Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:40

Kirayəhaqqı ödə, mənzil sahibi ol...


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda 200-300 manat maaşla ev almağı ağıllarına belə gətirməyənləri hökumət sevindirə bilər. Necə? Türkiyənin və ya Qazaxıstanın ipoteka modelini Azərbaycanda gerçəkləşdirərsə.

Məsələ bundadır ki, sentyabrın 6-da Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, yeni ipoteka proqramı hazırlanıb və bu proqramı yaxın vaxtlarda hökumətə təqdim edəcəklər.

Onun fikrincə, beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstanın təcrübəsinə əsaslanmağa dəyər. Yəni, özəl sektorla dövlətin tərəfdaşlığı əsasında qənaətli və rahat ev tikmək və sonra da sosial ipotekadan yararlanıb əhaliyə vermək olar.

25-30 İLƏ AYDA 90-95 MANAT

İqtisadçı Natiq Cəfərli də ipoteka sahəsində Türkiyə təcrübəsini bəyənir:

«Dövlət nəzarəti altında «toplu konut» idarəsi var. Qısaca TOKİ adlanır. Dövlət bu quruma şəhərin ucuz bölgələrində pulsuz torpaq ayırır və beləcə, kiçiksahəli mənzillər tikilir (əsasən, «Xruşşov evləri»nə bənzər və bütövlükdə keçmiş sovet standartlarına uyğun mənzillərdən söhbət gedir – red.). Bu mənzillər pulu 25-30 il müddətinə ödənmək şərtilə sakinlərə satılır. Aylıq ödənişlər aylıq kirayəhaqqından da ucuz olur. Müddət bitəndən sonra sakinlər həmin evin tamhüquqlu sahibinə çevrilirlər. İstanbulda qiymətlər bir az fərqli olsa da, başqa bölgələrdə, məsələn, Anadolu şəhərlərində bizim pula çevirdikdə ayda təxminən 90-95 manat ödəməklə ikiotaqlı mənzil sahibinə çevrilmək mümkündür. Bu, praktikada özünü doğruldub».

Natiq Cəfərli
Natiq Cəfərli
Mustafa Abbasov ayda 400 manat maaş alır. Deyir ki, dəfələrlə ipoteka ilə ev almağa cəhd göstərsə də, mümkün olmayıb. Dediyinə görə, ayda 100-150 manat ödəməklə o da mənzil sahibi ola bilərdi:

«Belə şey olsa, sevinərdim. Bu cür ipoteka mənim kimi kasıb oğlanlara çox əlverişlidir».

«AYRILAN VƏSAİT MƏNİMSƏNƏCƏKSƏ...»

Natiq Cəfərli ona diqqət çəkir ki, Türkiyədə həmin işə nəzarət çox ciddidir və bu sahədə korrupsiya, demək olar, sıfır səviyyəsindədir. Parlament də, bələdiyyələr də ipoteka ilə tikilən evlərə göz qoyur. İqtisadçı Azərbaycanda bu sistemin özünü doğrultmasından bir qədər narahatdır:

«Bu sahə də korrupsiyaya bulaşacaqsa, ayrılan vəsait mənimsənəcəksə, effekt azalacaq. Amma dövlətin sərt nəzarəti ilə ciddi sistem qurula bilər. Azərbaycanda da 300-400 min ailənin, xüsusən gənclərin evə ehtiyacı var. Belə proqramın böyük yardımı çata bilər. Amma dediyim kimi, digər proqramlar kimi bu da korrupsiyaya bulaşarsa, effektivlik aşağı düşər».

Əli Məsimli
Əli Məsimli
Deputat Əli Məsimlinin fikrincə, korrupsiya bütün postsovet məkanında baş alıb gedir. Bu amil nəzərə alınsa, gərək heç bir addım atmayasan. O, Azərbaycanda ipoteka kreditlərinin verilməsini yüksək qiymətləndirir və son 7 ildə hökumətin sosial ipotekaya təxminən 500 milyon manat ayırdığını da yada salır. Bununla belə, deputat ölkədə ipotekanın hələ də hamıya əlçatan olmadığını söyləyir və hökumətə bəzi təkliflər verdiyini söyləyir:

«Əvvəlcə ipoteka faizləri aşağı salınmalıdır. Adi ipotekanı 8 faizdən 4-5 faizə, sosial ipotekanı 4 faizdən 2 faizə endirmək olar. İpoteka məbləğinin artırılması da zəruridir. Bəzən, ilkin ödəniş məbləği daha böyük problemə çevrilir. Ona görə ilkin ödəniş ləğv edilməlidir. Növbəti mərhələdə tək Bakıda yox, Gəncədə, Sumqayıtda, Şəkidə və başqa şəhərlərdə ipotekadan yararlanmaq imkanı yaradılmalıdır. İpoteka bölgələrdə də yayılmalı, dövlət gənc ailələrə vəsait ayırıb, mənzil tikməlidir. Ehtiyacı olanlar ayda 60-70 manat ödəməklə ev problemini çözə bilərlər. Elə bil kirayə qalırlar. Krediti 200-250 manat maaşa uyğun kirayəhaqqı kimi ödəmək mümkündür».

Deputat problemin həllini belə görür. Mərkəzi Bankın çözümü nədə görməsi, hansı təklifləri hazırlaması və hökumətin bu təklifləri bəyənib-bəyənməməsi, hələlik, cavabı bilinməyən suallardır.
XS
SM
MD
LG