları da – öz narazılıqlarının arxasını, birinci növbədə, “ədəbi tənqid, bədii dəyərləndirmə” mövqeyinə dayayırdılar. Halbuki...

* * *

...Təxəyyül məhsulu olan bir mətnin müəllifinin o əsərdəki “yerini, izlərini” axtarmaq, mətndəki əsas iştirakçının, yaxud ayrı-ayrı xarakterlərin arxasında yazıçının özünü “tapıb ifşa etməyə” çalışmaq ədəbi təhlildən, estetik dəyərləndirmədən çox-çox uzaq münasibətdir.

Bəyana çəkdiyi hər mətləbdə, daha çox da əsərinin ən fəal iştirakçısının fikirlərində, davranışlarında müəllifin özündən nələrsə sezmək cəhdləri gülünc niyyətdir, bu işin təbiətinə ziddir.

Dünyanın mühüm bir kəsimi ədəbi təhlil müstəvisində əsərlə müəllif arasındakı asılılığı çoxdan birincinin xeyrinə həll edib.

Postmodern dedikləri anlayış ədəbiyyatda oturuşandan bəri - əlli il olar ki, oralarda hansısa mətn ortaya çıxandan sonra onun təhlilinə, tənqidinə girişən kimsələr dünyasında “müəllifi ifşa etmək” niyyəti ilə yazının altını üstünə çevirməzlər.

Çünki onların “yarım əsrlik inanc”ına görə, əgər mətn ortadadırsa, deməli, artıq müəllif “ölmüş” olmalıdır, onluq bir iş qalmayıb yəni.
Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Ancaq ədəbiyyatı inkişafda olan bəzi ölkələrdə, məsələn, ən yaxınımızda - Türkiyənin özündə də, görünür, bu məsələ sonacan həllini tapmayıb. Belə olmasaydı, nüfuzlu ədəbiyyatşünas, tanınmış esseist və tərcüməçi Ahmet Cemal yeni kitabındakı esselərdən birini, yana-yana, sırf bu mövzuya həsr etməzdi. Ustad yerli-yerində vurğulayır ki, qurub-yaratdığı hər bir bədii mətndə müəllifin özündən, heç şübhəsiz, nələrsə var. Bunsuz olmaz, ola bilməz... Çünki həmin mətndəki situasiyalar, düşüncələr, davranışlar son nəticədə müəllifin dünyaya, həyata, insanlara baxışının fərqli rakurslardan gerçəkləşən təzahürləridir. Ancaq mətnlərin təhlilində, ilk növbədə əsas iştirakçının üzərinə gələndə müəllifin bioqrafiyasını hədəf seçmək, təsvirə çəkilən hadisələri, toxunulan mətləbləri, təqdim olunan düşüncələri, davranışları mütləq yazıçının tərcümeyi-halı, xarakteri, şəxsi keyfiyyətləri ilə üzvi əlaqədə araşdırmaq kökündən yanlışdır. Üstəlik, belə bir yanaşmanın mətnin bədii-estetik yöndən qiymətləndirilməsinə dəxli yoxdur. Di gəl ki, gerçəkliyə baxılanda bunun tamam tərsi müşahidə olunur...

* * *

...Elə bizdə də vəziyyət bundan fərqli deyil. Romançılığın son illər böyük sürət, geniş çap qazandığı, “öz romanını yaz” devizinin yayğınlaşdığı, mühitin lokallığı üzündən yazarlarla oxucular arasında sərhədlərin son dərəcə şəffaflaşdığı, əslində onların iç-içə var olduğu ölkəmizdə də bu məsələ artıq ciddi ədəbi problem mövqeyindədir.

Keçmişdəki yazıçılara münasibətdə bu yanaşmanı “bioqrafik araşdırma cəhdi” deyib ötüşdürmək olsa da, müasir müəlliflərin mətnləri təhlil-tənqid predmeti kimi götürüləndə məlum üsul bütün yarıtmazlığı ilə özünü göstərir.

İllah da müəllif əsərin məzmununa qeyri-ordinar, qıcıq doğuran, qalmaqala səbəb olacaq məqamlar yükləyibsə, işin cazibəsi lap güclənir.

Guya özü-özünü “ələ verdiyi” üçün müəllifin əxlaqı, dünyagörüşü barədə ehkam kəsmək xeyli asanlaşır.

Xalis xəfiyyə, detektiv tərzincə mühakimə yürüdülür.

Əlverişli mühitdə, münbit şəraitdə bu cizgilərin qabardılması mətnin – xüsusən dil, üslub, ideya planındakı – gerçək məziyyətlərini o dərəcədə kölgələyə bilir ki, yazdıqları müəllif üçün elə ilk abzaslardanca əməlli-başlı ittiham aktına dönür.

Bununla müəllifin əsas iki nöqtədən zərbə yemək ehtimalı var: əgər mətndə “faş olunanlar” həm gerçəkdirsə, həm də yazıçının “özününküdürsə”, onun mənəvi siması, şəxsiyyəti, etibarı zədələnər; yox, əgər mətndəki məlum məqamlar həqiqətdən də, müəllifdən də çox-çox uzaqdırsa, bu dəfə əsər “saxta, uydurma”, onu yazan isə “saxtakar, oyunbaz” kimi damğalanar...

* * *

...Bir halda ki, məzmununa asi davranışlar, qeyri-ənənəvi düşüncələr, bol-bol seks, zorakılıq epizodları, bir sözlə, növbənöv anti-mentallıqlar yükləndiyi, leksikonunun “ayıbın o tayı”na adladığı ilk baxışdanca göz çıxarır, deməli, “İntihar hörüyü”nün də “məlum” mətnlərin cərgəsinə qatılması, onun müəllifinin də “adıbəlli” yazarlar sırasına itələnməsi qaşla göz arasındadır.

Məsələnin ən xatalı tərəfi isə, sözsüz ki, “İntihar hörüyü”nün qadın, qadınlıq mövzusuyla birbaşa bağlılığıdır. Daha dəqiqi, müəllifin bu mövzuya – məzmunundan, xarakterindən, səviyyəsindən, keyfiyyətindən asılı olmadan – fərqli, həm də dedikcə cığal, nadinc yanaşma tərzi sərgiləməsidir.

O baxımdan, Floberin məşhur “Madam Bovari mən özüməm” deyimini hərfən anlamağa meylli mühitdə “İntihar hörüyü”nün ucunun haralara ilişəcəyini lap ötəricə təsəvvür etmək də ciddi məyusluq törədir...

* * *

“İntihar hörüyü”nə ümumilikdə eklektika hakim olsa da, mətn postmodernə xas bir xeyli aşkar əlamət daşıyır özündə.

İdeya-məzmun planında “Min bir gecə” nağıllarından “Yeddi gözəl”ə, “Dekameron”dan “Parfümer”ə qədər bir çox məşhur mətnlərlə bağlantılar sezilir. Selincerlə (“Çovdarlıqda...”) Kamünün (“Yad”) məşhur qəhrəmanlarının təsirinə isə həm leksikon, həm də düşüncə tərzi müstəvisində rast gəlinir. Ələlxüsus, qadına, sevgiliyə, anaya münasibətin ifadəsi baxımından.

Forma (anti-struktur) planında isə, görünən, bilinən qədəri ilə, postmodernə bağlılığın üzdə olan “xatirat, gündəlik tapmaq variantı”, “mətn içində mətn”, “kriminal hekayət”, “dil oyunları” kimi təzahürlərindən danışmaq mümkündür.

Qadın faktorunun önə çıxarıldığı, mərkəzə çəkildiyi “çəhrayı roman” tipinə xas mətnlərdəki qədər olmasa da, sevgi-ehtiras-həsrət-qısqanclıq-mübarizə-göz yaşları kimi vacib atributlar “İntihar hörüyü”nə gen-bol səpələnib.

Qadın amili burada, əsas iştirakçı qismində olmasa da, bütövlükdə fenomen kimi, məfhum, anlayış kimi əslində elə mərkəzdədir, ön plandadır, ümumən mətnin hər yerindədir.

“İntihar hörüyü”ndə baş verənlərin təkan mənbəyi də, mühərriki də Qadındır, yaxud Qadınsızlıqdır. Qadın öz varlığıyla da, yoxluğuyla da bu mətnin açar ismidir.

Elə buradanca mətnin təhlili üçün vacib olan daha iki meyara - həm sosial, həm də psixoloji aspektə keçid açılır. Romanın adı da onu mütləq bu iki prizmadan təhlilə çəkməyi tələb edir. Ən azı ona görə ki, intiharın ayaqları sosial səbəblərin üstündədirsə, boynu-başı da psixoloji faktorların ilgəyindədir. Hörük də ki, məlum: köhnələrin təbirincə, dövri-qədimdən indiyə uzanan tövqi-lənətdir...

* * *

...Uzunsaçlının ağlı ilə ahı haqqında mental düşüncə əsasən bu formatda daşlaşıb: ağlı topuğunda olsa da, ahı yerdə qalmaz!

Bu düşüncəni rəhbər tutanda, belə çıxır ki, ağlına – zövqünə, səviyyəsinə, insanlığına şübhəylə, bundan da ötə hikkəylə, hiddətlə yanaşdığı Uzunsaçlıların ahı tutur “İntihar hörüyü”nün baş fiqurunu.

Mətn boyu, Nənəsini kənara qoymaq şərtilə, bütün qadınlara qarşı kəskin aqressiya, hədsiz acıq var onda. Menopauzaya girməmiş hər bir qız-qadının əlindən zəncir çeynəyir Samral.

Bu münasibət, əslində münasibətsizlik mətndə kifayət qədər kinematoqrafik bir təqdimatda verilib. Həm də bütün planlarda: önlü-ortalı-arxalı, yaxınlı-uzaqlı, əsaslı-fonlu, hamısında. Samralın nəzərində qadının sosial statusunun, cəmiyyətdəki mövqeyinin koordinatları təxminən belədir: yuxarı nöqtədə Tinto Brassın “sinyora”larıdır, aşağda Şahin K-nın “karıcık”ları. Zorlamadan intihara, söyüşdən dava-dalaşa qədər sıralanan sərt realizm epizodlarına, aksiyon tipli qarmaqarışıq elementlərə görə isə “İntihar hörüyü”ndə Tarantino filmlərinin havası dalğalanır.

Bütün bunlar, mənşə-mahiyyət etibarilə, psixi patologiyanın, nevrozun adi əlamətləri, psixin, nevrotikin gündəlik yaşamının, məişətinin gündəlik təzahürləridir...

* * *

...Freydin işinə müdaxilə kimi çıxmasın, “İntihar hörüyü”nün baş fiquru üçün təxminən belə bir diaqnoz müəyyənləşdirmək mümkündür: Kəskin tutmalarla müşayiət olunan anadangəlmə, ömürlük qadın çatışmazlığı sindromu...

Anadangəlmə!

Ömürlük!

Çünki Samralın taleyində yeri ömürlük boş buraxılan ilk - həm də vacibdən vacib - qadın öz anasıdır!

Onun xroniki qadın defisitinin təməlində anasızlıq dayanır! Sonra da Sara! Mətn boyu Samralda üzə çıxan bütün qadınsızlıq simptomları buradan qaynaqlanır, nəticəsi də bariz psixi patologiya, kəskin nevroz, hətta maniakal-depressiv psixoz... Samralın seksə münasibəti, seksual obyekt kimi seçdiyi qadınlarla rəftarı, elə bil ki, Mişel Fukonun bəlli tezisini doğrulamaq, duruya çıxarmaq üçün düşünülüb: bütün diqqətini seksual təcrübəyə yönəldən, onun fərqli təzahürləri üzərində cəmləyən adam, istər-istəməz, şəhvət hissini, həzz duyğusunu incəliklərinəcən öyrənməyə, dadmağa can atır, bunu davamlı məşuliyyətə çevirməyə məcbur olur.

Qadınsızlığın, qadın təşnəliyinin ya açıq, birbaşa, ya da dolayı ifadə edildiyi, məhəbbətlə nifrətin sərhədlərinin bilinməz-sezilməz olduğu bəlkə onlarla cümlə var “İntihar hörüyü”ndə:

...Əsəb... Hardan idi o əsəb? Yəqin ana südüylə qidalanmamağın nəticəsiydi. Ana südündə sakitləşdirici nələrsə var, əlbət...

...Sən heç bilirsənmi aylarla qadın səsi eşitməmək necə olur?..

...Sara mənim bütün qadınlarda axtardığım, hər yataqda xatırladığım qadınımdı...

...Hər qadını o birində unuduram, o birini digərində...

...Yaylığı alıb gözünü sildi. Yalnız indi ürkək sızıltısını eşidə bildim. Qadınlar belə də ağlaya bilərmiş... İlk dəfə diz çökmək istədim kiminsə qarşısında...


Sonuncu cümlələr lap şeir misraları kimi səslənir. Təsadüfi effekt deyil...

* * *

...İlk irihəcmli nəsr təcrübəsi olan “İntihar hörüyü”nü müəllif hələ poeziyadan prozaya keçid mərhələsində yazıb. Bundan əvvəl - hələ heç poeziyada da düz-əməlli boy göstərmədiyi vaxtlarda, dalbadal yazıb alındırdığı hekayələrlə müsabiqələrə qatılmışdı.

Həmin hekayələrdə bir tərəfdən müəllifin düşüncə-dil müstəvisində şeir stixiyasına bağlılığı aşkar bilinirdisə, bir tərəfdən də yığcam janrın imkanlarını zora salan polifoniklik, çoxxətlilik, rakurs genişliyi onun tezliklə nəsrdə daha irihəcmli mətnlərə əl atacağından xəbər verirdi.

Odur ki, “İntihar hörüyü”nün prozaik axarına hərdən-hərdən calanan poetik ahəng, məzmundakı bütün sərtliyə rəğmən, müəllifin arada mətnə qatdığı lirik-sentimental ovqat hardasa başadüşüləndir. Bu duallıq mətnin adında da, məğzində də doğrulur: İntiharın sərt, prozaik məntiqinin önünə öz həlim, poetik mahiyyəti ilə Hörük çıxır. Hörük...

Dünya insan övladına yuva olandan bəri həm başa bəla, həm dərdə dəva sayılan hörük...

Gündüzü gecəyə, aslanı cücəyə döndərən hörük...

İftixara da yarayır, intihara da...

* * *

...Görünür, “İntihar hörüyü”ndə necə bir “qazan qaynatdığını” yarıintuitiv-yarırasional anladığı üçün müəllif kitabın “Son”undan sonraya belə bir arayış həkk edib:

“Düşünürəm, romanda məni çox yerdə görənlər oldu. Əlbəttə, yaxından tanıyanlar (?! – S.H.) bu gümana düşdülər... Mənsə etiraf edirəm: bu romanda heç bir yerdə mən yoxam. Əvəzində, bütün obrazları... yaxından-uzaqdan tanıyıram”.
XS
SM
MD
LG